media-metbuat__1_

Azərbaycan Mətbuat Şurası bəzi media subyektlərinin və jurnalistlərin ictimai məzmunlu hadisələri işıqlandırarkən peşə etikası prinsiplərindən kənara çıxması ilə bağlı bəyanat yayıb.

ERAmedia bəyanatı təqdim edir: “Son günlər bəzi media subyektlərinin və jurnalistlərin ictimai məzmunlu hadisələri işıqlandırarkən peşə etikası prinsiplərindən kənaraçıxma halları müşahidə olunur. Xüsusilə, dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad etmədən məlumatların yayılması, tələsik və səthi təqdimatlarla ictimaiyyətə çatdırılması media fəaliyyətinin məsuliyyət və peşəkarlıq meyarları ilə bağlı ciddi suallar doğurur. Belə hallar cəmiyyətin informasiyaya etimadını sarsıdır, jurnalistikanın ənənəvi missiyasına və nüfuzuna zərbə vurur.

Medianın cəmiyyəti çevik formada məlumatlandırması təqdirəlayiqdir, lakin operativlik faktların dəqiqliyi, məlumatların yoxlanılması, hadisələrin mahiyyətinin obyektiv təqdimatı və peşə etikası prinsipləri hesabına təmin edilməməlidir.

Jurnalistlər və media subyektləri informasiya yayarkən şəxsi həyatın toxunulmazlığı prinsipinə xüsusi həssaslıqla yanaşmalıdırlar. İctimai əhəmiyyət daşımayan şəxslərin həyatına aid məlumatların, foto və video görüntülərin onların hüquq və mənafeləri nəzərə alınmadan yayılması etik standartlarla uzlaşmır. Son günlər bu prinsipin pozulması ilə bağlı müşahidələr narahatlıq doğurur.

İnformasiyanın təqdimatı zamanı şəxsi həyatın toxunulmazlığına və insan ləyaqətinə hörmət göstərilməsi, eləcə də fərdi məlumatların qorunması əsas etik tələblərdəndir. Bu cür halların jurnalistikanın ictimai nüfuzuna ciddi zərbə vurduğu yaddan çıxmamalıdır.

Azərbaycan Mətbuat Şurası hesab edir ki, media subyektləri və jurnalistlər bu məsələlərə ciddi yanaşmalı, fəaliyyətlərində ictimai məsuliyyət, peşəkarlıq və etimad amillərini əsas götürməlidirlər. Jurnalistika ictimai əhəmiyyətli informasiyanın cəmiyyətə çatdırılması missiyasını sensasiya, reytinq və diqqət cəlb etmək naminə qurban verməməli, informasiya təqdimatında etik həssaslıq və məsuliyyət nümayiş etdirməlidir”.

Mətbuat Şurası media subyektlərinin təmsilçilərini, jurnalistləri, habelə müstəqil jurnalist fəaliyyəti həyata keçirən bütün şəxsləri “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na ciddi əməl etməyə çağırıb. Bildirilib ki, hadisə və proseslərə həssas, vicdanlı və peşəkar yanaşma jurnalistikanın cəmiyyət qarşısındakı missiyasının, media etimadının və nüfuzunun əsas şərtidir.


media-adspc

Bənzər xəbərlər