media-1686894344_154160249_3960193327337126_5837679600446958159_n

Sabah Kəlbəcər şəhərinin günüdür…

Düz otuz il baxdığımız təqvimin hər varağından bizə ayrılıq, nisgil boylandı. O təqvimdə elə rəqəmlər var idi ki, gözümüz sataşanda ürəyimiz tıncıxırdı. Doğulduğumuz yurdun qapısını üzümüzə bağlayan günlərə nifrət edirdik…

O günün günahı yox idi, qanlı tarix onun adına yazılmışdı.

İndi həmin rəqəmlərdən qayıdışın nəfəsi gəlir. Bir vaxtlar adını çəkəndə gözlərimiz dolan şəhərlərimizin gününü bu gün alnıaçıq, üzüağ qeyd edirik. Kəlbəcər, Şuşa, Xankəndi, Ağdam, Laçın… Həsrətimizin ünvanı olan bu adlar indi Zəfərimizin tarixidir.

Sabah Kəlbəcər şəhərinin günüdür…

Sabah otuz il öz dağlarının üzünə baxa bilməyənlərin, bulaqlarının səsini yuxusunda eşidənlərin, uşaqlığını bir ovuc torpaq kimi ürəyində saxlayanların günüdür. Kəlbəcərin daşına, suyuna, havasına, ən əsası insan yaddaşına qayıdışın günüdür.

Kəlbəcəri bir dəfə görən onu ömründən çıxara bilmir. Burada dağlar tək yer üzündə ucalmır, insanın daxilində də özünə yer qurur. Burada qartalın uçuşunda azadlığın, bulağın şırıltısında ana laylasının, meşələrin sükutunda minilliklərin nəfəsi var. Kəlbəcərin çiçəyi başqa cür açır, havası başqa cür nəfəs verir. Elə bil təbiət bu diyarda özünə ayrıca bir dil yaradıb. O dili eşitmək üçün ürəyin olmalıdır.

Bir sirr də açım, Kəlbəcərin möhtəşəmliyini dağlarının hündürlüyündə axtarmayın… Dağların ətəyində yaşayan insanların ucalığı dağlardan da hündürdü. Kəlbəcəri Kəlbəcər edən onun adamlarının sözü, davranışı, ağayanalığı, böyüyə hörməti, kiçiyə qayğısıdır. Kəlbəcərin dağları onun təbiətini qoruyursa, insanları adını uca saxlayır.

Özümdən asılı deyil, Kəlbəcər azmanlığından keçmiş zamanda yaza bilmirəm. Kəlbəcər aşığı deyəndə ilk yada Dədə Şəmşir gəlir. Atının belində, sazı çiynində, dayanıb sənə baxır. Dədə Şəmşir Kəlbəcərin səsinin, el yaddaşının, dağların dilə gəlmiş halının adıdır. Onun sazında bu torpağın sevinci, dərdi var. Bir elin danışa bilmədiyini sözə, sözün deyə bilmədiyini saza çevirir. Dədə Şəmşir Kəlbəcərin mənəvi pasportudur. Onun sazı bu torpağın ünvanını yaddaşlara yazır.

Kəlbəcər təhsili deyəndə ilk Bəhmən Cəfərov (Qara Bəhmən), Cəfər Əhmədov, Əli Kazımov yada düşür. Onlar üçün müəllimlik bir uşağın gələcəyinə əl uzatmaq, bir ailənin ümidini qorumaq, bütöv bir elin sabahına xidmət etməkdir. Öz dər-sərlərini unudub kasıb ailələrin övladlarına dayaq olan, şagirdinin uğurunu öz uğurundan üstün tutan müəllimlər var.

Kəlbəcər səhiyyəsini xatırlayanda ilk Hüseyn doxtur, doxtur Əvəz, Bəhram Sarıyev yada düşür. Onlar xəstənin ağrısını, ailəsinin nigarançılığını anlayırdılar. Həkimlik onlar üçün böyük insanlıq borcu bilir.

Ağsaqqallardan danışanda ilk Mamed Xudaquliyev, İsmayıl Hacıyev, Tapdıq Cəfərov kimi kişilər xatırlanır. Onların sözü insanların yaddaşına deyilirdi. Bir ailənin mübahisəsini bir kəlmə ilə sakitləşdirən, bir gəncin yolunu xeyir-dua ilə işıqlandıran, elin dərdini öz dərdi bilən adamlardır. Onların böyüklüyü başqalarının yükünü çiyinlərində daşımaq bacarığındadır.

