Toxumçuluq sahəsində özəl sektorun fəaliyyətinin genişləndirilməsi hədəflənir - İlhamə Qədimova
Toxumçuluq sahəsində daha geniş tədbirlərin görülməsi nəzərdə tutulur və bu, beynəlxalq normalara uyğun olaraq ölkəmizdə konsorsium sahəsində fəaliyyətin genişləndirilməsinə səbəb olacaq.
ERAmedia xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova yeni qəbul olunmuş Toxumçuluq və Balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunları ilə bağlı məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.
İ.Qədimova bildirib ki, burada özəl sektorun, xüsusilə də toxumçuluq sahəsində fəaliyyətinin daha genişləndirilməsi və onlarla bu işin daha təkmil hala gətirilməsi hədəflənir.
“Ölkəmizdə bir çox bitkilərlə bağlı məhsuldarlığın artırılması hədəfləri var. Bu hədəflərə xidmət edəcək bütün sahələrdə Kənd Təsərrüfatı Nazirliyinin nəzarət fəaliyyəti davam etdiriləcək. Bunlardan biri də istehsal bazası olan toxumun təkmilləşdirilməsi və sertifikatlı toxumdan tam şəkildə istifadə edilməsidir. Təbii ki, bunun da yaratdığı zəruri fondlar ibarətdir ki, ölkəmizdə sertifikatlı toxum istehsalı artsın və yerli toxumun keyfiyyətinə olan inam da yüksəlsin”, – deyə o bildirib.
Nazir müavini vurğulayıb ki, hazırkı mərhələdə istehsalda həm idxal toxumundan, həm də yerli toxumdan istifadə ediləcək.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 14-də “Toxumçuluq haqqında” Qanunu təsdiqləyib. Sənəd müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir.










