40 günlük müharibənin nəticələri: Müvəqqəti sabitlik, yoxsa yeni mərhələnin başlanğıcı?
ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsində Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəsin əldə olunması müsbət hadisə kimi qiymətləndirilir.
Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında bildirib ki, məhz Pakistanın səyləri nəticəsində tərəflər hərbi əməliyyatlar əvəzinə danışıqlar masasına üstünlük veriblər.
Onun sözlərinə görə, əvvəlcə qarşılıqlı hədə-qorxular və sərt bəyanatlarla müşayiət olunan proses sonradan konkret təkliflər paketinin müzakirəsi barədə razılaşma ilə əvəz olunub. Bununla belə, sabiq deputat hesab edir ki, tərəflər arasında psixoloji gərginlik hələ uzun müddət davam edəcək və bu, atəşkəsin davamlılığına birbaşa təsir göstərə bilər.
Q.Əlibəyli vurğulayıb ki, bu müharibə yalnız geosiyasi və iqtisadi maraqların deyil, eyni zamanda müxtəlif dünyagörüşlərinin toqquşmasıdır. Onun fikrincə, atəşkəs münaqişənin tam başa çatması anlamına gəlmir.
Sabiq deputat ABŞ-ın müharibəyə “Böyük Amerika” təfəkkürü ilə qoşulduğunu bildirib. O qeyd edib ki, bu yanaşma dünyanın müxtəlif regionlarını ABŞ-ın həyati maraq zonası kimi qəbul etmək və digər dövlətləri nəzarətdə saxlamaq iddiasına əsaslanır. Q.Əlibəylinin sözlərinə görə, əvvəlcə iqtisadi alətlərə üstünlük verən Tramp administrasiyası sonradan hüquqi maneələr və qarşılıqlı addımlar səbəbindən istədiyi nəticəni əldə edə bilməyib və hərbi güc mexanizmini işə salıb. Bu kontekstdə Venesuela və İranın hədəfə çevrildiyi qeyd olunur.
O əlavə edib ki, ABŞ-ın bu siyasəti yalnız geosiyasi deyil, həm də “alverçi təfəkkürü” ilə müşayiət olunur və enerji resursları üzərində nəzarət məqsədi daşıyır.
Q.Əlibəyli İsrailin mövqeyinə də toxunaraq bildirib ki, rəsmi Tel-Əvivin addımları zahirən özünümüdafiə instinkti ilə izah edilsə də, əslində “Böyük İsrail” ideyasına söykənir. Onun fikrincə, İsrail regionda güclü dövlətlərin mövcudluğunu istəmir və bu baxımdan İran və Türkiyəyə münasibəti formalaşır.
Sabiq deputat qeyd edib ki, mətbuatda tez-tez müzakirə olunan və şərti olaraq “yeni Orta Doğu” layihəsi adlandırılan plan çərçivəsində regionda yeni kürd dövlətinin yaradılması ehtimalı da diqqət mərkəzindədir. Bu ssenarinin reallaşacağı təqdirdə Türkiyənin Azərbaycan və Mərkəzi Asiya ilə birbaşa əlaqələrinin kəsilə biləcəyi vurğulanır.
İranın mövqeyinə gəldikdə isə, Q.Əlibəyli bildirib ki, müharibə bu ölkə tərəfindən başlanmasa da, onun siyasi sistemində mövcud olan “hibrid təfəkkür” də vəziyyətin gərginləşməsində rol oynayıb. O, İranın regiona yanaşmasını, daxili siyasətdə sərt metodları və bəzi ideoloji mövqelərini bu kontekstdə qiymətləndirib.
Sonda sabiq deputat qeyd edib ki, 40 gün davam edən müharibə təkcə İrana deyil, İsrailə və ümumilikdə regiona ciddi dağıntılar, insan itkiləri və iqtisadi problemlər gətirib. Bununla yanaşı, onun sözlərinə görə, bu proses bir reallığı üzə çıxarıb: ABŞ və İsrail gözlənildiyi qədər güclü, İran isə düşünüldüyü qədər zəif deyil.
Q.Əlibəyli əlavə edib ki, müharibə edən tərəflərin nə qazandığı və nə itirdiyi məsələsi ayrıca geniş təhlil tələb edən mövzudur.










