media-cenubi-koreya

Prezident İlham Əliyevin 15 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiqlənməsi ölkənin insan alveri və transmilli cinayətkarlıqla mübarizə siyasətində mühüm addımdır.

ERAmedia-nın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzi yeni Milli Fəaliyyət Planının əhəmiyyətini beynəlxalq miqyasda insan alveri, saxta işə qəbul sxemləri və mütəşəkkil cinayətkar şəbəkələrin genişlənməsi fonunda qiymətləndirir.

Müasir transmilli cinayətkar qruplar insanları yüksək maaşlı iş vədilə xarici ölkələrə aparır, onların sənədlərini ələ keçirir, müxtəlif təzyiq vasitələri ilə asılı vəziyyətə salır və cinayət fəaliyyətinə cəlb edirlər. Azərbaycanda da vətəndaşların iş və yüksək gəlir vədləri ilə aldadılaraq xaricə aparılması, orada pasportlarının alınması və mütəşəkkil qrupların nəzarətinə düşməsi ilə bağlı risklər mövcuddur.

Cənub-Şərqi Asiyada hüquq-mühafizə orqanlarının əməliyyatlarının intensivləşməsi nəticəsində bəzi cinayətkar qrupların fəaliyyət coğrafiyasını dəyişərək Mərkəzi Asiyaya yönəldiyi bildirilir. Bu tendensiya Cənubi Qafqazın da potensial hədəf regiona çevrilə biləcəyi ilə bağlı narahatlıqları artırır. Transmilli şəbəkələrin müxtəlif ölkələrdə fəaliyyət qurması və yeni insan resursları axtarması belə təhlükələrin yalnız bir dövlətin səyləri ilə aradan qaldırılmasının mümkün olmadığını göstərir.

Bu baxımdan Azərbaycanın transmilli cinayətkarlıqla mübarizə sahəsində təcrübəsi olan dövlətlərlə, xüsusilə Cənubi Koreya ilə əməkdaşlığının genişləndirilməsi aktuallaşır. Cənubi Koreya son dövrlərdə vətəndaşlarının xaricdə cinayətkar şəbəkələrin fəaliyyətinə cəlb olunması ilə bağlı genişmiqyaslı araşdırmalar və əməliyyatlar həyata keçirir.

Cənubi Koreyada minlərlə nəfərlik cinayət şəbəkəsi üzə çıxıb

Cənubi Koreyada bir cinayət hadisəsinin araşdırılması minlərlə üzvü olduğu bildirilən transmilli şəbəkənin üzə çıxarılmasına səbəb olub. Prezident Li Çje Myon da məsələyə müdaxilə edərək təhqiqatı şəxsi nəzarətinə götürüb, xaricdəki Koreya vətəndaşlarına qarşı cinayətlərə hökumət səviyyəsində kompleks tədbirlərlə cavab verilməsinin vacibliyini vurğulayıb.

Cənubi Koreya hökuməti istintaq tədbirlərini və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə Transmilli Cinayətlər üzrə Xüsusi Cavab Qrupu yaradıb. Bu qrupun fəaliyyəti nəticəsində fırıldaqçı təşkilatlarla əlaqəsi olduğu bildirilən 137 nəfər ölkəyə qaytarılıb. Xüsusi qrup fəaliyyətə başladıqdan sonra təxminən 1000 nəfərin həbs olunduğu qeyd edilir.

“Romantik fırıldaqçılıq” adı altında aparılan araşdırmalar Cənub-Şərqi Asiyada fəaliyyət göstərən cinayət sindikatları ilə əməkdaşlıq edən yüzlərlə gəncin məhkum edilməsi ilə nəticələnib. İstintaq materiallarına əsasən, bəzi gənclər yüksək və asan qazanc vədləri ilə cinayətkar şəbəkələrə qoşulub, sonradan bu təşkilatların fəal iştirakçılarına çevriliblər.

Təhqiqat 25 yaşlı Cənubi Koreya vətəndaşının Kambocada yüksək maaşlı iş təklifi ilə otellərdən birinə getməsi hadisəsi ilə başlayıb. Sonradan məlum olub ki, saxta internet saytları vasitəsilə oxşar təkliflərə inanan yüzlərlə gənc xaricə yollanıb. Onlar hotel və turizm sektorunda işləmək əvəzinə, cinayətkar zəng mərkəzlərində fəaliyyət göstərməyə cəlb olunublar.

Bu şəxslərin bir qismi tərcüməçi və menecer kimi çalışaraq çinli rəhbərlərin nəzarəti altında koreyalı vətəndaşlara saxta investisiya təklifləri təqdim edib, səhm bazarında yüksək gəlir vəd edərək dəyəri olmayan maliyyə alətlərini satmağa çalışıblar. Saxta iş elanlarının yayıldığı saytların bağlanması isə problemin köklü həllinə gətirib çıxarmayıb. Bir platforma fəaliyyətini dayandırdıqdan sonra onun yerini yeni saxta elan saytları tutub.

Qazaxıstanda da transmilli cinayət şəbəkəsi aşkarlanıb

Oxşar cinayət sxeminin Qazaxıstanda da ortaya çıxması region üçün təhlükənin daha geniş xarakter daşıdığını göstərir. Qazaxıstan hüquq-mühafizə orqanları böyük və çoxşaxəli cinayətkar qrupla bağlı istintaqın başa çatdığını açıqlayıb. Araşdırmalar zamanı Kamboca və Tayland kimi ölkələrin də cinayət şəbəkələrinin fəaliyyət coğrafiyasında yer aldığı bildirilib.

Qazaxıstanın hüquq-mühafizə orqanlarının məlumatına görə, saxta iş elanları ilə insanları cəlb edən qrupun rəhbəri Çin vətəndaşı olub. Cinayətkar təşkilatlar öz fəaliyyətlərini korporativ strukturların görünüşü altında qurub, ofislər, texniki avadanlıqlar, serverlər, məlumat bazaları, mühasibat sistemləri və əməkdaşlar üçün bonus mexanizmləri yaradaraq qanuni biznes təsəvvürü formalaşdırıblar.

Bu cür təşkilatların milyonlarla dollar gəlir əldə etdiyi bildirilir. Seulun diplomatik və hüquq-mühafizə təzyiqlərindən sonra Kamboca polisi saxta iş elanları vasitəsilə fəaliyyət göstərən şəbəkələrə qarşı tədbirlər görüb. Saxlanılan şəxslərin bir qismi aldadıldıqlarını iddia etsələr də, istintaq materiallarında onların əksəriyyətinin cinayət fəaliyyətinin mahiyyətini bildiyi, əməliyyatlara görə maaş və bonuslar aldığı qeyd olunur.

Mütəşəkkil cinayətkarlıqla əlaqələndirilən şirkətlərdən birinin 23 mərtəbəli binada yerləşməsi də bu şəbəkələrin nə qədər geniş və sistemli fəaliyyət göstərdiyinin göstəricisi kimi təqdim olunur.

2026-cı ilin iyulunda Cənubi Koreya və Qazaxıstan hüquq-mühafizə orqanlarının Almatıda “İynə” (Operation Needle) adlı birgə əməliyyat keçirdiyi bildirilir. Əməliyyat nəticəsində Qazaxıstanda 14 Koreya vətəndaşı, Cənubi Koreyada isə daha 5 nəfər saxlanılıb. Beləliklə, nəzarətə götürülən şübhəlilərin ümumi sayı 19 nəfərə çatıb.

Cinayətlərin və maliyyə itkilərinin azalması

Cənubi Koreyada görülən tədbirlərin nəticələri cinayət statistikasında da əks olunub. Məlumatlara görə, fırıldaqçılıqla bağlı qeydə alınan hadisələrin sayı 2025-ci ilin üçüncü rübündə 4200 olduğu halda, 2026-cı ilin ikinci rübündə 2023-ə düşüb. Bu, təxminən 52 faizlik azalma deməkdir.

Eyni dövrdə maliyyə itkilərinin 268,4 milyon manatdan 181,1 milyon manata qədər azalması, təxminən 33 faizlik geriləmə kimi göstərilir. Bu göstəricilər cinayətkar şəbəkələrə qarşı koordinasiyalı istintaq, beynəlxalq əməkdaşlıq və operativ tədbirlərin nəticə verə biləcəyini nümayiş etdirir.

Lakin araşdırmaların ortaya qoyduğu əsas məqam ondan ibarətdir ki, bu cinayət sxemlərində iştirak edən şəxslərin hamısı yalnız aldadılmış qurban rolunda çıxış etmir. Bəzi gənclər əvvəlcə iş və yüksək gəlir vədləri ilə cəlb olunsalar da, sonradan böyük qazanc əldə etmək motivi ilə cinayətkar fəaliyyətə şüurlu şəkildə qoşulur və dəfələrlə həmin işlərə qayıdırlar.

Mütəxəssislər bu davranışın maliyyə asılılığı, sürətli qazanc gözləntisi və cinayət mühitinin yaratdığı psixoloji təsirlərlə bağlı olduğunu bildirirlər. Belə şəbəkələr insanları bir dəfə cəlb etməklə kifayətlənmir, onları davamlı olaraq sistemin iştirakçısına çevirməyə çalışır.

Azərbaycan üçün preventiv əməkdaşlıq zərurəti

Transmilli cinayət şəbəkələrinin fəaliyyət coğrafiyasının genişlənməsi, onların Mərkəzi Asiyada yeni bazalar və əlaqələr yaratması Cənubi Qafqaz ölkələri üçün də potensial təhlükə yaradır. Azərbaycan strateji mövqeyi, beynəlxalq nəqliyyat və logistika əlaqələri baxımından bu riskləri nəzərə almalı, insan alveri və rəqəmsal fırıldaqçılıqla mübarizədə preventiv mexanizmləri gücləndirməlidir.

“Atlas” Araşdırmalar Mərkəzi hesab edir ki, bu sahədə Cənubi Koreyanın təcrübəsi Azərbaycan üçün əhəmiyyətli nümunə ola bilər. Xüsusilə transmilli istintaq mexanizmləri, vətəndaşların xaricdə müdafiəsi, saxta iş elanlarının vaxtında müəyyənləşdirilməsi, maliyyə fırıldaqçılığına qarşı tədbirlər və cinayət şəbəkələrinin fəaliyyətinin koordinasiyalı şəkildə izlənməsi üzrə əməkdaşlığın genişləndirilməsi vacibdir.

Təhlükənin regional xarakter alması beynəlxalq koordinasiyanın əhəmiyyətini daha da artırır. Cənubi Koreya Prezidentinin ASEAN sammitində transmilli cinayət şəbəkələrinin yaratdığı təhlükəni gündəmə gətirməsi və region ölkələrini birgə fəaliyyətə çağırması bu məsələnin artıq ayrı-ayrı dövlətlərin daxili problemi deyil, regional təhlükəsizlik gündəliyinin mühüm mövzusu olduğunu göstərir.

Beynəlxalq əməkdaşlığın nəticələrinə dair digər nümunələr də mövcuddur. Birləşmiş Ərəb Əmirlikləri ilə hüquq-mühafizə sahəsində əməkdaşlıq çərçivəsində on ildən artıq müddətdə axtarışdan yayınan qanunsuz onlayn qumar təşkilatının üzvünün saxlanılaraq ölkəyə qaytarıldığı bildirilir. Həmin qumar platformasının təxminən 3,88 milyard manat həcmində əməliyyatlarla əlaqəli olduğu qeyd edilir.

Bütün bu faktlar göstərir ki, transmilli cinayətkarlıqla mübarizə yalnız hadisə baş verdikdən sonra reaksiya verməklə məhdudlaşmamalıdır. Saxta iş elanlarının monitorinqi, vətəndaşların maarifləndirilməsi, xarici ölkələrdə riskli iş təkliflərinin yoxlanılması, müvafiq dövlət qurumları arasında məlumat mübadiləsi və beynəlxalq tərəfdaşlarla birgə əməliyyatlar əsas prioritetlərdən biri olmalıdır.

Azərbaycanın 2026–2030-cu illər üçün qəbul etdiyi Milli Fəaliyyət Planı bu baxımdan yeni mərhələnin başlanğıcı ola bilər. Transmilli cinayət şəbəkələrinin coğrafiyası genişləndikcə, ölkənin təhlükəsizlik və insan alverinə qarşı mübarizə siyasətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi strateji əhəmiyyət daşıyır.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər