Seyid Yəhya Bakuvinin, Məhəmməd İrəvaninin və Həmzə Nigarinin adına təqaüd proqramları təsis edilib - Ramin Məmmədov
Qadınların dini təhsil imkanlarının genişləndirilməsi, onların elmi biliklərə yiyələnməsi və ictimai fəallığının dəstəklənməsi sağlam dini düşüncənin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
ERAmedia xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfransdakı çıxışında deyib.
Ramin Məmmədov bildirib ki, hazırda Azərbaycan İlahiyyat İnstitutunda 318 tələbə təhsil alır. Onlardan 98-i qızlardır. Bundan əlavə, 4 qız tələbə magistratura səviyyəsində təhsilini davam etdirir. İndiyədək institutun bakalavriat səviyyəsi üzrə 126, magistratura üzrə 13, doktorantura üzrə 5, dissertantura üzrə isə 1 qadın məzunu olub. Ali təhsil müəssisəsini ümumilikdə 145 qadın bitirib.
Komitə sədri Azərbaycan İlahiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən Bakı İlahiyyat Kollecində də qızların dini təhsil aldığını da xatırladıb.
“2025-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün Seyid Yəhya Bakuvinin, Məhəmməd İrəvaninin və Həmzə Nigarinin adına təqaüd proqramları təsis edilib. Həmin proqramların qalibləri sırasında qız tələbələrin də yer alması onların akademik göstəricilərinin və intellektual potensialının təşviqinə verilən diqqətin göstəricisidir”, – deyə R. Məmmədov qeyd edib.










