media-nikol_pashinyan_1

Ermənistanın baş naziri Nikol Paşinyan siyasi karyerası boyunca ən riskli məqamlarda eyni taktikaya əl atıb: ölkənin taleyinə təsir edən mühüm məsələlərlə öz siyasi gələcəyini tərəzinin iki gözünə qoyaraq siyasi rəqiblərini seçim qarşısında buraxıb.

ERAmedia-nın məlumatına görə, sabiq millət vəkili Qulamhüseyn Əlibəyli hesab edir ki, Paşinyan 2018-ci ildə küçə hərəkatı ilə hakimiyyətə gələndə də, 2021-ci ildə hərbi məğlubiyyətdən sonra istefa verərək növbədənkənar seçkilərə gedəndə də bu taktikadan istifadə edib. Ermənistanın baş nazirinin noyabrın 19-da Azərbaycanla sülhün taleyinə münasibətdə ortaya qoyduğu mövqe də həmin siyasi yanaşmanın növbəti təzahürüdür.

Ermənistan hökumətinin iclasında 2026–2031-ci illər üçün fəaliyyət proqramının təsdiqlənməsi, bu proqramda yeni Konstitusiyanın qəbulu və Azərbaycanla sülh prosesinin möhkəmləndirilməsinin nəzərdə tutulması məsələnin siyasi əhəmiyyətini daha da artırır. Paşinyan həmin iclasda müxalifətə referendum yolunu təklif edərək bildirib ki, xalq yeni Konstitusiyanı rədd edərsə, istefa verəcək. Sənəd qəbul olunarsa, növbəti və ya növbədənkənar seçkilərdən asılı olmayaraq, sonrakı seçkilərdə baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcək.

Əlibəylinin fikrincə, Paşinyanın bu təklifinin arxasında parlamentdəki qüvvələr nisbətinə əsaslanan konkret siyasi hesab dayanır. İyun seçkilərindən sonra “Vətəndaş müqaviləsi” 105 yerlik parlamentdə 64 mandata sahibdir. “Güclü Ermənistan” blokunun 29, “Ermənistan” blokunun isə 12 deputatı var. Konstitusiya layihəsinin referenduma çıxarılması barədə qərarın qəbul edilməsi üçün 70 səs tələb olunduğundan hakim partiyanın daha altı səsə ehtiyacı yaranır. Paşinyanın müxalifətdən gözlədiyi də məhz bu altı səsdir.

Sabiq deputat Qulamhüseyn Əlibəyli hesab edir ki, müxalifətin reaksiyası baş nazirin siyasi hesablamasının heç də asanlıqla reallaşa bilməyəcəyini göstərir. “Güclü Ermənistan” fraksiyasının katibi Tiqran Abrahamyan Paşinyan istefaya razılaşsa belə, bu planı dəstəkləməyəcəklərini bildirib. Onun sözlərinə görə, müxalifətin hakimiyyət dəyişikliyi üçün öz planı var və növbədənkənar seçkilərə hazırdır. “Ermənistan” blokundan deputat Kristine Vardanyan isə səslərindən referendumun təyin edilməsi qərarını bloklamaq üçün istifadə edəcəklərini açıqlayıb. Beləliklə, parlamentdəki hər iki müxalifət qanadı Paşinyanın təklifinə faktiki olaraq mənfi münasibət nümayiş etdirib.

Əlibəyli vurğulayır ki, Paşinyanın təklifinin mahiyyətini anlamaq üçün onun siyasi nəticələrinə diqqət yetirmək lazımdır. Baş nazir hər iki halda vəzifədən getməyə hazır olduğunu bəyan etməklə, müxalifətin illərdir irəli sürdüyü hakimiyyət dəyişikliyi tələbini fərqli siyasi müstəviyə keçirir. Ermənistan müxalifəti yeni Konstitusiyanı “Paşinyanın Konstitusiyası” və “Türkiyə-Azərbaycan tandeminin təzyiqi altında yazılan sənəd” kimi təqdim edir. Paşinyan isə öz siyasi faktorunu prosesdən çıxarmağa çalışır: referendum keçirilsin, Konstitusiyanın qəbul edilib-edilməməsindən asılı olmayaraq, sonrakı seçkilərdə baş nazir postuna iddia etməsin və siyasi karyerasını başa çatdırsın.

