media-1775639775_abs-iran-hucum

Yaxın Şərqdə artan gərginlik fonunda ABŞ və İran arasında münasibətlər daha da sərtləşir, diplomatik kanalların təsiri isə zəifləyir.

media-photo_5361792427817113874_w

Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş ERAmedia-ya açıqlamasında bildirib ki, Donald Tramp administrasiyasından gələn mesajlar artıq diplomatiyanı geri plana keçirərək açıq təzyiq strategiyasına əsaslanır. Onun sözlərinə görə, İrana yönəlik ritorika dolayı deyil, birbaşa və sərt xarakter alıb.

Ekspert qeyd edib ki, “geri çəkil və ya nəticələrinə qatlaş” yanaşması beynəlxalq münasibətləri klassik danışıqlar müstəvisindən çıxararaq sərt güc qarşıdurmasına çevirir. Bu isə regionda balansın daha kövrək hala gəlməsinə səbəb olur.

Okumuş vurğulayıb ki, Hörmüz boğazı artıq sadəcə coğrafi keçid deyil, qlobal iqtisadiyyatın kritik nöqtəsidir. Onun sözlərinə görə, burada baş verəcək hər hansı hərbi addım təkcə İranı deyil, dünya ticarətini və enerji bazarlarını da birbaşa təsirləndirə bilər.

“ABŞ-ın ritorikası sərtləşdikcə risk zonası da genişlənir. Dəniz nəqliyyatına müdaxilə, ticarət gəmilərinin nəzarətə götürülməsi və hərbi mövcudluğun artırılması artıq nəzəri ehtimal deyil, real müzakirə predmetidir,” – deyə o bildirib.

Ekspertin fikrincə, belə bir şəraitdə tək bir yanlış addım regional böhranı qlobal miqyaslı zəncirvari reaksiyaya çevirə bilər. O əlavə edib ki, dünya bu gərginliyi kənardan izləməkdə deyil, birbaşa hiss edir: Avropa ehtiyatlı davranır, Asiya narahatdır, enerji asılılığı yüksək olan iqtisadiyyatlar isə daha həssas vəziyyətdədir.

Okumuş hesab edir ki, təzyiq üzərində qurulan balanslar qısa müddətdə nəticə versə də, uzunmüddətli perspektivdə sabitsizliyi daha da artırır. “Güc üzərində qurulan hər uğur öz daxilində yeni risklərin toxumunu daşıyır. Qorxuya əsaslanan tarazlıq isə dayanıqlı olmur,” – deyə o qeyd edib.

Sonda ekspert vurğulayıb ki, mövcud vəziyyət klassik danışıqlar mərhələsindən çıxaraq sərtləşmiş güc balansına çevrilib və bu, yalnız İranı deyil, bütün beynəlxalq sistemi təzyiq altında saxlayır. Onun sözlərinə görə, nəzarətli hesab edilən gərginliklər müəyyən həddi keçdikdən sonra öz dinamikasını formalaşdırır və həmin nöqtədə heç bir tərəf prosesi tam idarə edə bilmir.


media-adspc

Bənzər xəbərlər