Çin Orta Dəhlizə yeni “qapı” açır: Azərbaycan üçün strateji fürsət
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti Dövlət Başçıları Şurasının sammitinin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilməsi Mərkəzi Asiyanın geosiyasi və geoiqtisadi əhəmiyyətini bir daha gündəmə gətirir.
Politoloq Zaur İbrahimli ERAmedia-ya açıqlamasında bildirib ki, ŞƏT-in fəaliyyəti Azərbaycanın nəqliyyat-logistika, enerji, rəqəmsal bağlantılar və regional təhlükəsizlik baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Azərbaycanla quru və dəniz sərhədi olan bütün ölkələrin ŞƏT və ŞƏT+ formatlarında iştirak etməsi təşkilatın Bakı üçün əhəmiyyətini daha da artırır:
“ŞƏT-in gündəliyində Azərbaycanın strateji maraqları ilə birbaşa bağlı olan məsələlər var. Bunların içərisində Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xüsusi əhəmiyyət daşıyır”.
Politoloq qeyd edib ki, Pekində 2024-cü ilin iyununda layihə ilə bağlı rəsmi sazişin imzalanmasından, həmin ilin dekabrında isə Qırğızıstanın Cəlalabad şəhərində tikinti işlərinə başlanmasından sonra layihənin reallaşması sürətlənib.
“Ümumi dəyəri təxminən 4,7 milyard dollar olan layihənin maliyyələşdirilməsində Çin banklarının da mühüm rolu var. Dəmir yolunun 2030-cu ilə qədər tam istifadəyə verilməsi nəzərdə tutulur. Özbəkistan tərəfi isə işlərin bundan 1-2 il əvvəl yekunlaşa biləcəyini istisna etmir”, – deyə Zaur İbrahimli vurğulayıb.
Onun fikrincə, dəmir yolu tam istifadəyə verildikdən sonra Çindən Avropaya və Yaxın Şərqə yük daşımalarının marşrutu təxminən 900 kilometr qısala və daşınma müddəti 7-8 gün azala bilər.
“Bu layihənin Azərbaycan üçün əsas əhəmiyyəti ondan ibarətdir ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizə inteqrasiya oluna bilər. Bu isə Azərbaycanın regional logistika qovşağına çevrilmək strategiyasını birbaşa dəstəkləyir”, – politoloq bildirib.
Zaur İbrahimli hesab edir ki, yeni dəmir yolu xətti Orta Dəhlizin yük bazasını genişləndirə bilər. Hazırda Çindən Orta Dəhlizə daxil olan yüklərin əhəmiyyətli hissəsi Qazaxıstan istiqamətindən keçərək Aktau və Kurık limanlarına, oradan isə Xəzər dənizi vasitəsilə Bakıya daşınır.
“Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Çinin cənub və mərkəzi sənaye rayonlarından gələn yüklər üçün alternativ və daha qısa çıxış imkanı yarada bilər. Bu marşrutun Özbəkistan və Türkmənistan üzərindən Türkmənbaşı limanına, daha sonra Xəzər vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çıxarılması Orta Dəhlizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər”, – deyə o qeyd edib.
Politoloq vurğulayıb ki, Azərbaycanın nəqliyyat strategiyası baxımından burada əsas məsələ yalnız yeni dəmir yolunun çəkilməsi deyil, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Mərkəzi Asiyada hansı istiqamətdə inkişaf etməsidir.
“Görünən odur ki, Pekin Mərkəzi Asiyada çoxqütblü əməkdaşlıq modelinin formalaşmasında maraqlıdır. Çin regionun konkret dövlətin və ya ölkələr qrupunun müstəsna təsir zonasına çevrilməsini istəmir. Pekinin regionda kifayət qədər güclü iqtisadi və siyasi mövqeləri var və o, müxtəlif güc mərkəzləri arasında rəqabət şəraitində öz maraqlarını qorumağa çalışır”, – Zaur İbrahimli deyib.
Onun sözlərinə görə, Çin üçün Mərkəzi Asiyada maraqların balanslaşdırılması xüsusi əhəmiyyət daşıyır. Rusiya ilə münasibətlərdə müəyyən strateji məhdudiyyətlərin yaranması, Qərb ölkələrinin regionda fəallığının artması və Mərkəzi Asiya dövlətlərinin müxtəlif tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişlənməsi Pekin üçün hazırkı mərhələdə idarəolunan və qəbul edilə bilən prosesdir.
“Çin anlayır ki, Mərkəzi Asiyada sərt geosiyasi qarşıdurmanın dərinləşməsi heç bir tərəfə uzunmüddətli dividend gətirməyəcək. Buna görə də Pekinin iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları və qarşılıqlı maraqların balanslaşdırılması üzərində qurulan yanaşması Azərbaycan üçün də olduqca mühümdür”, – politoloq bildirib.
Zaur İbrahimli qeyd edib ki, Çin ilə Mərkəzi Asiya ölkələri arasında ticarətin sürətlə artması bu strategiyanın iqtisadi əsaslarının möhkəmləndiyini göstərir. Çin hökumətinin məlumatlarına əsasən, iki tərəf arasında mal ticarəti ötən il rekord həddə – 106 milyard dollara çatıb.
“Bu göstərici Çinin Mərkəzi Asiyaya yalnız geosiyasi deyil, həm də uzunmüddətli iqtisadi maraq prizmasından yanaşdığını göstərir. Lakin regionun Çin üçün əsas strateji dəyəri yalnız təbii ehtiyatları və bazar potensialı ilə məhdudlaşmır. Mərkəzi Asiyanın ən böyük üstünlüyü onun coğrafi mövqeyidir”, – deyə o vurğulayıb.
Politoloqun fikrincə, Mərkəzi Asiya Çin, Rusiya, Yaxın Şərq, Cənubi Asiya və Avropa arasında mühüm əlaqələndirici məkan rolunu oynayır. Bu baxımdan Pekinin regionda nəqliyyat infrastrukturu qurmaq siyasəti Azərbaycanın maraqları ilə üst-üstə düşür.
“Azərbaycan özünü Avrasiyanın nəqliyyat-logistika, enerji tranziti və rəqəmsal bağlantı qovşağına çevirmək istəyir. Çinin Mərkəzi Asiyada çoxtərəfli əməkdaşlığa və alternativ nəqliyyat marşrutlarının inkişafına verdiyi önəm bu strategiyaya tam cavab verir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizə inteqrasiyası Azərbaycanın tranzit imkanlarını genişləndirə, marşrutun sərmayə cəlbediciliyini artıra və ölkəmizin regional logistika sistemində rolunu daha da gücləndirə bilər”, – Zaur İbrahimli əlavə edib.
Mələk Onur