Ziyalı deyəndə ilk Qənbər Qurbanov, Şamil Əsgərov, Təhməz Cəfərov yada düşür. Onlar düşüncənin, sözün, mədəniyyətin və elə bağlılığın daşıyıcılarıdılar. Şairlərdən söz düşəndə ilk Zal Cabbarlı, Bəhmən Vətənoğlu, Sücaət, Məmməd Aslanın adları yaddaşımızda işıq kimi yanır. Onlar bütöv Kəlbəcəri misralara köçürərək bu yurdun mənəvi xəritəsini yaradırlar.

Bu adların hər birinin arxasında qibtə ediləcək bir ömür, hər ömrün arxasında bir Kəlbəcər dayanır. İndi onların hamısı haqq dünyasındadır. Bax, burada hiss edirsən ki, insanın ömrü torpağa tapşırıldığı gün bitmir. Yetişdirdiyi şagird, xilas etdiyi insan, verdiyi xeyir-dua, yazdığı misra, kiminsə yaddaşında qoyduğu yaxşılıq onun ömrünü davam etdirir. Dərk edirsən ki, Kəlbəcərin mənəvi sütunları həmin insanların əməlləridir.

Onlar Kəlbəcərin görünməyən divarlarıdırlar. Onların divarlarında etibar var, bünövrəsində tərbiyə, mərhəmət, ləyaqət dayanır. O divarlar gözə görünmür, amma bir elin necə yaşamalı olduğunu göstərir. Kəlbəcər belə ömürlərin toplusudur.

İndi bu torpaqda yenidən evlər, yollar tikilir, həyat öz axarına qayıdır. “Böyük Qayıdış” insanların doğulduğu ünvana dönməsindən daha çox yarımçıq qalmış talelərin, uşaqlıq xatirələrinin öz yerini tapmasıdır. Bu diyarda hər şey yaddaşla dönüb Kəlbəcər olur.

Kəlbəcərin mənəvi sərvətini qorumaq gələcəyini qurmaq qədər vacibdir. Babalarımızın danışığını, el adətlərini, xeyir-dualarını, qonaqpərvərliyini, böyüyə hörmətini, kiçiyə mərhəmətini gələcək nəsillərə çatdırmalıyıq. Bir xalqın yaddaşı yazılan tarixə sığmaz, o yaddaş xatirələrdə, nəsildən-nəslə ötürülən davranışlarda da yaşayır.

Sabah Kəlbəcərin günüdür. Bu bayramın qarşısında ən böyük ehtiramımız Şəhidlərimizədir. Kəlbəcərin dağlarında qartal uçursa, bulaqlarının səsi eşidilirsə, bu torpaqda uşaqların gülüşü duyulursa… Bütün bunların arxasında öz ömrünü Vətənə bağışlayan igidlərin qanı, yarımçıq arzuları, geri dönməyən addımları dayanır. Onlar özlərinin görə bilməyəcəkləri sabahları bizə vermək üçün canlarından keçdilər. Bayram etdiyimiz torpağa onların qanı ilə yol açıldı.

Babalarımızın ruhu da Şəhidlərimizlə birgə bu torpağın hər daşında, hər bulağında, hər xatirəsində yaşayır. Onlar Kəlbəcəri bir coğrafiya kimi qoyub getmədilər. Onun adını, abrını, insanlığını, el yaddaşını əmanət etdilər. Həmin əmanəti qorumaq qayıdışın ən böyük məsuliyyətidir.

Sabah Kəlbəcər şəhərinin günüdür.

Bu gün müəllimlərin, həkimlərin, ağsaqqalların, ziyalıların, şairlərin, sənətkarların, zəhmət adamlarının günüdür. Bu gün Kəlbəcəri ömründə yaşadanların, ondan uzaqda olsa da, ürəyində bir qarış torpaq qədər yer saxlayanların günüdür. Bu gün Şəhidlərimizin əmanətinə sahib çıxmaq günüdür.

Sabah küləyin Kəlbəcərdən gətirəcəyi səsdə Qara Bəhmənin dərs dediyi uşaqların nəfəsi, Hüseyn doxturun şəfa verdiyi insanların gülüşü, ağsaqqalların xeyir-duası, Dədə Şəmşirin sazının sədası olacaq.

Kəlbəcər… Sən otuz il işğalda qaldın, yaddaşımızda bir gün də əsir olmadın.

Bu gün sənin qapıların açılıb. Borcumuz səni bizə əmanət edən Şəhidlərə, səni yaddaşımızda yaşadan babalara, adını sazda, sözdə, xatirədə qoruyan insanlara layiq olmaqdır.

Bayramın mübarək, Kəlbəcər!

Qoy, hər zaman dağların başı uca, bulaqların gur, ocaqların isti, insanlarının üzü ağ olsun!


media-adspc

Bənzər xəbərlər