media-6db867b9-1122-4599-959a-430456337f31

media-photo_5463144451887795364_m

  • Rəsul Mirhəşimli

İnsan müəyyən yaşdan sonra daha çox keçmişə boylanar, xatirələrlə yaşayar. Bu xatirələrin böyük hissəsi isə uşaqlıq illərinin həsrəti ilə dolu olar. Bəs insan niyə bir vaxtdan sonra gələcəyə baxmaq istəməz? Çünki irəliyə baxanda üfüqdə yalnız qürubu görər.

Uşaqlıq isə üfüq deyildi… Uşaqlıq məktəbdə yay tətili başlayan kimi doğma kəndimizə gedəcəyimizi iplə çəkməyimiz idi. Meşə çiyələyini uzaqdan ətrindən tanımağımızdı. Buz kimi bulaqların gözündə əlimizi ən çox suda saxlaya bilməyimizin yarışları idi. Göyrüş ağacının budağından lülə kimi kəsib içini alça ilə doldurub, közdə o alçaları o ağac qabığının rütubəti ilə bişirməyimizdi.

Bəzən duman gəlib kəndin ətrafındakı dağları sarar, ardınca ən azı bir həftə sürən yay yağmuru başlayardı. Havanın belə dəyişməsi ovqatımızı korlayar, açıq havada əyləncə imkanlarımızı əlimizdən alardı. Bu dəfə əyləncələrimizi yayda belə evlərdən sökülüb çıxarılmayan odun sobalarının ətrafına köçürərdik. Sobanın üzərinə kartof dilimləyib düzər, bizim dövrümüzün “çipsilərini” bişirərdik. Hər şey təbii, hər kəs riyadan uzaq…

İllər keçir. İnsan böyüyür, amma içindəki o uşaq heç vaxt tam böyümür. Sadəcə susur. Hərdən köhnə bir mahnıda, saralmış bir fotoda, ya da tanış bir qoxuda yenidən oyanır. O an anlayırsan ki, bəzi günlər yaşanıb bitmir, insanın içində ömür boyu davam edir.

Bəlkə də insanın keçmişə dönə-dönə baxmasının səbəbi budur. Çünki keçmişdə onu həqiqətən sevən insanlar, saf hisslər və itirilməmiş ümidlər yaşayır.

İnsan yaşlandıqca anlayır ki, ömrün ən qiymətli anları böyük uğurlar deyilmiş. Ən qiymətli olanlar bir yay axşamı doğma kəndin aralığında toplanıb oturmaq, kəndi başına götürən səs-küyün arasında itmək imiş. İndi isə o günlərdən geriyə sadəcə xatirələr qalır.

Bir yaşdan sonra insan çox yorulur həm də. Məşhur bir deyimdəki kimi:
Yoruldum…

Məzarlığa gedib, “bir az yana çəkil, mən gəldim”, deməyim gəlir, Ana!


media-adspc

Bənzər xəbərlər