media-17952370796493037583_1200x630

Böyük dövlətlərin tarix boyu Şərqə, xüsusilə Cənub-Şərqi Asiyaya nüfuz etmək cəhdləri müxtəlif formalarda olub, lakin güc və təzyiq yolu ilə bölgəyə daxil olmaq istəyənlər uğursuzluğa düçar olublar, qarşılıqlı əməkdaşlıq və hörmət prinsiplərinə əsaslanan münasibətlər quranlar isə daha müsbət qarşılanıblar.

ERAmedia-nın məlumatına görə, Milli Məclis sədrinin müavini Musa Qasımlı Azərbaycanın xarici siyasətinin əsas xəttinin milli maraqlara söykənən, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq olduğunu bildirərək Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin strateji əhəmiyyətini vurğulayıb.

Qasımlının sözlərinə görə, Azərbaycan dövlətinin xarici siyasəti yalnız mövcud beynəlxalq reallıqları deyil, eyni zamanda gələcək illərdə formalaşa biləcək siyasi və iqtisadi prosesləri də nəzərə alan uzunmüddətli strategiyaya əsaslanır. Bu siyasət çərçivəsində atılan addımlar əvvəlcədən təhlil edilir, mümkün nəticələr müxtəlif ssenarilər üzrə qiymətləndirilir və ölkənin milli maraqlarına uyğun qərarlar qəbul olunur.

Milli Məclis sədrinin müavini hesab edir ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin, xüsusilə Cənub-Şərqi Asiya regionu ilə əlaqələrin inkişafına verilən önəmin növbəti təzahürüdür.

Nə üçün Cənub-Şərqi Asiya, nə üçün Vyetnam?

Musa Qasımlı qeyd edib ki, Cənub-Şərqi Asiya regionu bu gün dünya siyasətində və iqtisadiyyatında mühüm mövqeyə malikdir. ASEAN – Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarətin inkişafı, investisiyaların cəlb edilməsi və regional sabitliyin qorunması baxımından əhəmiyyətli platformadır.

11 ölkəni birləşdirən ASEAN təxminən 700 milyon əhalisi olan böyük iqtisadi məkanı əhatə edir. İndoneziya, Malayziya, Sinqapur, Tailand, Filippin, Vyetnam, Bruney, Kamboca, Laos, Myanma və Şərqi Timor bu təşkilatın üzvləridir. Region dünya iqtisadiyyatının dinamik inkişaf edən mərkəzlərindən biri olmaqla yanaşı, beynəlxalq ticarət, maliyyə, bankçılıq, logistika və investisiya sahələrində də mühüm rol oynayır.

Qasımlının fikrincə, regionun strateji əhəmiyyətini artıran əsas amillərdən biri onun əlverişli coğrafi mövqeyidir. Çin və Hindistan kimi böyük dövlətlərin arasında yerləşən, Sakit və Hind okeanları hövzəsində mühüm dəniz marşrutlarına çıxışı olan Cənub-Şərqi Asiya beynəlxalq iqtisadi və geosiyasi proseslərdə xüsusi əhəmiyyət daşıyır.

ASEAN ölkələri Çin, Yaponiya, ABŞ, Avropa İttifaqı və digər iqtisadi mərkəzlərlə geniş ticarət əlaqələri qurub. Sənaye, turizm, kənd təsərrüfatı, maliyyə, xidmət sektoru, xarici investisiyalar və beynəlxalq ticarət regionun iqtisadi inkişafında mühüm rol oynayır. Zəngin təbii resurslar, geniş əmək bazarı və investisiyalar üçün əlverişli imkanlar da bu ölkələrin cəlbediciliyini artırır.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, bir sıra Avropa və ABŞ şirkətlərinin istehsal və biznes fəaliyyətlərini daha əlverişli xərclər və geniş əmək bazarı imkanları olan Cənub-Şərqi Asiya ölkələrinə yönəltməsi regionun qlobal iqtisadiyyatda mövqeyinin daha da güclənəcəyini göstərir. ASEAN-ın gələcəkdə dünya iqtisadiyyatında rolunun artacağı və beynəlxalq mövqelərinin möhkəmlənəcəyi gözlənilir.

Vyetnam Azərbaycanın Asiya strategiyasında mühüm yer tutur

Musa Qasımlı bildirib ki, Azərbaycan da uzunmüddətli strateji hədəflər müəyyənləşdirir və ASEAN ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində Vyetnam xüsusi yerə malikdir.

Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin əsas fəlsəfəsini aydın şəkildə ortaya qoyur. Azərbaycanın xarici siyasətində dövlətlərin böyüklüyündən və siyasi çəkisindən asılı olmayaraq, qarşılıqlı hörmət, suverenliyə yanaşma, milli maraqların qorunması və bərabərhüquqlu əməkdaşlıq əsas meyarlar kimi çıxış edir.

Qasımlının sözlərinə görə, Vyetnamın Azərbaycanın xarici siyasətindəki əhəmiyyətini bir neçə mühüm amil müəyyənləşdirir. İlk növbədə, ərazisi 331 min 212 kvadrat kilometr, əhalisi 100 milyondan çox olan Vyetnam Sakit okean hövzəsində, Cənub-Şərqi Asiyanın geosiyasi baxımdan mühüm məkanında yerləşir. Cənubi Çin dənizinə geniş çıxış imkanları ölkənin strateji əhəmiyyətini artırır.

Digər mühüm amil Azərbaycanın Cənubi Qafqazda logistika və energetika mərkəzi, Avropa ilə Asiyanı birləşdirən etibarlı tranzit məkan kimi mövqeyidir. Orta Dəhlizin imkanlarından istifadə etməklə Vyetnamın Azərbaycan üzərindən Avropa bazarlarına çıxışı genişləndirilə bilər. İki ölkənin potensialının birləşdirilməsi yeni bazarlara çıxış, birgə layihələrin reallaşdırılması, biznes əlaqələrinin və investisiya imkanlarının artırılması üçün əlverişli zəmin yaradır.

Tarixi əlaqələr münasibətlərin möhkəm təməlidir

Musa Qasımlı vurğulayıb ki, Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında tarixi bağların da xüsusi rolu var. İki ölkə arasında əlaqələrin əsası 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri zamanı qoyulub. Həmin səfər dostluq münasibətlərinin formalaşmasında mühüm hadisə olub.

1983-cü ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin rəhbərliyi ilə sovet nümayəndə heyətinin Vyetnama səfəri də ikitərəfli əlaqələrin və region ölkələri ilə münasibətlərin inkişafında əhəmiyyətli rol oynayıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra münasibətlər yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama səfəri, 2015-ci ilin mayında Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasının möhkəmləndirilməsinə və siyasi əlaqələrin inkişafına mühüm töhfə verib.

2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə münasibətlərdə yeni mərhələnin başlanğıcı olub. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldib.

Azərbaycan və Vyetnam BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Bu, münasibətlərin yalnız ikitərəfli deyil, həm də çoxtərəfli platformalarda inkişaf etdiyini göstərir.

Ticarət, logistika və investisiya əməkdaşlığı geniş potensial vəd edir

Milli Məclis sədrinin müavini qeyd edib ki, Azərbaycan-Vyetnam münasibətlərinin iqtisadi təməli də formalaşıb. İki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dollardan artıq olması mövcud əlaqələrin göstəricisi olmaqla yanaşı, gələcək inkişaf üçün geniş potensialın mövcudluğunu nümayiş etdirir.

Neft və qaz sektorunda əməkdaşlıq, Vyetnam investisiyaları üçün Azərbaycanın cəlbedici imkanları, eləcə də Vyetnam mallarının Azərbaycan üzərindən Avropa bazarlarına və əks istiqamətdə daşınması iqtisadi əlaqələrin genişləndirilməsi üçün perspektivli sahələrdir.

Qasımlının fikrincə, Orta Dəhliz iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında mühüm vasitəyə çevrilə bilər. Azərbaycanın tranzit, logistika və nəqliyyat infrastrukturu Vyetnam şirkətləri üçün yeni imkanlar yaradır, eyni zamanda Azərbaycan biznesinin Cənub-Şərqi Asiya bazarlarına çıxışını genişləndirə bilər.

Humanitar əlaqələr və təhsil əməkdaşlığı

Musa Qasımlı iki ölkə arasındakı münasibətlərin inkişafında humanitar sahənin də mühüm rol oynadığını bildirib. Azərbaycanda ali təhsil almış yüzlərlə Vyetnam vətəndaşının hazırda öz ölkələrində müxtəlif sahələrdə çalışması xalqlar arasında uzunmüddətli dostluq əlaqələrinin formalaşmasına xidmət edir.

Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vyetnamla humanitar münasibətlərin dərinləşdirilməsində mühüm fəaliyyəti xüsusi qeyd olunur. Vyetnamda ibtidai məktəb binasının tikintisi, təhsil proqramlarının dəstəklənməsi və digər humanitar layihələr iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir.

Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri zamanı ölkə rəhbərliyi, yaradıcı ziyalılar, Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşləri, Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi də humanitar əməkdaşlığın inkişafında əhəmiyyətli addımlar kimi qiymətləndirilir.

Hər iki ölkənin aparıcı universitetləri arasında tərəfdaşlıq müqavilələri və memorandumların imzalanması, Azərbaycanda Vyetnam günlərinin keçirilməsi mədəni və təhsil əlaqələrinin daha da genişlənməsinə imkan yaradır.

Səfər yeni əməkdaşlıq imkanları açır

Musa Qasımlı hesab edir ki, Azərbaycan ilə Vyetnam arasında münasibətlərin təməlləri möhkəmdir və əməkdaşlığın gələcək perspektivləri genişdir. Siyasi dialoq, tarixi dostluq, iqtisadi əlaqələr, tranzit imkanları, investisiyalar, təhsil və humanitar əməkdaşlıq iki ölkənin münasibətlərini daha da inkişaf etdirə biləcək əsas istiqamətlərdir.

Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri bu əlaqələrin yeni imkanlarla zənginləşdirilməsi, qarşılıqlı faydalı layihələrin genişləndirilməsi və Azərbaycanın Cənub-Şərqi Asiya regionunda mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətli hadisədir.

Bu səfər Azərbaycanın xarici siyasətində uzaq coğrafiyaların deyil, konkret milli maraqların, iqtisadi imkanların və strateji tərəfdaşlıq perspektivlərinin əsas götürüldüyünü bir daha nümayiş etdirir. Vyetnamla əməkdaşlığın dərinləşdirilməsi isə Azərbaycanın Asiya istiqamətində çoxşaxəli xarici siyasətinin mühüm elementlərindən biri kimi çıxış edir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər