media-whatsapp-image-2026-09-30-at-12-50-52

“Buna köynəkdə doğulmaq deyirlər. Üç dəfə ölümlə üzləşib, hər dəfəsində xilas olmaq doğrudan da həyatın lütfüdür”.

ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Arzu Qazıyeva Dubay–Təl-Əviv reysində baş verdiyi bildirilən hadisələri şərh edərək, nəticələrinə görə bu hadisənin tarixə düşə biləcək möcüzəvi xilas nümunəsi olduğunu bildirib.

Onun sözlərinə görə, təyyarənin ikinci pilotunun uçuş zamanı kapitana hücum etməsi və təyyarənin idarə edilməsini təhlükə altına salması ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. İkinci pilotun təyyarəni qəsdən qəzaya uğratmaq niyyətində olub-olmadığı, yaxud psixi vəziyyətinin hadisəyə təsir edib-etmədiyi isə istintaqın araşdırmalı olduğu məsələlərdəndir. Qazıyeva qeyd edib ki, ilkin məlumatlara əsasən, ikinci pilot özü ilə təyyarəyə keçirdiyi bıçaqla kapitana hücum edərək onu ağır yaralayıb.

Arzu Qazıyevanın açıqlamasında bildirilir ki, təyyarənin göyərtəsində 27-si uşaq olmaqla 180 sərnişin olub və onların təxminən 100-nün İsrail vətəndaşı olduğu qeyd edilir.

Hadisənin gedişində pilot kabinəsində baş verən qarşıdurmanın səsinin sərnişin salonuna yayıldığı, sərnişinlərin kabinədə fövqəladə vəziyyət yarandığını anlamağa başladığı bildirilir. Həmin vaxt yerə “SOS” siqnallarının göndərildiyi də qeyd olunur.

Qazıyevanın sözlərinə görə, zirehli və bağlı pilot kabinəsində vəziyyət son dərəcə kritik olsa da, yaralı kapitan qapını açmağı bacarıb. O, bunu sərnişinlərin ilk möcüzəvi xilas şansı kimi qiymətləndirib.

Bundan sonra stüardessaların və sərnişinlərin pilot kabinəsinə daxil olaraq ikinci pilotu zərərsizləşdirdiyi və tərksilah etdiyi bildirilir.

Lakin təhlükə bununla bitməyib. Hadisə zamanı təyyarənin təxminən 4000 metr hündürlük itkisi ilə sürətlə aşağı düşdüyü, salonda isə sərnişinlərin panikaya düşdüyü qeyd olunur.

Arzu Qazıyeva ikinci mühüm məqam kimi göyərtədə sərnişin qismində ehtiyat heyət üzvlərinin olmasını göstərib. Onların təyyarənin idarə edilməsinə müdaxilə edərək uçuşu bərpa etməyi, ən yaxın hava limanını müəyyənləşdirməyi və təyyarəni yerə endirməyi bacardıqları bildirilir.

Qazıyevanın açıqlamasına əsasən, təyyarə yerə endikdən sonra qəfil hündürlük itkisi nəticəsində onun quyruq hissəsinin zədələndiyi məlum olub. Buna baxmayaraq, təyyarənin və göyərtədəki sərnişinlərin sağ-salamat yerə enməsi hadisənin üçüncü möcüzəvi xilas məqamı kimi təqdim edilir.

“Görünür, əsl Hollivud ssenarisi təkcə filmlərdə olmur, həyatda da baş verir. Ancaq bəxtəbəxt istisnası ilə”, – deyə Arzu Qazıyeva vurğulayıb.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər