İranlı müğənni 74 şallaq "YEYİB"
İranın Qum şəhərində hicabsız çıxış edən müğənni Pərəstu Əhmədi və onun ansamblının dörd üzvünə verilən 74 şallaq cəzası icra olunub.
ERAmedia xarici mənbələrə istinadən xəbər verir ki, buna səbəb müğənninin hicabsız çıxış etdiyi konsertin görüntülərinin internetdə yayılması olub.
Bundan əlavə, onların iki il müddətinə musiqi və incəsənət fəaliyyəti ilə məşğul olmalarına, eləcə də ölkədən çıxmalarına qadağa qoyulub.
Hadisə “YouTube” platformasında yayımlanan konsert görüntüləri ilə bağlıdır. Videoda Əhmədi kişi musiqiçilərin müşayiəti ilə hicabsız çıxış edib. Konsert Tehranın cənubunda yerləşən Qum şəhərində baş tutub.
Norveçdə fəaliyyət göstərən “Hengaw” hüquq müdafiə təşkilatının məlumatına görə, sənətçilər internetdə əxlaqsız hesab edilən məzmun hazırlamaq və yaymaqla ictimai əxlaq normalarını pozmaqda ittiham olunublar.
Qeyd edək ki, İranda məcburi hicab tələbi 2022-ci ildə genişmiqyaslı etirazların əsas səbəblərindən biri olub. Etirazlar geyim qaydalarını pozmaqda şübhəli bilinərək əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin ölümündən sonra başlayıb.










