Borçalıda İran təsirinin arxasında hansı proseslər dayanır? – ŞƏRH
Son günlər İranın Borçalıda soydaşlarımız üzərindəki təsir gücü yenidən gündəmə gəlib.
ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı bu barədə açıqlamasında bildirib ki, 2017-2018-ci illərdən etibarən mövzunu araşdıran və mütəmadi yazan biri kimi vəziyyətin dəyişdirilməsinin çətin olduğunu düşünür.
Onun sözlərinə görə, bu məsələdə itirən tərəf Azərbaycandır və bunun obyektiv və subyektiv səbəbləri var.
Asif Nərimanlı qeyd edib ki, proses 2003-cü ildən – Gürcüstan dövlətinin ölkədə dini icmalar üzərində nəzarəti gücləndirmək siyasətindən başlayıb. Həmin dövrə qədər Gürcüstanda xristianlar üzərində Rusiya Pravoslav Kilsəsinin, sünni məzhəbinə mənsub icmalar üzərində müəyyən qədər Türkiyənin, şiə məzhəbinə mənsub olanlar üzərində isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təsiri güclü olub.
Siyasi təhlilçinin fikrincə, Gürcüstan dövləti ilk növbədə xristian icmalarını və Acarıstandakı sünni müsəlmanları nəzarətə götürmək istiqamətində fəaliyyət göstərib. 2009-cu ildə bu proses Borçalıya – şiə icmasına da çatıb. 2011-ci ildə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yaradılması və QMİ-nin bölgədən faktiki olaraq kənarlaşdırılması ilə bu istiqamətdə konkret addım atılıb.
Asif Nərimanlı hesab edir ki, bu, Azərbaycan üçün strateji itki olub. QMİ-nin bölgədən çıxması 1990-cı illərdən etibarən Borçalıya daxil olmağa çalışan İranın qarşısında geniş imkanlar açıb.
Onun sözlərinə görə, Borçalıda, konkret olaraq Marneulidə İrana bağlı müəyyən şəxslər Gürcüstan Müsəlmanları Ali Dini İdarəsini (GMADİ) yaradaraq GMİ-nin çətiri altına girməkdən imtina ediblər. İranın maliyyələşdirdiyi müxtəlif xeyriyyə fondları və təşkilatları da GMADİ-nin idarəçiliyinə verilib.
Siyasi təhlilçi bildirib ki, həmin dövrdə İran tərəfindən prosesin koordinasiyasını Əl-Mustafa Universitetinin Gürcüstan nümayəndəliyinin rəhbərliyi həyata keçirib. O, həmin illərdə bu vəzifəni Davud Zariinin icra etdiyini vurğulayıb.
Asif Nərimanlı QMİ-nin bölgədən çıxmasından sonra boşalan mövqelərin İran tərəfindən sürətlə doldurulmasında Gürcüstanın da müəyyən maraqlarının ola biləcəyini istisna etməyib. O, bu ehtimalı iki məqamla izah edib:
1. Sünni və şiə məzhəbləri arasında qarşıdurma müsəlman icmasına nəzarəti asanlaşdırır.
2. Dini kimliyin güclənməsi Borçalıda milli kimliyin zəifləməsi baxımından Gürcüstan üçün sərfəli ola bilər.
Siyasi təhlilçinin qənaətinə görə, nəticə etibarilə Borçalıda İranın dini təsiri artan xətt üzrə davam edir. Məktəbli geyimi ilə bağlı son hadisələrdə İranın təsirində olan qrupların təşkilatlanmış mövqe sərgiləməsi də bunun son nümunələrindən biridir.
Asif Nərimanlı vurğulayıb ki, mövcud vəziyyəti dəyişmək üçün Azərbaycan və Gürcüstan birgə fəaliyyət göstərməlidir. Xüsusilə Tbilisinin İran təhlükəsinin real olduğuna inandırılması vacibdir.
O hesab edir ki, bütün bunların fonunda cəmiyyət olaraq “Borçalıda İran təsiri” məsələsinə həssas yanaşmalıyıq. Bununla yanaşı, təsir altına düşmüş müəyyən qruplar üzərindən bütövlükdə Borçalının hədəfə çevrilməsi təhlükəlidir.
Asif Nərimanlının fikrincə, əsas məqsəd Borçalıda yaşayan soydaşlarımızı ümumiləşdirilmiş ittihamların hədəfinə çevirmək deyil, bölgədə xarici dini təsirlərin qarşısını almaq üçün Azərbaycan və Gürcüstan arasında koordinasiyalı siyasət formalaşdırmaq olmalıdır.
Vüsalə









