media-image-122-1024x427

Fransanın Azərbaycan və Ermənistan siyasətinin əsas motivləri ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli mövzu ilə bağlı ERAmedia-ya açıqlamasında bildirib ki, Fransanın Azərbaycan-Ermənistan münasibətlərinə yanaşmasını yalnız emosional və ya humanitar amillərlə izah etmək düzgün deyil.

Onun sözlərinə görə, bəzi xarici ekspertlərin Fransa hökumətinin bu siyasətinin əsas səbəbini ölkədə yaşayan erməni icmasının seçki proseslərinə təsiri ilə əlaqələndirməsi ilk baxışdan sadələşdirilmiş yanaşma təsiri bağışlasa da, bu fikirdə müəyyən həqiqət payı var.

Sabiq deputat qeyd edib ki, demokratik ölkələrdə hər hansı sosial və ya etnik qrupun siyasi təsiri təkcə onun sayından asılı olmur. Əsas amillər həmin qrupun təşkilatlanma səviyyəsi, siyasi fəallığı, institusional əlaqələri, seçicilərin coğrafi yerləşməsi və uzun illər ərzində formalaşdırdığı etimad kapitalıdır. Bu baxımdan Fransadakı erməni diasporu ölkənin ən yaxşı təşkilatlanmış etnik icmalarından biri hesab olunur.

Q.Əlibəylinin fikrincə, Fransanın seçki sistemi də erməni diasporunun siyasi təsir imkanlarını artıran mühüm amillərdəndir. O bildirib ki, Milli Məclisə seçkilərin birmandatlı dairələr üzrə iki turlu majoritar sistemlə keçirilməsi, Senatın isə seçki kollegiyası vasitəsilə formalaşdırılması konkret regionlarda cəmləşmiş və fəal seçici qruplarının təsirini əhəmiyyətli dərəcədə artırır.

O vurğulayıb ki, Fransadakı erməni icmasının əsas hissəsi Paris, Lion, Marsel və digər iri şəhərlərdə məskunlaşıb və yerli siyasi proseslərdə fəal iştirak edir. Həmin şəhərlərin merləri ölkənin nüfuzlu siyasi fiqurları olduğundan, seçki dövründə onların etnik icmaların dəstəyini qazanmağa xüsusi maraq göstərməsi təbii haldır.

Sabiq deputatın sözlərinə görə, erməni diasporunun üstünlüyü yalnız seçki fəallığı ilə məhdudlaşmır. O bildirib ki, diaspor təşkilatları siyasi partiyalar, deputatlar, senatorlar, merlər, bələdiyyə üzvləri, media və akademik dairələrlə uzun illərdir sistemli şəkildə işləyir. Bu fəaliyyət yalnız seçki kampaniyaları zamanı deyil, seçkilərarası dövrdə də fasiləsiz davam etdirilir və nəticədə Ermənistanla bağlı məsələlər gündəmə gələndə artıq formalaşmış münasibətlər şəbəkəsi mövcud olur.

Bununla yanaşı, Q.Əlibəyli hesab edir ki, Fransanın Cənubi Qafqaz siyasətini yalnız erməni diasporunun fəaliyyəti ilə izah etmək düzgün olmaz. Onun fikrincə, bu siyasətə təsir göstərən daha geniş geosiyasi amillər mövcuddur.

O qeyd edib ki, Fransa Avropa İttifaqında liderliyini möhkəmləndirməyə çalışır, Rusiyanın zəiflədiyi şəraitdə Cənubi Qafqazda yeni siyasi balans formalaşdırmaq, Türkiyə və Azərbaycanın regiondakı təsir imkanlarının artmasını məhdudlaşdırmaq niyyəti güdür. Bundan başqa, Avropa İttifaqının genişlənmə siyasəti, enerji təhlükəsizliyi, regional kommunikasiya layihələri, İran faktoru və NATO daxilindəki maraqlar da Parisin bölgə siyasətinə təsir edən əsas istiqamətlər sırasındadır.

Q.Əlibəyli əlavə edib ki, Fransanın yeni müstəmləkəçilik siyasətinin Azərbaycan tərəfindən beynəlxalq müstəvidə ardıcıl şəkildə gündəmə gətirilməsi və ifşa olunması da Parisin Azərbaycana münasibətinə təsirsiz ötüşmür. Onun qənaətincə, Fransanın Cənubi Qafqaz siyasəti həm daxili siyasi maraqların, həm də geniş geosiyasi hesablamaların vəhdəti əsasında formalaşır.


media-adspc

Bənzər xəbərlər