Əməliyyat zamanı xəstələrin qaraciyərinə “SB” yazan cərrah
Simon Bramhall (doğum tarixi: 28 oktyabr 1964) Böyük Britaniyalı keçmiş qaraciyər, öd yolları və mədəaltı vəzi (HPB) üzrə transplantasiya cərrahıdır. O, uzun illər Birmingemdəki “Queen Elizabeth” xəstəxanasında çalışıb və tibbi tədqiqatlar sahəsində fəal olub. Lakin o, dünya ictimaiyyətində peşəkar fəaliyyətindən daha çox xəstələrin qaraciyərlərinə öz ad və soyadının baş hərflərini (“SB”) həkk etməsi qalmaqalı ilə tanınır.
ERAmedia xarici mediaya istinadən xəbər verir ki, 2013-cü ildə Birmingemdə keçirdiyi iki ayrı qaraciyər köçürmə əməliyyatı zamanı Bramhall qanaxmanı dayandırmaq üçün istifadə olunan arqon şüalı koaqulyator (argon beam coagulator) adlı tibbi cihaz vasitəsilə transplantasiya edilən qaraciyərlərin səthinə öz ad və soyadının baş hərflərini (“SB”) yandıraraq yazıb.
Bu hərəkət başqa bir cərrahın həmin xəstələrdən birini sonradan təkrar əməliyyat (yoxlama) etməsi zamanı təsadüfən aşkarlanıb. Qaraciyərin üzərində “SB” hərfləri aydın şəkildə görünürdü. (Qeyd: Adətən arqon cihazının izləri sağalma prosesində itir, lakin həmin xəstənin qaraciyəri normal sağalmadığı üçün izlər qalmışdı).
2017-ci ildə Bramhall iki xəstəyə qarşı “fiziki təcavüz” (assault by beating) ittihamı ilə günahını etiraf etdi. 2018-ci ilin yanvarında məhkəmə ona 10.000 funt sterlinq cərimə və ictimai işlər cəzası kəsdi. Hakim onun bu hərəkətini “peşəkar təkəbbür” kimi qiymətləndirdi. İlk vaxtlar onun tibbi fəaliyyəti müvəqqəti dayandırılsa da, 2022-ci ilin yanvar ayında Böyük Britaniyanın Tibbi Praktikantlar Tribunalı Xidməti (MPTS) Simon Bramhall-ın həkimlik lisenziyasını tamamilə ləğv etdi və adını tibbi reyestrdən sildi.
Bramhall məhkəmədə bu hərəkəti əməliyyat zamanı yaranan gərginliyi azaltmaq məqsədilə etdiyini desə də, tribunal bunun tibbi etikaya və xəstələrin həkimlərə olan etibarının əsaslarına zərbə vurduğunu bildirib.