Qulamhüseyn Əlibəylinin qənaətinə görə, bu, müxalifətin qarşısında ciddi siyasi dilemma yaradır. Əgər onun əsas məqsədi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdırsa, baş nazirin təklif etdiyi variant həmin məqsədə nail olmaq üçün əlverişli imkan yarada bilər. Təklifin əvvəlcədən rədd edilməsi isə müxalifətin hakimiyyət dəyişikliyindən daha çox Konstitusiyanın dəyişməməsində maraqlı olduğu barədə siyasi mülahizələrin meydana çıxmasına səbəb olur.

Sabiq millət vəkili hesab edir ki, Abrahamyanın Paşinyanın istefasına razı olsa belə, təklifə dəstək verməyəcəklərini bildirməsi bu baxımdan diqqət çəkir. Əlibəylinin fikrincə, müxalifətin belə mövqeyi onun siyasi prioritetləri ilə bağlı suallar yaradır. Belə görünür ki, burada söhbət yalnız hakimiyyət uğrunda mübarizədən deyil, Ermənistanın gələcək siyasi kursunun, Konstitusiyasının və Azərbaycanla münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyindən gedir. Müxalifətin referendum təşəbbüsünü bloklamaq qərarı isə onun Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının hüquqi-siyasi müstəvidə qorunmasında maraqlı olduğu barədə qənaəti gücləndirə bilər.

Paşinyan da parlament müxalifətinin mövqeyini Azərbaycanla davamlı sülhün qarşısında dayanan əsas maneələrdən biri kimi təqdim edir. Qulamhüseyn Əlibəylinin diqqət çəkdiyi kimi, baş nazirin fikrincə, sülh məsələsində qalan problemlər əsasən texniki xarakter daşıyır, əsas çətinlik isə daxili siyasi müqavimətdir. Paşinyan bu vəziyyətdən çıxış üçün iki yol göstərib: ya cəmiyyətin müxalifətə təzyiqi artmalı, ya da siyasi proseslər müxalifəti parlamentdə siyasi baxımdan kənar vəziyyətə salmalıdır. Əlibəyli bu sonuncu yanaşmanı növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalına işarə kimi qiymətləndirir.

Sabiq deputatın fikrincə, müxalifətin referendumdan imtina etməsi təkcə parlament daxilindəki siyasi qarşıdurma deyil, həm də Ermənistanın gələcək kursu ilə bağlı mübarizənin göstəricisidir. Hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvənin referendum imkanını rədd etməsi onun siyasi imicinə təsir göstərə, cəmiyyət qarşısında mövqeyini izah etmək zərurəti yarada bilər. Çünki Paşinyanın təklif etdiyi ssenari müxalifətə həm Konstitusiya məsələsində öz mövqeyini ortaya qoymaq, həm də hakimiyyət dəyişikliyi perspektivini reallaşdırmaq imkanı verirdi.

Qulamhüseyn Əlibəyli hesab edir ki, Ermənistan hakimiyyətinin Konstitusiya islahatını rəsmi olaraq daxili məsələ kimi təqdim etməsi hüquqi çərçivəyə uyğun olsa da, siyasi və regional kontekstdə bu islahat Cənubi Qafqazda sülhün əsas şərtlərindən birinə çevrilib. Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına hüquqi əsas kimi göstərilən müddəalar aradan qaldırılmadan yeni Konstitusiyanın qəbul olunmaması sülh müqaviləsinin imzalanmasını ciddi şəkildə çətinləşdirə bilər. Bu səbəbdən Konstitusiya dəyişikliyi təkcə Ermənistanın daxili siyasi gündəliyinin deyil, Azərbaycanla münasibətlərin gələcək mərhələsinin də əsas məsələlərindən biridir.

