media-whatsapp-image-2026-09-01-at-19-28-56

media-whatsapp-image-2026-09-01-at-19-30-05

Tarix yaşanmış hadisələrlə yanaşı həm də kağız üzərində qalan izlərlə yazılır. Bəzən qədim bir yazı vəya xəritə yüzlərlə sənəddən daha sərt və daha acı həqiqəti danışır. 1924-cü ilin 3 yanvar tarixli dekreti əsasında tərtib olunmuş “Azərbaycan Sosialist Şuralar Cümhuriyyəti” adlı xəritə də belə sənədlərdəndir. O, coğrafi təsvirdən başqa, bir xalqın torpaqlarının necə parça-parça edildiyinin, sərhədlərin necə yenidən cızıldığının canlı şahididir.
1920-ci ilin sonlarında Ermənistanda Sovet Sosyalist Respublikası quruldu. Bu hadisə siyasi rejim dəyişikliyi ilə yanaşı Azərbaycan torpaqları hesabına ərazi genişləndirməsinin rəsmi başlanğıcı oldu. 1920-ci ilin sonlarında Zəngəzur rayonu, 1929-cu ildə isə Mehri bölgəsi Ermənistana birləşdirildi. Bu qərarlar xalqın iradəsi və beynəlxalq hüququn normaları ilə yox, partiya kabinetlərində, “beynəlmiləlçilik” adı altında qəbul edilirdi.

Halbuki 1921-ci ildə imzalanmış Qars müqaviləsi 5 dövlət arasında sərhədlərin dəyişməzliyini təsbit etmişdi. Müqavilənin ruhu və mətni aydındır: mövcud sərhədlər toxunulmazdır. Lakin Ermənistan tərəfi 1920-ci ildən sonrakı xəritələrdə Mehri bölgəsini artıq “Ermənistan ərazisi” kimi göstərməyə başladı. Bu, təsadüfi xəta olmayıb, məqsədli siyasət idi. Məqsəd sadə və hesablanmış idi: Qars müqaviləsinə əsasən Azərbaycanın həmin torpaqlara iddia qaldırmasının qarşısını almaq, faktı yaradıb, sonra isə “artıq xəritədə belədir” demək.
Xəritə kağız parçası olmaqla bitmir. O, hüquqi, siyasi və mənəvi sənəddir. 1924-cü il xəritəsi də məhz bu mənada dəyərlidir. O dövrün rəsmi sənədi kimi Azərbaycanın o zamankı ərazi bütövlüyünü əks etdirir və eyni zamanda sonrakı illərdə baş verən itkilərin miqyasını daha aydın göstərir. Zəngəzurun və Mehrinin taleyi bu xəritənin kənarında qalan ağ ləkələr kimi görünür, xalqımıza və ölkəmizə qarşı tarixi haqsızlığın izləridir.

Bu gün biz o xəritəyə baxanda yalnız keçmişi yox, gələcəyi də görürük. Çünki “kağız üzərində vətən” anlayışı iki tərəflidir: Bir tərəfdən, torpaqların itirilməsinin sənədləşdirilmiş acısı, digər tərəfdən isə həmin torpaqların heç vaxt unudulmayacağının sübutu. Xəritə yalan danışmır. O, öz dövrünün reallığını göstərir. Və bu reallıq odur ki, sərhədlərin dəyişdirilməsi heç vaxt təbii proses olmayıb. O, konkret qərarların, konkret niyyətlərin nəticəsi olub.
Tarixi xəritələr bizim üçün arxiv materialından əlavə milli yaddaşın keşikçisidir. “Kağız üzərində Vətən” isə o yaddaşın ən dürüst formasıdır. Çünki kağız üzərində qalan hər bir xətt, hər bir sərhəd xətti bir gün yenidən müzakirə olunacaq həqiqətin daşıyıcısıdır.

Mahir QƏRİBOV,
Tarix üzrə fəlsəfə doktoru

media-whatsapp-image-2026-07-29-at-12-11-40


media-adspc

Bənzər xəbərlər