Amerika torpağına ayaq basmış ilk azərbaycanlı
Amerika torpağına ayaq basmış ilk azərbaycanlı 1912-ci ildə Ordubad sakini Mirzə Ələkbər Naxçıvani olub.
ERAmedia arxiv sənədlərinə istinadən xəbər verir ki, Amerikaya – Ellis adasına gedən ilk azərbaycanlı Mirzə Əli Əkbər olub. Nyu-York şəhərinin yaxınlığındakı Ellis adasına 1892-1954-cü illərdə güclü axın olub. Elə ilk azərbaycanlının da ABŞ-a gəlişi bu dövrə təsadüf edib.
“Amerikanın səsi” radiosunun araşdırmasına görə, Mirzə Əli Əkbər ABŞ-a gələndə 40 yaşı olub: “O, son yaşayış yeri Azərbaycan ərazisi olan ilk Ellis miqrantı kimi tarixə düşüb. Baxmayaraq ki, sənəddə Bakı, Rusiya kimi qeyd edilib. Dövlət sənədlərində onun yəhudi kimi qeydə alındığı göstərilir. Məlumatda deyilir ki, 25 milyon mühacirdən biri olmuş Mirzə Əli Əkbər sonuncu dəfə Liverpul limanını tərk edib və 1912-ci il iyunun 7-də Ellis adasına çatıb”.
Qeyd edək ki, Əli Əkbər Naxçıvani (1865, Ordubad, Ordubad qəzası – 31 dekabr 1920, Şüvəlan, Bakı qəzası) – Bəhai dinin ardıcılı, Azərbaycanda Bəhai dinini qəbul etmiş və təbliğatı ilə məşğul olmuş ilk şəxslərdən biri idi. Bəhai dininə aid olan mətnləri ərəb və fars dillərindən rus dilinə tərcümə olunması ilə məşğul olmuşdur. Rus ziyalı dairələrində Ələkbər Məmmədxanov kimi tanınmışdır. Azərbaycanda isə Ələkbər Məmmədxanlı kimi məşhur idi. Əli Əkbər Naxçıvani Avropa və Amerika Birləşmiş Ştatlarına etdiyi səfərlərindən sonra özünü Əli Əkbər Naxçıvani kimi təqdim etmişdir.









