ABŞ Federal Ehtiyat Sistemi QƏRAR VERDİ
ABŞ Federal Ehtiyat Sistemi (FED) Birləşmiş Ştatların mərkəzi bankı funksiyalarını yerinə yetirən qurum olaraq aprelin 28-29-da keçirilən iki günlük iclasın yekunlarına əsasən faiz dərəcəsini illik 3,5-3,75 faiz səviyyəsində saxlayıb.
ERAmedia xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında bildirilib.
FED faiz dərəcəsini ardıcıl üçüncü dəfə dəyişməyib. Bu, Cerom Pauellin FED rəhbəri vəzifəsində səlahiyyət müddətinin başa çatmasına qədər keçirilən son iclas olub.
Tənzimləyici qeyd edib ki, son göstəricilər iqtisadi fəallığın inamlı templə artdığını göstərir. İş yerlərinin sayında artım aşağı səviyyədə qalır, son aylarda işsizlik səviyyəsi isə demək olar ki, dəyişməyib.
Məlumatda vurğulanıb ki, inflyasiya artır və bu, qismən dünya enerji qiymətlərinin son dövrdə bahalaşmasını əks etdirir.
FED həmçinin Yaxın Şərqdə baş verən hadisələrin iqtisadi proqnozlarla bağlı qeyri-müəyyənliyi artırdığı barədə xəbərdarlıq edib. Bununla yanaşı, qurum inflyasiyanı hədəflənən 2 faiz səviyyəsinə qaytarmaq niyyətini bir daha təsdiqləyib.









