media-01m22z5x3th3q17cv8s20vn6aw-medium

Hindistanda sentyabrın 12-13-də BRICS təşkilatının zirvə toplantısı keçiriləcək.

ERAmedia xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzi BRICS-in genişlənməsi, təşkilat daxilində aparıcı dövlətlərin maraqları və Azərbaycanın bu platformaya üzvlük perspektivlərini təhlil edib.

2006-cı ildə yaradılan BRICS-i əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çin formalaşdırıb, daha sonra Cənubi Afrika Respublikası təşkilata qoşulub. Hazırda təşkilatın üzv dairəsi genişlənib və BRICS qlobal iqtisadi və siyasi sistemdə daha böyük çəkiyə malik platformaya çevrilib.

“Atlas” Araşdırmalar Mərkəzinin təhlilinə görə, BRICS-in genişlənməsi təşkilata daha geniş coğrafi əhatə, böyük demoqrafik və iqtisadi potensial, eləcə də çoxqütblü dünya düzəninin formalaşmasında daha güclü mövqe qazandırıb.

Şanxay Əməkdaşlıq Təşkilatında olduğu kimi, BRICS-də də üzvlərlə yanaşı tərəfdaş ölkələrin iştirakını nəzərdə tutan geniş format formalaşıb. Söhbət BRICS+ platformasından gedir.

“Atlas” Araşdırmalar Mərkəzi hesab edir ki, təşkilatın təsisçi dövlətlərinin BRICS-in gələcək tərəfdaşları və yeni üzvləri ilə bağlı maraqları heç də eyni deyil. Xüsusilə Çin və Rusiyanın yanaşmaları Hindistanın mövqeyindən müəyyən məsələlərdə fərqlənir.

Yeni Dehli BRICS-in anti-ABŞ və anti-Qərb platformasına çevrilməsinin tərəfdarı deyil. Hindistan eyni zamanda ABŞ, Avropa İttifaqı və Yaponiya ilə strateji tərəfdaşlığını dərinləşdirməyə çalışır.

Bununla yanaşı, BRICS Qlobal Cənub konsepsiyasından çıxış edərək Yaxın Şərq, Afrika və Asiya ölkələrini əməkdaşlığa cəlb etməyə çalışır. Bu dövlətlərin bir qismi özlərini nə Qərbin, nə də Çinin geosiyasi düşərgəsinə aid hesab edir.

“Atlas” Araşdırmalar Mərkəzinin qənaətinə görə, BRICS+ platforması üzvlüyə və tərəfdaşlığa can atan dövlətlərə strateji muxtariyyət, çoxqütblülük, suveren bərabərlik və çoxtərəflilik prinsipləri əsasında daha geniş təmsilçilik imkanı verməlidir.

Qlobal Cənub diplomatiyası texnologiyalara çıxış, ərzaq və enerji təhlükəsizliyi, dayanıqlı təchizat zəncirləri və rəqəmsal ictimai infrastruktur kimi məsələlər üzrə əməkdaşlıq platformasının yaradılmasını hədəfləyir.

Məsələn, Birləşmiş Ərəb Əmirlikləri şaxələndirilmiş tərəfdaşlığa, İndoneziya isə təşkilat çərçivəsində strateji muxtariyyətə üstünlük verir. BRICS nə qədər genişlənərsə, Pekin və Moskva üçün təşkilata vahid geosiyasi kimlik vermək bir o qədər çətinləşə bilər.

Bu baxımdan Yeni Dehlinin əsas məqsədi BRICS+ formatını rəqabət aparan geosiyasi blokdan daha çox müxtəlif strateji muxtariyyətlərin koalisiyasına çevirməkdir.

Çinin artan iqtisadi gücü BRICS+ ölkələri üçün Pekinin cəlbediciliyini artırır. Təşkilata daxil olan və onunla əməkdaşlıq edən dövlətlər Çinlə daha dərin ticarət əlaqələrində maraqlıdır. Eyni zamanda bu ölkələr Pekinin daha böyük maliyyə və kredit imkanlarından faydalanmağa çalışırlar.

Hindistan isə BRICS çərçivəsində tərəfdaş ölkələrlə ikitərəfli münasibətlərini gücləndirməyə çalışacaq. Rusiyanın Çinin iqtisadi gücü ilə rəqabət aparmaq imkanları isə məhduddur.

Bu səbəbdən Moskvanın Yeni Dehlinin təşkilat daxilində çoxqütblülük konsepsiyasına ciddi müqavimət göstərməsi gözlənilmir. Rusiyanın BRICS daxilində müstəqil güc mərkəzi kimi qalması Hindistan üçün də strateji əhəmiyyət daşıyır.

Yeni Dehlinin qarşısında duran əsas vəzifələrdən biri Rusiyanın Qərblə qarşıdurmasının BRICS-in əsas təşkilati prinsipinə çevrilməsinə imkan verməməkdir.

BRICS-ə maraq göstərən ölkələr sırasında Azərbaycan da yer alır. İki il əvvəl Rusiyanın Kazan şəhərində keçirilən BRICS sammitində Prezident İlham Əliyev iştirak edib. Azərbaycanın təşkilata üzvlüklə bağlı müraciəti də mövcuddur.

“Atlas” Araşdırmalar Mərkəzinin təhlilinə əsasən, BRICS-ə yeni üzv qəbul edilməsi üçün təşkilat ölkələrinin yekdil qərarı tələb olunur. Bu baxımdan Hindistanın mövqeyi Azərbaycanın üzvlük perspektivi üçün xüsusi əhəmiyyət daşıyır.

İlham Əliyevin bu ayın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən zirvə toplantısında Hindistanın baş naziri Narendra Modi ilə ilk dəfə fikir mübadiləsi aparması da bu kontekstdə diqqət çəkir. Bu təmas Azərbaycanın gələcəkdə BRICS+ formatında daha fəal iştirak imkanları baxımından əhəmiyyətli ola bilər.

Birincisi, Hindistan BRICS-in genişlənmiş üzvlərinin institusionallaşdırılmasına və təşkilatın qlobal inkişaf baxımından real təsir gücünə malik platformaya çevrilməsinə çalışır. İkincisi, Yeni Dehli BRICS-in anti-Qərb blokuna çevrilməsinin tərəfdarı deyil.

Azərbaycanın xarici siyasətində də çoxvektorlu əməkdaşlıq, müxtəlif güc mərkəzləri ilə münasibətlərin inkişaf etdirilməsi və strateji muxtariyyət xətti ön plandadır. Bu baxımdan Bakı hər iki meyara uyğun gələn dövlət kimi BRICS daxilində Hindistanın yanaşması üçün məqbul tərəfdaşlardan biri ola bilər.

Nəticə etibarilə, BRICS-in genişlənməsi Azərbaycan üçün yalnız iqtisadi əməkdaşlıq deyil, həm də Qlobal Cənub ölkələri ilə siyasi və diplomatik əlaqələrin dərinləşdirilməsi baxımından yeni imkanlar yaradır. Hindistanın təşkilat daxilində çoxqütblülük və strateji muxtariyyət xəttini gücləndirmək cəhdi isə Azərbaycanın BRICS+ platformasında özünə daha geniş yer tapması üçün əlavə imkanlar aça bilər.

Vural


media-adspc

Bənzər xəbərlər