media-2b6e72ee-16b1-4fae-a62f-1b1450a635ee

İnsan ömründə elə gedişlər var ki, aradan nə qədər zaman keçsə də, bitmir. Gedən gedir, yollar uzanır, fəsillər dəyişir, təqvimlərdən günlər qopur, amma insanın içində nələrsə elə həmin gündə, həmin saatda qalır. Sanki həyat davam etmək üçün tələsir, ürək isə bir addım belə irəli gedə bilmir…

Mən həmişə düşünmüşəm ki, uzaqlığın ən ağrılı tərəfi məsafə deyil, o məsafənin içində qalan gözləntidir. İnsan bəzən bir qayıdışa o qədər inanır ki, gəlməyən günləri də gələcəkmiş kimi yaşayır. Hərdən bir səsə, bir xəbərə, təsadüfi bir görüşə bağlayır ümidini. Özü də bilmir nəyin intizarındadır, gedənin qayıtmasınınmı, yoxsa onun gedişindən əvvəlki özünə qovuşmağınmı…

Əslində, heç kimin yoxluğu ilə yaşamaq asan deyil. Sadəcə insan zaman keçdikcə ağrısını gizlətməyi, darıxmağını susdurmağı, xatirələrin qarşısından başını aşağı salıb keçməyi öyrənir. Amma öyrənmək unutmaq deyilmiş. Bəzən bir mahnının ilk notu, bir küçənin tanış mənzərəsi, bir fincan qəhvənin soyuyanadək davam edən sükutu illərin üstünü bir anda qaldırmağa yetir.

Ən qəribəsi də budur ki, insanın günləri bir-birinə qarışanda bunu heç kim görmür. Hamı səni əvvəlki kimi görür, gülümsəyirsən, danışırsan, işlərini görürsən. Halbuki içində bir təqvim var, bütün günləri eyni tarixə yazılıb. Nə dünən dünəndir, nə sabah sabah… Hər şey bir gözləntinin ətrafında fırlanır.

Bəlkə də insanın ən böyük məğlubiyyəti gedəni itirmək deyil, onun yoxluğunda öz həyatının rəngini, ahəngini, əvvəlki mənasını itirməkdir. Çünki bəzi insanlar həyatımıza sadəcə gəlmirlər, gəlişləri ilə içimizdə bir dünya qururlar. Onlar gedəndə isə həmin dünya dağılmır, sadəcə içində yaşamaq mümkünsüzləşir.

Və bir gün anlayırsan ki, heç də bütün ayrılıqlar vidalaşmaqla başlamır. Bəziləri bir cümlənin yarımçıq qalmasından, bir görüşün təxirə düşməsindən, vaxtında deyilməyən bir sözdən başlayır. İnsan sonradan o yarımçıq anların içində bütöv bir ömür axtarır.

Kaş ki, hər uzaqlığın bir dönüş yolu, hər susqunluğun bir cavabı, hər yarımçıq qalanın bir davamı olaydı. Amma həyat bizə hər zaman istədiyimizi qaytarmır. Bəzən yalnız xatirələri saxlayır, bəzən də insanı heç vaxt baş verməyəcək bir qayıdışın astanasında qoyur.

Bəlkə də elə buna görə bəzi qapılar bağlansa da, insanın içində gözləməkdən yorulmayan bir pəncərə qalır. Və o pəncərədən hələ də kiminsə yoluna baxan bir ürək var…

Çünki insan bəzən birini unutmadığı üçün deyil, onunla yaşaya biləcəyi bir ömrü heç vaxt yaşaya bilmədiyi üçün darıxır…

Mehriban Nəcəf


media-adspc

Bənzər xəbərlər