Azərbaycan türkləri “mərkəzi dayaq” kimi: Berarın geosiyasi yanaşması
Fransa uzun illər Türk dünyası ilə maraqlanmış, müxtəlif dövrlərdə bu coğrafiyaya səyyahlar, alimlər və kəşfiyyatçılar göndərərək məlumatlar toplamışdır. Düzdür, onların bəzilərində faktların gizlədilməsinə rast gəlinsə də, əksər müəlliflər həqiqətləri yazmaqdan çəkinməyiblər. Belə müəlliflərdən biri də tanınmış fransız diplomatı, tarixçisi və coğrafiyaşünası Viktor Berardır.
Fransa Senatının üzvü və Senatın Xarici İşlər Komissiyasının sədri olmuş Berar 1910-cu ildə nəşr olunan “Persiya və pers qarışıqlığı” (“Révolutions de la Perse”) əsərində o dövrün dünya xəritəsində türklərin keçdiyi yolu və mövcud mövqelərini müxtəlif mənbələr əsasında təsvir edir.
Müəllif həmin dövrün geosiyasi və etnoqrafik mənzərəsini maraqlı bir metafora — “Üç öküz” (dayaq nöqtəsi) obrazı ilə izah edir. O, Türk dünyasını nəhəng bir silsilə kimi görür və onun əsas sütunlarını üç hissəyə ayırır.
Bu hissə Osmanlı coğrafiyasını əhatə edir. Berar qeyd edir ki, burada türk sivilizasiyası möhkəm şəkildə formalaşsa da, qədimdən gələn “ellin axını” ilə daim təmas və rəqabət içində olub.
Bu zona Xəzər dənizindən Şərqi Türküstana qədər uzanan geniş ərazini əhatə edir. Türkmən, qazax, özbək və qırğız tayfalarının Uzaq Şərqə qədər uzanan tarixi qohumluq və mədəni əlaqələri vurğulanır.
Berarın “mərkəz” adlandırdığı və ən mürəkkəb hesab etdiyi bölgə məhz buradır. O, Persiya daxilində yaşayan türk tayfalarını və Azərbaycan türklərini bir arada nəzərdən keçirir.
Təbrizlə Bakı arasındakı ərazini — yəni vahid Azərbaycan coğrafiyasını – Türk dünyasının əsas mərkəzi dayaqlarından biri kimi göstərir. Müəllif həmin dövrdə “tatar” və ya “azəri” adlandırılan əhalinin əslində Azərbaycan türkləri olduğunu qeyd edir və onları Türk dünyasının mərkəzi və ən dinamik sütunu kimi qiymətləndirir.
Berarın “Üç öküz” metaforasında Azərbaycan türkləri mərkəzi mövqedə dayanır. O hesab edir ki, Qərbdəki Osmanlı türkləri ilə Şərqdəki Türküstan türkləri arasında körpü və dayaq rolunu məhz Azərbaycan türkləri oynayır.
Müəllif Azərbaycanı Türk dünyasının üç əsas sütunundan biri və ən strateji elementi kimi dəyərləndirir. O, Azərbaycan türklərini regionun digər xalqları ilə müqayisədə “döyüşkən, idarəçi və enerjili” bir toplum kimi xarakterizə edir.
Berara görə, Azərbaycan türkləri həm də Persiya daxilinə doğru uzanan türk nüfuzunun əsas mənbələrindən biridir. O, onları sadəcə etnik qrup kimi deyil, idarəedici bir qüvvə kimi təqdim edir və bu coğrafiyanı “Pers dalğalarının” sarsıda bilmədiyi möhkəm bir dayaq kimi təsvir edir.
Berar Türk dilinin iqtisadi və mədəni gücünə xüsusi diqqət yetirir. O, Təbriz bazarını və Bakının inkişaf edən sənayesini təsvir edərək Türk dilinin Qafqazdan Fars körfəzinə qədər uzanan ticarət yollarında ortaq ünsiyyət vasitəsi rolunu oynadığını qeyd edir.
Azərbaycan dilinin əsasının Oğuz türkcəsi olduğunu bildirir və bu dili Türk dünyasının mərkəzi sütunlarından biri kimi qiymətləndirir. Onun fikrincə, bu dil tarix boyu təkcə türklər arasında deyil, bölgədə yaşayan digər xalqlar arasında da ortaq anlaşma vasitəsi olub.
Viktor Berarın baxışında Azərbaycan “coğrafiyanın başı və beyni” rolunu oynayır. O hesab edir ki, bu mərkəzi dayağın zəifləməsi və ya yerindən oynaması bütün regionun siyasi xəritəsini və nizamını dəyişə bilər.
Müəllif həmçinin qeyd edir ki, Azərbaycan türkləri bu coğrafiyada “dağların sahibi” kimi formalaşıblar və bu səbəbdən tarix boyu müxtəlif güclərin — istər Rusiya, istər Britaniya, istərsə də İranın — təzyiqlərinə qarşı daha davamlı müqavimət göstəriblər.
Zaur Əliyev