Əlibəyli regional proseslərə toxunaraq bildirir ki, TRIPP marşrutu üzrə işlərin sürətlənməsi, regional kommunikasiyaların açılması istiqamətində müzakirələrin intensivləşməsi və Türkiyə-Ermənistan sərhədinin açılması perspektivi də bu siyasi proseslərlə birbaşa əlaqəlidir. Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycan-Ermənistan münasibətlərində hərtərəfli razılaşmanın əldə olunmasından asılı olduğundan, Ermənistanın Konstitusiya islahatı və sülh gündəliyində irəliləyiş regional layihələrin gələcəyinə də təsir göstərə bilər. Beləliklə, Paşinyanın müxalifətdən istədiyi altı səs, zahirən parlament proseduru ilə bağlı olsa da, daha geniş regional siyasi proseslərin açarı rolunu oynaya bilər.

Bununla belə, Qulamhüseyn Əlibəyli hesab edir ki, referendumun təyin olunması Paşinyanın siyasi planının uğurunu təmin etmir. Ermənistan qanunvericiliyinə əsasən, referendumda iştirak edən seçicilərin yarısından çoxunun lehinə səs verməsi və bu səslərin ümumi seçicilərin ən azı dörddə birini təşkil etməsi tələb olunur. Müxalifət referendumun təyin edilməsini bloklaya bilməsə belə, növbəti mərhələdə Konstitusiyaya qarşı kampaniya aparmaq və ya referendumda iştirak etməmək taktikasını seçə bilər. Ermənistan cəmiyyətində xarici siyasət kursu və Azərbaycanla sülh məsələləri ətrafında dərin qütbləşmə mövcud olduğundan, referendum bu qarşıdurmanın daha da kəskinləşdiyi siyasi platformaya çevrilə bilər.

Sabiq millət vəkili Paşinyanın təklifinin rəsmi Bakı üçün həm müsbət, həm də narahatedici tərəfləri olduğunu vurğulayır. Müsbət məqam Ermənistan rəhbərinin sülh prosesini geri dönməz etmək üçün şəxsi siyasi karyerasını qurban verməyə hazır olduğunu nümayiş etdirməsidir. Narahatedici tərəf isə prosesin bir siyasətçinin – Paşinyanın siyasi taleyi ilə bu qədər sıx bağlanmasıdır. Əlibəylinin fikrincə, onun siyasi səhnədən getməsindən sonra Ermənistanın sülh prosesini davam etdirmək və yekunlaşdırmaq üçün nə dərəcədə hazır olacağı, bu istiqamətdə siyasi iradənin qorunub saxlanacağı hələ də açıq sual olaraq qalır.

Qulamhüseyn Əlibəyli hesab edir ki, Ermənistanın yeni Konstitusiya layihəsinin dərc olunacağı gözləntisi bu müzakirələri daha konkret mərhələyə keçirir. Layihənin preambulasında hansı dəyişikliklərin edildiyi, Azərbaycanın irəli sürdüyü tələblərə hansı formada cavab verildiyi və ərazi iddiaları ilə bağlı müddəaların sənəddə necə əks olunduğu Bakı üçün əsas göstəricilərdən biri olacaq. Bu baxımdan Konstitusiyanın real məzmunu Paşinyanın siyasi bəyanatlarından daha böyük əhəmiyyət daşıyır.

Əlibəyli vurğulayır ki, Cənubi Qafqazda sülh prosesinin tamamlanması hazırda daha real görünür, lakin bu reallıq ciddi siyasi risklərlə müşayiət olunur. Paşinyan həmin riskləri öz siyasi karyerası bahasına qarşılamağa hazır olduğunu ortaya qoyur. Əsas məsələ isə Ermənistan cəmiyyətinin və siyasi elitasının bu siyasi hesablaşmaya, hakimiyyət uğrunda mübarizədən daha üstün tutulan sülh perspektivinə nə dərəcədə hazır olmasıdır. Ermənistan daxilində bu suala veriləcək cavab yalnız referendumun taleyini deyil, Azərbaycanla münasibətlərin gələcək istiqamətini və bütövlükdə regionda sülhün perspektivlərini müəyyənləşdirə bilər.

Vural


media-adspc

Bənzər xəbərlər