ŞƏT 25 yaşında: Azərbaycan üçün hansı imkanlar yaranır?
Bu il Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaradılmasının 25 ili tamam olur. 2001-ci ildə regional təhlükəsizlik məqsədi ilə yaradılan təşkilat bu gün artıq 10 üzv, 14 dialoq tərəfdaşı və 2 müşahidəçi ölkəni birləşdirən, Avrasiya iqtisadiyyatının mühüm platformalarından birinə çevrilib.
ŞƏT ölkələri dünya əhalisinin 42%-ni, qlobal ÜDM-in 23%-dən çoxunu və dünya ticarətinin təxminən 15%-ni təşkil edir. 2001-ci ildən bu yana təşkilat ölkələri arasında ticarət təxminən 19 dəfə artıb.
Bu transformasiyada Çinin rolu xüsusilə böyükdür. Çinin ŞƏT ölkələri ilə ticarəti 2025-ci ildə 524 milyard dollara çatıb. Çin şirkətlərinin regiona yatırdığı investisiyalar isə 84 milyard dolları ötüb.
ŞƏT hərbi və ya siyasi ittifaq deyil. Onun əsas üstünlüyü fərqli maraqlara malik ölkələri təhlükəsizlik, ticarət, nəqliyyat, enerji, rəqəmsallaşma və “yaşıl iqtisadiyyat” kimi sahələrdə əməkdaşlıq üçün bir araya gətirməsidir.
Azərbaycan üçün burada ciddi iqtisadi imkanlar var.
İlk növbədə, Orta Dəhlizin inkişafı Azərbaycanı Çin–Mərkəzi Asiya–Avropa ticarət marşrutunda daha mühüm logistika mərkəzinə çevirə bilər. Lakin məqsəd yalnız tranzit gəlirləri əldə etmək deyil, bu yük axınlarının yaratdığı əlavə dəyəri Azərbaycanda formalaşdırmaq olacaqdır.
İkinci istiqamət Çin investisiyalarının cəlb edilməsidir. Azərbaycan Çin şirkətləri üçün regional istehsal, logistika və xidmət mərkəzi rolunu gücləndirə bilər.
Üçüncü istiqamət enerji və yaşıl iqtisadiyyatdır. Azərbaycanın bərpa olunan enerji potensialı və Avropa ilə enerji bağlantıları ŞƏT ölkələri ilə yeni əməkdaşlıq imkanları yaradır.
Nəhayət, rəqəmsal iqtisadiyyat, fintech, elektron ticarət və data infrastrukturu sahəsində əməkdaşlıq Azərbaycanın ŞƏT məkanında yeni, yüksək əlavə dəyərli iqtisadi əlaqələr qurmasına imkan verə bilər.
Azərbaycan ŞƏT-ə sadəcə tərəfdaş kimi yanaşmır. Bu platformanı özünün Avrasiya iqtisadi strategiyasının alətlərindən biri hesab edir. Bizim üçün əsas hədəf coğrafi üstünlüyümüzü təkcə tranzit gəlirinə deyil, investisiyaya, istehsala, texnologiyaya və yüksək əlavə dəyərə çevirməkdir.
ŞƏT ilə əməkdaşlığın perspektivləri bu baxımdan Azərbaycan üçün mühüm iqtisadi imkanlar dövrü ola bilər.
Tahir Mirkişili,
Milli Məclisin deputatı
Milli Məclisin deputatı









