Ermənistanın strateji dilemması: İrəvanla Moskva arasında gərginlik artır - TƏHLİL
Baş nazir Nikol Paşinyan Avropa İttifaqına (Aİ) qoşulmaq niyyətini bəyan edərkən, Ermənistan hökuməti Moskvanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırıb.
ERAmedia xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqına qoşulmaq istədiyini bildirən Ermənistana xəbərdarlıq edib. Putin bildirib ki, İrəvan eyni anda həm Aİ-nin, həm də Moskvanın rəhbərlik etdiyi iqtisadi ittifaqın üzvü ola bilməz.
Ötən il ABŞ-ın vasitəçiliyi ilə Azərbaycanla onilliklər davam edən münaqişəyə son qoyan razılaşmanı imzalayan Ermənistan son dövrlərdə ABŞ və Aİ ilə daha yaxın əlaqələr qurmağa çalışır.
Baş nazir Nikol Paşinyan Aİ-yə üzvlük niyyətini bəyan edərkən, onun rəhbərlik etdiyi hökumət Moskvanın təsiri altında olan KTMT-də iştirakını dayandırıb.
Moskvada Paşinyanla görüşünün əvvəlində çıxış edən Putin Rusiyanın Ermənistanın Aİ ilə yaxınlaşma səylərinə “tamamilə sakit” yanaşdığını bildirib.
Lakin Rusiya lideri vurğulayıb ki, Ermənistan üçün “həm Aİ ilə gömrük ittifaqında olub, həm də Avrasiya İqtisadi Birliyində yer almaq mümkün deyil”.
2015-ci ildə yaradılan və Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanı da əhatə edən Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyi malların, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinə imkan verən ümumi bazar xüsusiyyətinə malikdir.
Putinin açıqlamaları Ermənistanın Aİ-yə üzvlük perspektivinin hələ uzaq görünməsinə və tərəflər arasında gömrüksüz ticarət razılaşmasının hələ müzakirə edilməməsinə baxmayaraq xəbərdarlıq siqnalı kimi qiymətləndirilir.
Rusiya lideri bildirib ki, iki blokun müxtəlif məhsul qrupları üzrə bazar tənzimləmələri bir-birindən xeyli fərqlidir və yaxın zamanda ortaq məxrəcə gəlmək çətin görünür.
Putin əlavə edib ki, Ermənistanın hansı yolu seçəcəyinə özü qərar verməlidir, lakin hazırda ölkə Rusiyanın təbii qazını Avropa qiymətlərindən xeyli ucuz alır.
Paşinyan isə Ermənistanın eyni anda hər iki bloka üzv ola bilməyəcəyini başa düşdüyünü, lakin hələlik Avrasiya İqtisadi Birliyində qalmaqla yanaşı, Aİ ilə əməkdaşlığı inkişaf etdirə biləcəyini deyib. O bildirib ki, “Rusiya ilə əlaqələr Ermənistan üçün çox dərin və önəmlidir”.
Uzun müddət Ermənistanın əsas müttəfiqi olan Rusiya ilə münasibətlər 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsini erməni işğalından tam azad edib, bölgədəki etnik erməni separatçı idarəçiliyinə son qoymasından sonra getdikcə gərginləşib.
Putin çərşənbə günü bildirib ki, Paşinyanın 2022-ci ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması Moskvanın müdaxiləsini qeyri-mümkün edib.
Rusiya lideri həmçinin qeyd edib ki, ötən il Ermənistanla Azərbaycan arasında ABŞ-ın vasitəçiliyi ilə imzalanan sülh sazişi və ABŞ prezidenti Donald Tramp tərəfindən təşviq olunan nəqliyyat dəhlizi regional əməkdaşlıq üçün yeni perspektivlər açır.
Putin əlavə edib ki, iyun ayında keçirilməsi planlaşdırılan parlament seçkilərində Rusiyaya yaxın qüvvələrin azad şəkildə rəqabət aparacağına ümid edir.
Bəzi nümayəndələrin saxlanıldığını qeyd edən Putin ehtimal ki, ötən il hökumətin devrilməsinə çağırış etdikdən sonra həbs edilən və Paşinyanı tənqid etməsi ilə tanınan rus-erməni milyarder Samvel Karapetyana işarə edib.
2018-ci ildən hakimiyyətdə olan Paşinyan isə cavab olaraq bildirib ki, Ermənistan qanunları Rusiya pasportu olan şəxslərin seçkilərdə iştirakını qadağan edir.
Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Aİ-yə inteqrasiya kursunun elan edilməsi ölkənin geosiyasi istiqamətində ciddi dönüşün göstəricisidir. Bu addım faktiki olaraq Vladimir Putin rəhbərliyindəki Rusiyanın regiondakı təsir imkanlarına meydan oxuma kimi qiymətləndirilə bilər.
Moskvanın “iki ittifaq arasında seçim” mesajı isə Ermənistanın uzun illər balans siyasəti yürütmək imkanlarının getdikcə məhdudlaşdığını göstərir.
Ermənistanın təhlükəsizlik sistemində baş verən dəyişikliklər ölkəni xarici siyasət prioritetlərini yenidən müəyyən etməyə vadar edir. Qərbə doğru yaxınlaşma İrəvana yeni siyasi və iqtisadi imkanlar yaratsa da, bu istiqamət Moskva ilə münasibətlərdə gərginliyi artırır.
Vladimir Putin administrasiyası isə iqtisadi rıçaqlar, xüsusilə enerji qiymətləri və ticarət şərtləri vasitəsilə təsir göstərmək imkanlarını saxlayır.
Bundan əlavə, Rusiya təhlükəsizlik sahəsində əməkdaşlığın məhdudlaşdırılması və regional təşkilatlardakı üzvlük mexanizmləri ilə İrəvana təzyiq edə bilər. Belə şəraitdə Ermənistanın qərarları həm daxili sabitliyə, həm də xarici tərəfdaşlarla münasibətlərə birbaşa təsir edir.
Nəticədə, ölkə qarşıdakı dövrdə daha mürəkkəb və balanslı xarici siyasət strategiyası qurmaq məcburiyyətində qalacaq.
ERAmedia Analitik Qrupu









