media-whatsapp-image-2026-10-01-at-12-49-29

107 yaşlı Mariya Morales Tirado, sosial şəbəkələrdə “Mami” ləqəbi ilə tanınan qadın 107-ci doğum günündə vəfat edib.

ERAmedia xəbər verir ki, onun ölümünü oğlu Toni Morales sosial şəbəkədə paylaşdığı təsirli müraciətlə açıqlayıb.

“Bu gün heç bir övladın yazmaq istəməyəcəyi sözləri yazıram. Mami məhz 107 yaşı tamam olan gün həyatını itirdi. Bütün ömrümüz boyu onun həyatının başlanğıcı kimi qeyd etdiyimiz tarix, eyni zamanda onunla vidalaşdığımız günə çevrildi”, — deyə Toni sosial şəbəkə hesabında yazıb.

Mariya Morales Tirado internetdə əsl ulduza çevrilmişdi. “Mami Is My Attitude 4 a Lifestyle” (“Mami mənim həyat tərzimdir”) adlı Facebook səhifəsinin 200 mindən çox izləyicisi var idi. Oğlu Puerto-Rikonun Yabukoa şəhərində yaşayan anasının gündəlik həyatından mütəmadi olaraq sosial şəbəkə izləyicilərinə məlumat verirdi.

İrəli yaşına baxmayaraq, Mami gündəlik həyatı ilə sosial şəbəkələrin çoxsaylı istifadəçilərinin rəğbətini qazanmışdı.

“Onun 107 yaşı olsa da, bizim saçlarımız ağarsa da, öz övladlarımız və nəvələrimiz olsa da, Mami hələ yanımızda olduğu üçün özümüzü təhlükəsiz hiss edən uşaqlar olaraq qalırdıq. Həmişə daha bir gün, daha bir söhbət, daha bir təbəssüm və heç vaxt sonuncu olmamalı olan daha bir qucaqlaşma istəyirik”, — deyə mərhumun oğlu bildirib.

Toni həmçinin qeyd edib ki, ömrünün son illərində fiziki gücü tədricən azalsa da, anası yaxınlarına öyrətməkdən heç vaxt vaz keçməyib.

“O, bizə göstərdi ki, güc yalnız böyük əməllərdə özünü göstərmir. Bəzən güc sadəcə bir gün də gözlərini açmaq, kiminsə səsini tanımaq, əl sıxmaq və ya bizə yüngülcə gülümsəməkdir”, — deyə Toni yazıb.

Mariya Morales Tirado böyük ailə qoyub. Onun 14 övladı, 48 nəvəsi, 71 nəticəsi və 28 kötücəsi olub.

Toninin sözlərinə görə, anasının irsi ailə ənənələrində, vərdişlərində, reseptlərində və yaxınlarının gələcək nəsillərə ötürəcəyi xatirələrdə yaşamağa davam edəcək.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər