Azərbaycan-ABŞ münasibətlərində yeni strateji mərhələ: əməkdaşlıqdan tərəfdaşlığa doğru - ŞƏRH
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin son dövrdə dinamik inkişafı ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi və regional geosiyasi proseslərdə artan rolunun mühüm göstəricisidir.
2026-cı il Azərbaycan-ABŞ münasibətləri tarixində xüsusi mərhələ kimi yadda qalır. ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri və iki ölkə hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ikitərəfli əlaqələrin yeni məzmun və keyfiyyət mərhələsinə yüksəldiyini nümayiş etdirir.
Prezident İlham Əliyevin noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul etməsi bu siyasi dialoqun ardıcıl şəkildə davam etdirildiyini bir daha təsdiqləyir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan-ABŞ əməkdaşlığı artıq ənənəvi siyasi və diplomatik münasibətlərlə məhdudlaşmır. Bu əməkdaşlıq enerji təhlükəsizliyi, nəqliyyat və logistika, rəqəmsal texnologiyalar, süni intellekt, investisiya, müdafiə və regional təhlükəsizlik kimi mühüm istiqamətləri əhatə edir.
TRIPP layihəsi isə yeni regional əməkdaşlıq arxitekturasının formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Layihənin reallaşması Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında bağlantıların inkişafına, Orta Dəhlizin imkanlarının genişlənməsinə və Cənubi Qafqazın beynəlxalq nəqliyyat-kommunikasiya sistemində mövqeyinin güclənməsinə mühüm töhfə verə bilər.
Digər mühüm məqam Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin irəliləməsi və ABŞ-nin bu prosesdə iştirakıdır. Davamlı sülhün təmin olunması regionda yeni iqtisadi imkanların, qarşılıqlı etimadın və əməkdaşlıq mühitinin formalaşması baxımından strateji əhəmiyyətə malikdir.
Hesab edirəm ki, Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafı qarşılıqlı maraqlara, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan uzunmüddətli tərəfdaşlıq üçün mühüm zəmin yaradır.
Azərbaycan bu gün yalnız regional proseslərin iştirakçısı deyil, həm də regionun gələcək siyasi, iqtisadi və nəqliyyat arxitekturasının formalaşmasında mühüm söz sahibi olan dövlətdir. ABŞ ilə strateji əməkdaşlığın genişlənməsi isə ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirə biləcək əhəmiyyətli amillərdəndir.
Əminliklə demək olar ki, Azərbaycan-ABŞ münasibətlərində yaranmış yeni mərhələ hər iki dövlət üçün geniş perspektivlər açır. Bu tərəfdaşlığın uğurlu inkişafı yalnız ikitərəfli əlaqələrə deyil, bütövlükdə Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və iqtisadi tərəqqiyə xidmət edə bilər.
RUFİZ QONAQOV,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Perspektiv Siyasətin Texnologiyaları İB-nin İdarə Heyətinin sədri










