media-572895_04

media-ac30db9e-862e-47e8-afd1-80c01bae34d2

Rəsul Mirhəşimli

Azərbaycan saz sənətinin elə havaları var ki, onlar təkcə musiqi deyil, bir xalqın yaddaşı, həyat tərzi və ruhudur. Bu havaların hər biri özündə müəyyən bir ovqat, yaşanmış bir tale, unudulmayan bir xatirə daşıyır. Onların arasında “Dilqəmi” saz havası xüsusi yer tutur. Bu hava təkcə dinlənilmir, yaşanılır. O, insanın daxilində gizlənən duyğuları oyadır, illərlə qəlbin dərinliyində susan xatirələri danışdırır, bəzən də sözün aciz qaldığı hissləri sazın simlərinə köçürür.

“Dilqəmi”ni dinləyərkən insan sanki öz ömrünün müxtəlif dayanacaqlarını bir-bir dolaşır. Hər pərdədə ötüb keçən illərin səsi, hər avazda uşaqlığın qoxusu, hər kövrək keçiddə ayrılığın sükutu duyulur. Bu hava insanı kədərləndirmir, əksinə, kədərin içində qəribə bir rahatlıq yaradır. Çünki insan anlayır ki, bu nisgil yalnız ona məxsus deyil, yurdunu sevən, köç yollarını tanıyan, uşaqlığını dağların qoynunda qoyub böyüyən hər kəsin nisgilidir.

“Dilqəmi” qəlbdəki kədəri dilə gətirməyin havası, yaxud dilə gətirilə bilməyib simlərə köçən haraydır. Bu havada bir köç nisgili var. Bu nisgil nədənsə uşaqlıq xatirələrinin köç yerindən ayrılığını ifadə edir. Sevinə-sevinə getdiyin yaylağın buz bulaqlarında qalan uşaqlığını yaşadır bu hava. Sən köçərsən, ardında ayrılmaq istəmədiyin dağ çayı, çəmənlərində çiçəklərin ləçəklərinə hopmuş zümzümələr qalar. Köç geri dönəndə hiss edərsən ki, uşaqlığından bir az da ayrılmısan, amma heç böyümək istəməzsən.

Bu duyğular təkcə keçmişin xatırlanması deyil. Burada insanın zamanla apardığı səssiz söhbət var. İllər ötür, yollar dəyişir, insanlar dəyişir, lakin yaddaşın ən saf guşəsində həmişə bir yaylaq qalır. Orada bulaqlar əvvəlki kimi çağlayır, yay fəslinin həzin mehi eyni sərinliyi gətirir, çiçəklər əvvəlki rəngində açır. Dəyişən yalnız insandır. Məhz buna görə “Dilqəmi” insanı kövrəldir. Çünki o, geri qaytarılması mümkün olmayan zamanın səsini səsləndirir.

Təzanə “Dilqəmi” havası üstə sazın simlərinə toxunduqca hər pərdədə bir həsrət dolaşar. Gələn il dönəcəyin yaylaqda bu il gördüklərini bir də görə biləcəksənmi? Sən gedərsən, könlün o yerlərdə qalar. Sən böyüyərsən, arzuların uşaq kimi çılğınlığını yaşayar. Bu çılğınlıq içində bir üzüyola uşaq boylanar.

Həmin uşaq heç vaxt böyümür. O, insanın yaddaşında daim yaylaq yolları ilə qaçır, dağ çaylarının səsində gülür, çiçək yığır, axşamlar evlərdən yayda da sökülüb çıxarılmayan sobada yanan odun qoxusuna qarışan söhbətləri dinləyir. Böyüyən yalnız bədəndir. Ruh isə hər dəfə “Dilqəmi” səslənəndə yenidən o uşaq olur. Elə buna görə də bu hava insanı həm sevindirir, həm də kövrəldir. Çünki o, itirilmiş uşaqlığın geri dönməyəcəyini xatırladır.

Yay axşamlarında kənddə hər gün bir evə toplaşan insanların keçmişdən danışdıqları duzlu-məzəli əhvalatlar yaylaq ahəngini bir xalı kimi ayaqlar altına salar. Hər ilməsində bir xatirə, hər çeşnisində gələcəyin necə olacağını düşünmədən keçmişə uzanan xəyallar toplanar. Bu xatirələri toplayıb yola düşərsən. Bilirsən ki, getdiyin yerdə bu xatirələrin şirinliyini, məhrəmliyini səndən başqa kimsə anlaya, ləzzətini duya bilməyəcək. “Dilqəmi”ni hər kəsin anlaya bilmədiyi kimi… Amma buna baxmayaraq, o şirin xatirələri yenə danışacaqsan.

Bu xatirələr insanın mənəvi sərvətidir. Onlar nə satılır, nə də unudulur. Hər dəfə danışıldıqca bir az da dirilir, bir az da canlanır. Elə “Dilqəmi”nin sirri də bundadır. O, keçmişi sadəcə yada salmır, onu yenidən yaşadır. Dinləyən insan sazın səsində öz ömrünün izlərini tapır. Bəzən uşaqlığını, bəzən ata ocağını, bəzən də çoxdan görüşmədiyi insanları xatırlayır.

“Dilqəmi” ruhu yaylaqda ilişib qalanların havasıdı. Üzərinə gah duman çökər, gah yay fəslinin bir neçə gün davam edəcək yağmurunu gətirən buludlar alar, gah da yağışdan sonra Günəş çıxıb ruhunu oxşayar. “Dilqəmi”nin ürəyin qəmi ilə könlünü oxşadığı kimi…

Bu hava təbiətin özü qədər canlıdır. O, gah duman kimi insanın ruhuna enir, gah yağış kimi gözlərdə damcılanır, gah da Günəş kimi könlü isidir. Onun hüznü ümidsizlik deyil, əksinə, insanı yaşadıqlarına daha möhkəm bağlayan, keçmişini daha dərindən sevdirməyi bacaran bir hüzndür. “Dilqəmi” insanı qəm içində boğmur, qəmin ahəngində insanı saflaşdırır.

Sazın səsi əsrlər boyu Azərbaycan insanının dərdinə, sevincinə, ayrılığına və qovuşmasına yoldaş olub. “Dilqəmi” isə bu havaların içində bəlkə də ən kövrək olanıdır. Çünki bu havanın hər pərdəsində bir köç yolu, hər avazında bir yaylaq, bir uşaqlıq xatirəsi yaşayır. O, insanın özünə qayıdış yoludur.

Bəlkə də buna görə “Dilqəmi”ni dinləyəndə insan heç nə danışmaq istəmir. Sadəcə susur. Çünki bəzi hisslər sözə çevriləndə kiçilir. “Dilqəmi” isə sözdən böyükdür. O, sazın dilində danışan xatirədir, yaddaşdır, köçdür, ayrılıqdır, uşaqlıqdır. Və ən əsası, insanın ömrü boyu içində yaşatdığı, lakin heç vaxt tam ifadə edə bilmədiyi nisgilin səsidir.


media-adspc

Bənzər xəbərlər