media-tramp3

ABŞ Prezidenti Donald Tramp ölkəsinin müxtəlif dövlətlərlə ticarətində idxal və ixrac arasındakı balansı dəyişdirməyə çalışır.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Trampın ticarət siyasətinin əsas istiqamətlərindən biri ABŞ-la əməkdaşlıq edən ölkələri ya Amerikadan daha çox məhsul almağa, ya da ABŞ-a sərmayə yatırmağa sövq etməkdir.

Onun sözlərinə görə, əgər hər hansı ölkə ilə ticarətdə balans ABŞ-ın əleyhinədirsə, Tramp həmin dövlətin məhsullarına yüksək gömrük rüsumları tətbiq edir.

“Belə vəziyyətdə ABŞ-la iqtisadi əməkdaşlıq edən ölkənin qarşısında əsasən iki yol qalır: ya Amerikadan daha çox məhsul almalıdır, ya da ABŞ iqtisadiyyatına yatırımlarını artırmalıdır. Bu addımları atmayan ölkələr isə Trampın tarif və digər iqtisadi təzyiqləri ilə üzləşirlər”, – deyə Elxan Şahinoğlu vurğulayıb.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-ın iki qonşusu – Kanada və Meksika ilə bağlı vəziyyət Trampın tarif siyasətinin yaratdığı təzyiqi aydın göstərir. Onun sözlərinə görə, prosesin hansı həddə çatdığını Kanadanın Avropa İttifaqı ilə daha sıx iqtisadi əlaqələr qurmaq və assosiativ üzvlük məsələsini gündəmə gətirməsi də göstərir.

Elxan Şahinoğlu bildirib ki, Tramp Çin və Hindistanı da onların məhsullarına qarşı yüksək gömrük rüsumlarının tətbiqi ilə hədələyir. Onun sözlərinə görə, Pekin və Yeni Dehli yaranmış vəziyyətdən çıxış yolları axtarır.

“Çin lideri Si Cinpinin ABŞ-a səfəri də ticarət əlaqələrinin yoluna qoyulması istiqamətində addım kimi qiymətləndirilə bilər. Vaşinqtonun Çin məhsullarına qarşı yüksək gömrük rüsumlarının tətbiqini müvəqqəti dayandırması tərəflər arasında danışıqlar üçün imkan yaradır”, – deyə siyasi şərhçi qeyd edib.

Elxan Şahinoğlu Hindistan şirkətlərinin ABŞ-a sərmayə qoymaq istiqamətində atdığı addımları da Trampın siyasəti ilə əlaqələndirib. O bildirib ki, Hindistanın “Essar Group” şirkəti ABŞ-da ümumilikdə 18 milyard dollar həcmində investisiya yatırmağı planlaşdırır və bu, şirkətin xaricdə həyata keçirdiyi ən böyük layihələrdən biri olacaq.

Onun sözlərinə görə, layihə çərçivəsində Ayova ştatında təxminən 15 milyard dollar dəyərində polad zavodunun tikintisi nəzərdə tutulur. Layihəni “Essar Group”un ABŞ-dakı törəmə şirkəti “Mesabi Metallics” həyata keçirəcək.

“Zavodun 2030-cu ildə istehsala başlaması, tam gücü ilə fəaliyyət göstərdikdə isə ildə 10 milyon ton polad istehsal etməsi gözlənilir. Layihənin əsas xüsusiyyətlərindən biri bütün polad istehsalı prosesinin ABŞ ərazisində həyata keçirilməsidir. Zavodun ABŞ-ın inteqrasiya olunmuş polad təchizat zəncirinin bir hissəsinə çevrilməsi və şirkətin Minnesota ştatındakı obyektlərindən əldə olunan dəmir filizindən istifadə etməsi planlaşdırılır”, – deyə Elxan Şahinoğlu bildirib.

Siyasi şərhçi qeyd edib ki, Donald Tramp Ayova layihəsini ABŞ tarixində ən böyük polad zavodu kimi təqdim edib və bunu ölkə iqtisadiyyatı üçün mühüm nəticə hesab etdiyini açıqlayıb. Tramp ABŞ polad sənayesinin canlandığını bildirərək bunu ötən il polad idxalına tətbiq etdiyi 50 faizlik tariflərlə əlaqələndirib.

Elxan Şahinoğlu hesab edir ki, “Essar Group”un ABŞ-a böyük həcmdə investisiya yatırmaq qərarı Tramp administrasiyasının tarif siyasətinin xarici şirkətlərin investisiya qərarlarına təsir etdiyini göstərən nümunələrdən biridir.

“Essar Group” 1969-cu ildə Hindistanda yaradılıb. Şirkət enerji, mədənçilik, polad, texnologiya və pərakəndə satış da daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərir. Şirkətin Hindistanda polad istehsalı kompleksləri və neft emalı zavodları mövcuddur. Bundan başqa, “Essar” Böyük Britaniyada “Shell” şirkətinə məxsus “Stanlow” neft emalı zavodunu əldə edib. Şirkət Səudiyyə Ərəbistanında aşağı karbon emissiyalı polad zavodunun tikintisini də planlaşdırır.

Elxan Şahinoğlu hesab edir ki, Trampın növbəti mərhələdə digər ölkələrdən də ABŞ-a daha çox sərmayə yatırmağı tələb etməsi mümkündür. Onun sözlərinə görə, Hindistanla yanaşı, başqa dövlətlərin şirkətləri də ABŞ-da investisiya imkanlarını genişləndirməyə çalışırlar.

Siyasi şərhçi nümunə kimi Tayvanı da göstərib. O bildirib ki, Tayvan ABŞ-dan Çinlə qarşıdurmada daha geniş dəstək almaq məqsədilə Amerikaya əlavə 20 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

“Tayvan yüksək texnologiyalar, elektronika və yarımkeçiricilər sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir. Buna görə də Tayvan öz texnoloji üstünlüklərindən istifadə etməklə ABŞ-da müxtəlif layihələr həyata keçirməyə çalışır”, – deyə Elxan Şahinoğlu vurğulayıb.

Onun sözlərinə görə, Trampın tarif siyasəti nəticəsində ABŞ-a xarici investisiyaların artırılması Vaşinqtonun iqtisadi strategiyasının mühüm elementlərindən birinə çevrilir. Xarici şirkətlər üçün ABŞ bazarında istehsal yaratmaq bir tərəfdən tariflərdən yayınmağa, digər tərəfdən isə dünyanın ən böyük istehlak bazarlarından birində mövqelərini gücləndirməyə imkan verə bilər.

Vural


media-adspc

Bənzər xəbərlər