media-hormuz

Hörmüz boğazının istifadəsi ilə bağlı İran və Oman arasında aparılan danışıqlar yekunlaşmaq üzrədir. İran tərəfi iki ölkə arasında müzakirələrdə yekun nəticəyə yaxın olduqlarını açıqlayıb. Lakin danışıqların başa çatması problemin tam həlli anlamına gəlmir.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Hörmüz boğazından neft və qaz ixrac edən və idxal edən ölkələr artıq alternativ marşrutlar barədə düşünürlər. Onun sözlərinə görə, bu dövlətlər İran və Oman arasında mümkün razılaşmanın müvəqqəti xarakter daşıya biləcəyini, ABŞ-İran qarşıdurmasının yenidən alovlanacağı təqdirdə Tehranın boğazı təkrar bağlama ehtimalının mövcud olduğunu nəzərə alırlar.

Siyasi şərhçi qeyd edib ki, Hörmüz boğazının bağlanması neft və sıxılmış qaz daşımalarının yenidən dayanmasına səbəb ola bilər. Alternativ marşrutların da tam təhlükəsiz olmadığını deyən Elxan Şahinoğlu bildirib ki, bölgədə fəaliyyət göstərən silahlı qruplar, o cümlədən onların malik olduğu dronlar alternativ istiqamətlərlə daşınan yanacaq və enerji resursları üçün də təhlükə yarada bilər.

Onun fikrincə, daha təhlükəsiz alternativ marşrutların yaradılması isə həm vaxt, həm də ciddi maliyyə resursları tələb edir. Bu baxımdan, ayrı-ayrı ölkələr artıq konkret addımlar atmağa başlayıblar.

Elxan Şahinoğlu bildirib ki, Səudiyyə Ərəbistanı neftin Qırmızı dənizə çıxarılmasını təmin edən boru xətti vasitəsilə nəql həcmini 2 milyon barrelə çatdırmağı planlaşdırır.

Siyasi şərhçinin sözlərinə görə, Hindistan da Hörmüz boğazından enerji asılılığını azaltmaq istiqamətində qərarlar qəbul edib. Neft idxalının həcminə görə dünyada üçüncü yerdə olan Hindistan son iki ildə Rusiyadan neft alışını artırsa da, ölkənin neft tələbatının təxminən 40 faizi Hörmüz boğazı vasitəsilə təmin olunurdu.

“Hazırkı vəziyyət Hindistanı Hörmüz boğazı üzərindən neft idxalını azaltmağa məcbur edib. Hindistanın neft emalı zavodları Hörmüz boğazından alınan nefti başqa istiqamətlərdən tədarüklə əvəzləməyə başlayıblar”, – deyə Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Böyük Britaniyanın “Peritus International” mühəndis şirkəti Hindistanın “South Asia Gas Enterprises” şirkətinin sifarişi əsasında Birləşmiş Ərəb Əmirliklərindən başlayaraq Ərəb dənizi üzərindən Hindistan sahillərinə qədər uzanacaq boru kəmərinin tikintisini layihələndirir. Hazırda layihənin iqtisadi səmərəliliyinin hesablanması nəzərdə tutulur.

Elxan Şahinoğlunun sözlərinə görə, Hindistan enerji idxalından asılılığını azaltmaq üçün ölkə daxilində neft və qaz yataqlarının kəşfiyyatına da böyük vəsait ayırmağı planlaşdırır. Bunun üçün təxminən 9 milyard dollar vəsaitin xərclənməsi nəzərdə tutulub.

“Hindistan hazırda xam neft istehlakının təxminən 90 faizini idxal edir. Yeni proqram çərçivəsində hökumət şirkətlərə quyu qazma xərclərinin 50 faizinə qədərini geri ödəyəcək. Bunun əsas məqsədi ölkənin enerji idxalından asılılığını azaltmaqdır”, – deyə siyasi şərhçi vurğulayıb.

Elxan Şahinoğlu Yaponiya üçün də vəziyyətin oxşar olduğunu bildirib. Onun sözlərinə görə, Hörmüz boğazında yaranan gərginlik fonunda Yaponiyanın xam neft ehtiyatları ölkə tarixində ən böyük həcmdə azalıb. Neft emalı zavodlarının fəaliyyətini davam etdirmək üçün Tokio 100 milyon barrel strateji neft ehtiyatını dövriyyəyə buraxmağa məcbur olub.

Siyasi şərhçi qeyd edib ki, Yaponiya əvvəllər neft tədarükünün 90 faizdən çoxunu Yaxın Şərqdən həyata keçirirdi. Lakin mövcud vəziyyət Tokionu Yaxın Şərqdən enerji asılılığını azaltmaq üçün yeni istiqamətlər axtarmağa vadar edib.

“Yaponiya ABŞ-dan neft alışının həcmini artırıb. Bundan başqa, Yaponiya tarixində ilk dəfə may ayında Azərbaycan nefti də alıb. Bu, gələcəkdə Azərbaycanla Yaponiya arasında enerji sahəsində əməkdaşlığın genişlənəcəyini proqnozlaşdırmağa imkan verir”, – deyə Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Yaponiya yalnız öz enerji təhlükəsizliyi ilə bağlı tədbirlər görmür, həm də yanacaq böhranı ilə üzləşən qonşu ölkələrə dəstək verməyə hazırlaşır.

Elxan Şahinoğlu bildirib ki, Yaponiyanın Baş naziri Sanae Takaichi Asiya liderləri ilə keçirilən onlayn görüşdən sonra ölkəsinin Asiyada enerji böhranının təsirlərini azaltmaq məqsədilə region ölkələrinə 10 milyard dollar maliyyə dəstəyi ayıracağını açıqlayıb. Bu vəsait Cənub-Şərqi Asiya ölkələrinin xam neft və digər enerji resursları ilə təmin olunmasına yönəldiləcək.

Siyasi şərhçi qeyd edib ki, Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, ayrılacaq vəsait ASEAN ölkələrinin bir illik xam neft idxalına bərabərdir. O əlavə edib ki, enerji böhranının təsirləri artıq ayrı-ayrı ölkələrdə ciddi şəkildə hiss olunur. Məsələn, Filippin yaranmış enerji böhranı səbəbindən fövqəladə vəziyyət elan etməyə məcbur olub.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər