media-az-rbaycan-az-rbaycan-qlobal-nnovasiya-ndeksind-9-pill-ir-lil-yibjpg-1790746220

Azərbaycan “Qlobal İnnovasiya İndeksi 2026”da 139 ölkə arasında 85-ci yerdə qərarlaşıb.

ERAmedia xəbər verir ki, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Azərbaycanın ötən illə müqayisədə 9 pillə irəliləməsini müsbət dinamika kimi qiymətləndirib.

Osman Gündüz bildirib ki, ötən il Azərbaycan eyni sayda ölkənin yer aldığı reytinqdə 94-cü olub və cəmi bir pillə irəliləmişdi. Onun sözlərinə görə, builki 9 pilləlik yüksəliş diqqətçəkən nəticədir.

İlkin icmal hesabatına əsasən, istiqamətlər üzrə Azərbaycanın göstəriciləri də fərqli dinamika nümayiş etdirib.

Belə ki, institutlar üzrə Azərbaycan 41-ci yerdən 36-cı yerə yüksəlib. Bu istiqamətdə 5 pilləlik irəliləyiş qeydə alınıb.

İnsan kapitalı və tədqiqat sahəsində isə ölkənin mövqeyi 88-ci yerdən 89-cu yerə geriləyib.

İnfrastruktur üzrə Azərbaycan 105-ci yerdən 87-ci yerə yüksələrək 18 pillə irəliləyib. Bazarın inkişaf səviyyəsi üzrə də 9 pilləlik artım qeydə alınıb və Azərbaycan 72-ci yerdən 63-cü pilləyə yüksəlib.

Ən nəzərəçarpan dəyişikliklərdən biri biznesin inkişaf səviyyəsi üzrə olub. Bu istiqamətdə Azərbaycan 111-ci yerdən 91-ci yerə qalxaraq 20 pillə irəliləyib.

Bilik və texnoloji nəticələr üzrə ölkə 110-cu yerdən 100-cü yerə yüksəlib. Yaradıcı nəticələr istiqamətində isə Azərbaycan 108-ci yerdən 110-cu yerə geriləyib.

Osman Gündüz qeyd edib ki, Azərbaycanın “Qlobal İnnovasiya İndeksi” üzrə son illərdəki mövqeyi belə olub: 2020-ci ildə 82-ci, 2021-ci ildə 80-ci, 2022-ci ildə 93-cü, 2023-cü ildə 89-cu, 2024-cü ildə 95-ci, 2025-ci ildə 94-cü, 2026-cı ildə isə 85-ci yer.

Onun sözlərinə görə, 2026-cı ildəki irəliləyiş müsbət göstərici olsa da, Azərbaycan hələ 2020-ci ildəki mövqeyini bərpa edə bilməyib.

“Bu həm də onu göstərir ki, digər ölkələr də innovasiya sahəsində öz mövqelərini gücləndirirlər”, – deyə Osman Gündüz vurğulayıb.

O bildirib ki, ötən il xüsusilə biznesin inkişaf səviyyəsində qeydə alınan 44 pilləlik geriləməni tənqid edib. Bu il həmin istiqamətdə 20 pilləlik irəliləyişin baş verməsi diqqətəlayiqdir.

Osman Gündüz infrastruktur, eləcə də bilik və texnoloji nəticələr üzrə göstəricilərdəki dəyişikliklərin də müsbət dinamika nümayiş etdirdiyini qeyd edib.

O əlavə edib ki, “Qlobal İnnovasiya İndeksi”nin indikatorları yalnız konkret innovasiyaları əhatə etmir. İndeks innovasiya və rəqəmsal sektor, elm və təhsil, iqtisadiyyat, əqli mülkiyyət, mədəniyyət, qanunvericilik və digər sahələr üzrə göstəriciləri də nəzərə alır.

“İndeks hazırlanarkən məlumatlar müxtəlif mənbələrdən əldə olunur və aidiyyəti indikatorlar üzrə qiymətləndirilərək yekun reytinq formalaşdırılır”, – deyə Multimedia Mərkəzinin direktoru bildirib.

Osman Gündüzün fikrincə, açıqlanan nəticələr Azərbaycanda müəyyən irəliləyişlərin olduğunu göstərsə də, bəzi istiqamətlər hələ də ciddi inkişaf potensialına malikdir.

Onun diqqət çəkdiyi əsas problemli istiqamətlər yaradıcı nəticələr – 110-cu yer, bilik və texnoloji nəticələr – 100-cü yer, biznesin inkişaf səviyyəsi – 91-ci yer, insan kapitalı və tədqiqat – 89-cu yerdir.

Multimedia Mərkəzinin direktoru hesab edir ki, cari ildəki 9 pilləlik irəliləyiş innovasiya sahəsində dinamikanın formalaşdığını göstərir.

O, həmçinin qeyd edib ki, son dövrdə sahə ilə bağlı qəbul edilən hüquqi-normativ sənədlər, ayrı-ayrı sektorlardakı dinamika və SABAH.City kimi iri innovativ şəhərciyin yaradılması istiqamətində görülən işlər hələ bu hesabatda tam şəkildə nəzərə alınmamış ola bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər