media-1721296991_ca11ca25-eab8-3c62-98e5-9d5c033ed0c8_850

Prezident İlham Əliyevin sosial media hesablarında “Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir” başlığı ilə videoçarx paylaşması ilə Ermənistanda baş verən siyasi proseslər arasında rəmzi əlaqə var.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Sahib Alıyev hesab edir ki, eyni vaxtda Ermənistanda ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın yeni Konstitusiya layihəsindən çıxarılması, Nikol Paşinyanın xalqını münaqişə məntiqindən imtinaya çağırması və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) tikintisinə start verilməsi Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqların nəticəsidir.

Sahib Alıyev bildirib ki, bu proseslər təsadüfi deyil və regionda sülh gündəliyinin irəliləməsi, Ermənistanın əvvəlki siyasi iddialarından geri çəkilməsi Azərbaycanın hərbi, siyasi və iqtisadi gücünün formalaşdırdığı yeni şəraitlə birbaşa bağlıdır.

Deputat xatırladıb ki, cəmi 11 gün əvvəl, noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Vaşinqton Birgə Bəyannaməsinə əsaslanan sülh gündəliyinin irəlilədilməsi və TRIPP layihəsi ətrafında məsələlər müzakirə olunub.

Onun fikrincə, Rusiya və İranın təzyiqlərinə, açıq və gizli hədələrinə baxmayaraq, Ermənistan rəhbərliyinin Vaşinqtonda üzərinə götürdüyü öhdəliklərdən geri çəkilməməsinin başlıca səbəbi Azərbaycanın şərtlərinə əməl etməməyin Ermənistan üçün daha ağır nəticələr doğuracağını dərk etməsidir.

Ermənistanın siyasi ritorikasındakı dəyişiklik Azərbaycanın yaratdığı reallıqlarla bağlıdır

Sahib Alıyev diqqətə çatdırıb ki, vaxtilə “Qarabağ Ermənistandır” bəyanatı ilə çıxış edən Nikol Paşinyanın bu gün sülh, müstəqillik və qonşuluq münasibətlərindən danışması, Azərbaycanla bağlı fərqli ritorikaya keçməsi regionda baş verən fundamental dəyişikliklərin göstəricisidir.

Deputat Paşinyanın parlament tribunasından Azərbaycanla bağlı müsbət ifadələr işlətməsini, yanan sobanın qarşısında Azərbaycan mahnısına qulaq asaraq həmin musiqini paylaşmasını da siyasi proseslərin və yeni reallıqların fonunda qiymətləndirib.

Sahib Alıyevin qənaətinə görə, Ermənistan rəhbərliyinin davranışındakı dəyişikliklər Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən, dövlətin hazırkı gücündən və sülh danışıqlarında yaratdığı siyasi üstünlükdən qaynaqlanır.

Azərbaycanın həm döyüş meydanında qələbə qazanmasında, həm də bu gün sülh masasında milli maraqlarını təmin etməsində azərbaycançılıq ideologiyası müstəsna rol oynayıb.

Milli ideologiya dövlət gücünün əsas dayağıdır

Deputat vurğulayıb ki, azərbaycançılıq məfkurəsi xalqı vahid milli amal ətrafında birləşdirərək dövlətin hərbi, siyasi və iqtisadi gücünün möhkəmlənməsinə xidmət edib. Məhz bu ideoloji birlik Azərbaycanı regional güc mərkəzinə çevirib və qarşı tərəfin uzun illər istinad etdiyi ərazi iddialarından rəsmi səviyyədə geri çəkilməsinə gətirib çıxarıb.

Sahib Alıyev hesab edir ki, Azərbaycan güclü milli ideologiyaya, dövlətçilik düşüncəsinə və milli maraqlara söykənməklə beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirib, hətta böyük güclərin ilkin maraqları ilə üst-üstə düşməyən geosiyasi dəyişikliklərin reallaşdırılmasına nail olub.

Onun fikrincə, Prezident İlham Əliyevin paylaşdığı videoçarxın mesajı da məhz bu məqamı ifadə edir: azərbaycançılıq yalnız milli kimlik ideyası deyil, dövlətin uğurlarını, birliyini, siyasi iradəsini və gələcək strateji hədəflərini müəyyənləşdirən fundamental fəlsəfədir.

Azərbaycanın son illərdə əldə etdiyi nəticələr milli ideologiyanın, güclü dövlətçiliyin və milli maraqlara əsaslanan siyasətin bir-birini tamamladığını nümayiş etdirir. Regionda yaranmış yeni reallıqlar isə bu siyasi xəttin Azərbaycanın gələcək mövqeyinin müəyyənləşdirilməsində də mühüm rol oynayacağını göstərir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər