media-whatsapp-image-2026-09-01-at-11-24-12

1940-cı ildə İrəvandakı Matenadaran qədim əlyazmalar muzeyində Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı mühüm sənədlərin aşkar edildiyi bildirilir.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında həmin dövrdə Matenadaranda aparılan araşdırmalar və Azərbaycan dilində olduğu bildirilən Nizami şeirləri barədə arxiv materiallarına diqqət çəkib.

Onun sözlərinə görə, 1940-cı ildə muzeydə Şabanov soyadlı əməkdaş tərəfindən fars əlyazmaları bölməsində Nizami Gəncəviyə aid olduğu göstərilən bir sıra əsərlər müəyyənləşdirilib. Bunların arasında 1560-cı ildə Persiyada Əbdül Əli Seyfi İbni Əbdüllax tərəfindən köçürüldüyü qeyd edilən “Xəmsə” və 1700-cü ildə köçürülmüş “Yeddi gözəl” əsərləri də olub.

Zaur Əliyev bildirib ki, həmin dövrdə Azərbaycan dilində yazıldığı qeyd olunan 12 sətirlik bir qəzəl də xüsusi maraq doğurub. Məlumata görə, qəzəl 1735-ci ilə aid Dağıstan mənşəli bir bayazın tərkibində olub. Şeirin başlığında “Nizami qəzəli” ifadəsi yer alıb, sonuncu sətrində isə şairin özünə müraciəti kimi təqdim edilən “Ey Nizami…” ifadəsi göstərilib.

Tarixçi qeyd edib ki, bu materialların araşdırılması üçün şərqşünas erməni alimləri Acaryan, Şaxnazaryan və Arimfaryan da Matenadarana cəlb olunublar. Onun sözlərinə görə, həmin mütəxəssislərin araşdırmalarında Nizaminin Azərbaycan türkcəsində yazdığı bildirilən şeir nümunələrinin mövcudluğu barədə məlumatlar yer alıb.

Zaur Əliyevin təqdim etdiyi məlumatlarda erməni şərqşünası Acaryanın muzeydə Nizami Gəncəvinin qəzəl və şeirlərinin əksəriyyətinin Azərbaycan türkcəsində yazıldığı barədə məlumat verdiyi bildirilir.

Sənədlərdə daha bir mühüm məqamın Nizaminin “Leyli və Məcnun” əsəri ilə bağlı olduğu qeyd olunur. Acaryanın hesabatında Şirvanşah Axsitanın sifarişi ilə yazıldığı göstərilən əsərin iki versiyasının aşkarlandığı, onlardan birinin fars, digərinin isə Azərbaycan türkcəsində olduğu barədə məlumat verilir.

Tarixçi bildirib ki, Matenadaranın direktoru Qriqor Abov bu məsələ ilə bağlı Azərbaycan KP(b) MK-nın birinci katibi Mircəfər Bağırova və Ermənistan KP MK katibi Arutyunyana məktub göndərib.

Məktubda 1940-cı ildə Matenadaranda aşkar edilən və 1735-ci ilə aid Dağıstan mənşəli bayazda yer alan Azərbaycan dilindəki şeirin Nizami Gəncəviyə məxsusluğunun araşdırıldığı qeyd edilir. Sənədə əsasən, Azərbaycanlı tədqiqatçı Səmədzadə Həbib və yoldaş Ermolenko da bu araşdırmalarda iştirak ediblər.

Məktubda Səmədzadənin şeirlə tanış olduqdan sonra onun Azərbaycan dilində yazıldığını və Nizamiyə məxsusluğuna şübhə etmədiyini bildirdiyi vurğulanır. Eyni zamanda mətnin fars qəzəlləri ilə müqayisə edildiyi, lakin həmin nümunənin fars qəzəllərində aşkar edilmədiyi üçün onun Azərbaycan dilində yazıldığı qənaətinə gəlindiyi qeyd olunur.

Zaur Əliyevin sözlərinə görə, sənədlərdə Nizaminin “Leyli və Məcnun” əsərinin ön sözünə də istinad edilir. Burada Şirvanşah Axsitanın şairin türk dilində yazmasına münasibətini ifadə edən məşhur sözlər xatırladılır. Bu məqam sovet dövründə Nizaminin yaradıcılıq dili və milli mənsubiyyəti ilə bağlı aparılan müzakirələrdə mühüm arqumentlərdən biri kimi təqdim olunub.

Qriqor Abovun məktubunda isə Matenadaranda aşkar edilən şeirlərin Gəncəli şair Nizami Gəncəviyə aid olduğuna əminlik ifadə edildiyi bildirilir. Abov ehtimal edirdi ki, sonrakı dövrlərdə fars dilinin və fars ədəbi mühitinin təsiri nəticəsində Azərbaycanın özündə Nizaminin türk dilində yazdığı əsərlər sıxışdırılıb, həmin nümunələr isə Dağıstanda qorunaraq sonradan İrəvandakı arxivə gətirilib.

Sənədlərdən məlum olduğu bildirilən digər məqam isə Ermənistan tərəfinin məsələni daha ətraflı araşdırmaq üçün Leninqraddan fars ədəbiyyatı üzrə mütəxəssisləri üç aylıq müddətə İrəvana dəvət etmək niyyətidir. Lakin İkinci Dünya müharibəsinin başlaması bu planın həyata keçirilməsinə mane olub.

Zaur Əliyev qeyd edib ki, 1940-cı ildə Leninqradda da Nizami ilə bağlı müəyyən arxiv materiallarının olduğu barədə məlumat əldə edilib və həmin sənədləri araşdırmaq üçün bir qrup şəxsin oraya göndərilməsi məsələsi müzakirə olunub.

Tarixçi həmçinin 3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın “Pravda” qəzetində dərc olunan məqaləsinə diqqət çəkib. Məqalədə Bajan Stalinlə görüşü zamanı sovet rəhbərinin Nizami Gəncəvi haqqında danışdığını və onun əsərlərindən nümunələr gətirdiyini yazırdı.

Bajanın yazdığına görə, Stalin Nizaminin İran ədəbiyyatına aid edilməsinin düzgün olmadığını əsaslandırarkən şairin farsca yazmağa məcbur olduğunu və öz xalqı ilə doğma dilində əlaqə qurmasına imkan verilmədiyini vurğulayıb.

1947-ci il 22 sentyabr tarixində SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonovun “Pravda” qəzetində dərc olunmuş məqaləsində də Nizami Gəncəvinin milli mənsubiyyəti məsələsinə toxunulduğu bildirilir. Tixonov Nizaminin farsca yazmasına baxmayaraq, onun Azərbaycanla və türk kimliyi ilə bağlılığını vurğulayıb və “Xosrov və Şirin” əsərinin sonunda işlədilən “türkzadə” ifadəsinə istinad edib.

Zaur Əliyevin sözlərinə görə, bütün bu sənədlər sovet dövründə Nizami Gəncəvinin yaradıcılığı və milli-mədəni irsi ətrafında gedən mübahisələrin daha mürəkkəb olduğunu göstərir.

O bildirib ki, əsas mübahisəli məqamlardan biri Matenadaranda olduğu bildirilən Azərbaycan türkcəsindəki Nizami şeirlərinin sonrakı taleyidir. İddialara görə, Azərbaycan tərəfinin müraciətlərinə baxmayaraq, həmin materialların bir daha tədqiqatçılara təqdim edilmədiyi və sənədlərin Matenadaranın fondlarında qaldığı bildirilir.

Tarixçi vurğulayıb ki, bu məsələ ilə bağlı arxiv sənədlərinin orijinal nüsxələrinin, əlyazmaların kataloq məlumatlarının və ekspertiza nəticələrinin ayrıca elmi araşdırmaya cəlb edilməsi vacibdir. Onun fikrincə, belə materialların həqiqiliyinin, tarixinin və Nizami Gəncəviyə aidliyinin müasir paleoqrafik və filoloji metodlarla yenidən yoxlanılması mübahisəyə elmi aydınlıq gətirə bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər