Bakıda doğulub Şuşanı işğal edən general öldü
Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı Leonid Martirosov ölüb.
ERAmedia xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Leonid Martirosov 1939-cu ildə Bakıda anadan olub. O, 1961-ci ildə Tbilisi Ali Artilleriya Hərbi Məktəbini, 1975-ci ildə isə Leninqrad Hərbi Artilleriya Akademiyasını bitirib.
Martirosov 1961–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Zaqafqaziya və Orta Asiya hərbi dairələrində, eləcə də Şərqi Almaniyada yerləşən sovet qoşun qrupunda xidmət edib. Həmin dövrdə briqada komandirinin müavini, briqada komandiri, Zaqafqaziya Hərbi Dairəsinin 4-cü ordusunun qərargah rəisi vəzifələrində çalışıb.
Qeyd edək ki, Martirosov Ermənistanın sərhədyanı ərazilərinin, Qarabağın müxtəlif rayonlarının, o cümlədən Şuşanın işğal edilməsində iştirak edib.
O, 2000–2014-cü illərdə Ermənistanın baş hərbi müfəttişinin birinci müavini vəzifəsini tutub. Martirosov Ermənistan ordusunun quruculuğunda və silahlı qüvvələrin əməliyyat sənətinin inkişafında rol oynayıb.









