İrəvan sammitində ermənilərin Qarabağa qayıdışı müzakirə edilməyəcək
Bu gün Ermənistanın paytaxtı İrəvanda Avropa Siyasi Birliyinin 8-ci sammiti öz işinə başlayır.
İki gün davam edəcək sammit “Gələcəyi qururuq: Avropada birlik və dayanıqlılıq” şüarı ilə keçiriləcək.
ERAmedia xəbər verir ki, “Azadlıq” radiosu sammitdə qəbul ediləcək birgə bəyanatın mətnini əldə edib.
Birgə bəyanatda tərəflər Ermənistan-Avropa Birliyi (AB) münasibətlərinin gücləndirilməsinə hazırlıqdan bəhs edəcəklər, amma amma Ermənistanın AB-yə üzvlüyünü müzakirə etməyəcəklər.
Sənəddə həmçinin AB-nin Ermənistanda reform və uzunmüddətli inkişaf proqramlarına dəstək ifadə edəcəyi bildirilib. Ermənistanın üzvlüyünə dair avropalı liderlərin hər hansı açıqlama verəcəyi gözlənməsə də, AB ilə viza rejiminin liberallaşdırılmasında əhəmiyyətli inkişafı əldə edildiyi bəyan olunacaq. Bunun Ermənistan hakimiyyəti üçün önəmli məqam olduğunu qeyd edilir.
İrəvanda qəbul edilməsi gözlənilən sənəddə həmçinin Ermənistana yeni maliyyə yardımının verilməsinə dair də hər hansı xatırlatma qeydə alınmayıb. Bunun əvəzində “Global Gate” çərçivəsində layihələrin reallaşdırılması üçün əvvəllər elan edilmiş 270 milyon avro və 2.5 milyard avroya dair xatırlatma yer alacaq. Üstəlik AB liderlərinin avropalı biznesmenlər qarşısında çıxış edib, onları Ermənistana investisiya qoymağa çağıracağı da gözlənilir. İnvestisiya qoyulmasına çağırış ediləcək layihələr arasında Cənubi Qafqazdan Avropaya Qara dənizin dibiylə enerji ötürülməsi layihəsinin yer alması gözlənilir. Qeyd edilən layihədə əsas iştirakçı ölkələr Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Macarıstan və digərləri hesab edilir. Ermənistanın da son aylarda buna maraq göstərdiyi mediada yer alıb.
İrəvanda AB liderlərinin həmçinin Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dəstəklərini təsdiq edəcəyi gözlənilir. Bununla belə, birgə bəyanatda Qarabağdan olan ermənilərin geri qayıtması və ya Bakıda həbsdə olan ermənilər haqqında heç bir xatırlatma yer almayıb. (Modern.az)










