Cəfər Cabbarlı heykəlinin arxasında gizlənən tarix: 280 tonluq qranit Bakıya necə gətirildi?
Bakının 28 May metrosunun çıxışında ucaldılan Cəfər Cabbarlı heykəlinin ərsəyə gəlməsi uzun və mürəkkəb tarixə malikdir.
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, böyük dramaturqun heykəlinin məhz bu ərazidə yerləşdirilməsi ilə bağlı qərar 1959-cu ildə qəbul edilib. Mirəli Mirqasımovun layihəsi əsasında hazırlanan abidə sovet ideologiyasına uyğun olaraq Dəmir Yolu Vağzalına baxmalı idi.
Zaur Əliyevin sözlərinə görə, Cəfər Cabbarlı meydanında yerləşən “Azad Qadın” heykəli ilə bağlı da oxşar ideya mövcud olub. Çadranı atan qadın fiqurunun da Vağzala tərəf baxması nəzərdə tutulmuşdu. Bu kompozisiya Şərqə doğru açılan “azadlıq pəncərəsi” mesajını ifadə edirdi. Lakin heykəllərin hazırlanması zamanı memarlar bu konsepsiyanı nəzərə almayıblar.
Zaur Əliyev qeyd edib ki, heykəlin daha əzəmətli görünməsi üçün onun çəhrayı rəngdə bütöv qranitdən hazırlanması təklif olunub. Bununla bağlı Heydər Əliyevə müraciət edilib və təklif razılıqla qarşılanıb.
Lakin bundan sonra daha ciddi problem ortaya çıxıb. Hündürlüyü 5,5 metr nəzərdə tutulan heykəl üçün təxminən 280 ton çəhrayı qranit tələb olunurdu. Belə ölçüdə qranit isə Azərbaycanda tapılmırdı. Heykəltəraşa bildirilib ki, uyğun daş yalnız Ukraynada mövcuddur.
Ukraynadakı karxanada lazımi ölçüdə, tək parça nəhəng qranit blokunun tapılması da asan olmayıb. Zaur Əliyevin sözlərinə görə, nəhayət, yerli hərbi hissə rəhbərliyinin və bir generalın texniki dəstəyi, eləcə də ağır hərbi texnikanın köməyi ilə nəhəng daş parçası yerindən çıxarılıb.
SSRİ üçün də analoqu az olan bu ağırlıqdakı qranit bloku xüsusi olaraq ayrılmış dəmir yolu platformasında Bakıya gətirilib.
Abidənin hazırlanması prosesində bürokratik maneələr də ciddi problemlər yaradıb. Yazılanlara görə, sifariş məktublarının yanlış ünvanlara göndərilməsi və digər əngəllər heykəltəraş Mirəli Mirqasımovun səhhətinə ciddi təsir göstərib.
Zaur Əliyev bildirib ki, yüksək vəzifəli şəxslərdən biri heykəlin hündürlüyünün 5 metr olmasını tələb edib. Lakin Mirəli Mirqasımov buna qarşı çıxaraq abidənin məhz 5,5 metr hündürlüyündə hazırlanmasında israr edib və istəyinə nail olub. Bu gərgin iş prosesi zamanı heykəltəraşın iki dəfə infarkt keçirdiyi bildirilir.
1959-cu ildə heykəlin hazırlanması ilə bağlı qərar qəbul edilsə də, abidənin ərsəyə gəlməsi 1979-cu ilə qədər uzanıb. Zaur Əliyevin sözlərinə görə, uzun illər bürokratik əngəllərlə mübarizə aparan Mirəli Mirqasımova Heydər Əliyevin emalatxanaya qəfil gəlişi ciddi dəstək olub.
Heydər Əliyev emalatxanadakı vəziyyətlə və qarşıya çıxan problemlərlə tanış olduqdan sonra heykəltəraşa lazımi dəstəyin göstərilməsi barədə tapşırıq verib.
Heykəltəraşın səhhətinə görə onun yanına həkim də təyin edilmişdi. Həkim hər gün emalatxanada onun yanında olur, hər saatdan bir ürək döyüntüsünü və təzyiqini ölçərək işləməsinə nəzarət edirdi.
Zaur Əliyevin sözlərinə görə, Mirəli Mirqasımov sovet senzurasından yayınaraq abidənin üzərində daşdan yonulmuş sınıq zəncir təsviri də yerləşdirib. Bu detal Cəfər Cabbarlının əsərlərində Azərbaycan qadınının cəhalət zəncirindən azad edilməsini, eyni zamanda xalqın azadlıq arzusunu simvolizə edən gizli mesaj kimi qiymətləndirilir.
Heykəltəraş abidəni elə işləyib ki, yaxın, orta və uzaq məsafədən ona baxan insanlarda fərqli təəssürat yaransın. Uzaqdan baxdıqda dramaturqun fiquru əzəmətli və dik dayanan qaya parçasını xatırladır.
Abidədə sovet senzurasına qarşı daha bir diqqətçəkən detal da olub. Mirəli Mirqasımov dramaturqun adını kiril qrafikası ilə deyil, latın əlifbası ilə işləyib.
Lakin Zaur Əliyevin bildirdiyinə görə, 1982-ci ildə rəsmi açılış günü Moskvadan və yerli məmurlardan ehtiyat edən komissiya üzvləri tədbirə bir neçə saat qalmış gizli şəkildə latın hərflərinin üzərinə kiril əlifbası ilə yazılmış müvəqqəti “Cəfər Cabbarlı” lövhəsi yapışdırıblar.
Uzun illər heykəlin üzərində həmin süni lövhə qalıb. Yalnız Azərbaycanın müstəqilliyi dövründə aparılan bərpa işləri zamanı lövhə sökülüb və müəllifin hazırladığı ilkin, latın qrafikalı yazı üzə çıxarılıb.
Zaur Əliyev qeyd edib ki, Mirəli Mirqasımov bu abidəyə sadəcə bir heykəl kimi yanaşmayıb. Onun üçün söhbət Azərbaycanın böyük dramaturqunun xalq qarşısındakı tarixi rolunu düzgün əks etdirən sənət əsərindən gedib.
“Mən Cəfəri gülünc edə bilmərəm. Mən 10 il tez, 10 il gec ölə bilərəm. Amma heykəl xalqındır. Ona baxıb xalqın tarixinə qiymət verəcəklər”, – deyə Mirəli Mirqasımovun sözləri xatırlanır.
Cəfər Cabbarlı abidəsinin rəsmi açılışı isə 1982-ci il martın 23-də keçirilib.
Mələk Onur









