Qarabağın hər tərəfində sülh küləyi əsir - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən danışıb.
ERAmedia xəbər verir ki, Türkiyə lideri Azərbaycanın Zəfər Gününün altıncı ildönümü münasibətilə Qarabağa səfərini xatırladıb:
“Qarabağ Zəfərinin altıncı ildönümündə can Azərbaycanda idik. Şuşada həqiqətən qürurverici və duyğulandırıcı mənzərənin şahidi olduq. Orada bir daha gördük ki, İlham Əliyev qardaşımın rəhbərliyi altında Qarabağda möhtəşəm abadlıq, quruculuq və bərpa işləri aparılır. Şuşadan Xankəndiyə, Cəbrayıldan Xocalıya qədər demək olar ki, hər yerdə yollar, binalar, yeraltı keçidlər, ibadətgahlar və yaşayış evləri sürətlə inşa edilir. Qarabağın hər tərəfində artıq sülh və əmin-amanlıq küləyi əsir”.
Ərdoğan Türkiyənin Azərbaycana bundan sonra da dəstək göstərəcəyini vurğulayıb:
“Biz də ‘iki dövlət, bir millət’ prinsipi ilə Qarabağın azad edilməsində olduğu kimi, azərbaycanlı qardaşlarımıza hər cür dəstək göstəririk. Bu fürsətdən istifadə edərək Qarabağın azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərimizi bir daha rəhmətlə anıram. Qəhrəman Azərbaycan Silahlı Qüvvələrini təbrik edir, Türkiyə və türk milləti olaraq hər zaman onların yanında olacağımızı vurğulamaq istəyirəm”.









