media-788208720_28706579345616070_117842197349423617_n
Dünyada elə insanlar var ki, onlarla, sadəcə olaraq aradabir xəyali söhbət etməyə zərurət var.
“Allah erməniyə qarğasın!”- bunu anam deyirdi və mən azından anamın oğlu kimi bilirəm ki, o, belə deyəndə qətiyyən dünyada olan bütün ermənilərini nəzərdə tutmurdu: qarğışın hədəfi ancaq anamın dünyasını yerlə yeksan edən ermənilərdir. O ermənilər ki, indi Ermənistan Respublikası adlandırılan ərazilərdən anam kimi 200 min nəfəri ancaq azərbaycanlı olduğuna görə yaşadığı yerlərdən çıxarıblar.
Ədalət naminə demək yerinə düşər ki, o erməniləri də anam oturub-durub qarğımırdı. Adətən, onun kəndli dünyasına deyil, insanlığa qəbahət bildiyi hansısa hadisədən sonra anam belə deyirdi.
Onda 1988-ci il idi.
Cəmi 3-4 il sonra artıq Ermənistanda deyil, Azərbaycanın özündə-Bağanis Ayrım, Malıbəyli, Qaradağlı, Ağdaban, Xocalı və digər yerlərdə azərbaycanlıları heç nəyə görə yox, elə azərbaycanlı olduqlarına görə öldürürdülər.
O adaların və ancaq Xocalıda öldürülənlərin 98 faizi mülki şəxslər olacaq.
Təxminən 17 ildən sonra qətliamın ancaq təşkilatçısı deyil, həm də fəal icraçılarından olan, sonralar Ermənistanın prezidenti “seçilən”, üstəlik Fransanın Fəxri Legioner ordenininə (!) layiq görülən Serj Sarkisyan “Exo Moskva” radiosunun efirindən, bir az təkəbbürlü və bir az da fəlsəfi olaraq “sözünün məmmədqulusunu” bu şəkildə ifadə edəcək: “Azərbaycanlılar Xocalıya qədər bizim qətiyyətimizə inanmırdılar”.
Nəhayət, serj sakisyan kimi ermənilərin “qətiyyəti” ilə 623 azərbaycanlı amansızcasına qətlə yetirildi.
Onların arasında təkcə 80 yaşında qocalar deyil, bələkdəki körpələr də vardı.
Onda dünyanın başı Bosniya cəlladı Slobodan Miloşoviçi beynəlxalq tribunal ilə hədələməyə qarışmışdı.
“O illərdə yuxuların daşlaşacaq yaddaşına nəyin necə olduğu yazıldı”.
Bu obrazlı, bir az da fəlsəfi fikirlərdə isə ömrünün bir hissəsini Azərbaycan Radiosuna vermis Mais Yanardağ Qubadlıdan ayrılmaq qarşısında qalmasını ifadə edirdi.
Bu sözləri onun dilindən eşitdiyimdən bugünədək fikirləşirəm: Mais Yanardağ jurnalist olaraq Mais Vəliyev kimi oxucunun başını yeyib.
O, ötən illərdən elə gözəl danışırdı ki, keçmiş haqqında minimal təsəvvürü olan insan üçün həmin keçmişin mənzərəsini dolğun görmək qətiyyən çətin olmurdu. Həmin söhbətlərdə Mayıs müəllim görüb də həmsöhbət olduğu Səməd Vurğunun, Ədil İsgəndərovun, Leyla Bədirbəylinin, Barat Şəkinskayanın, İlyas Əfəndiyevin və daha kimlərin portretini cıza bilirdi.
Bütün bunlar onun 1993-cü ilə qədər yaşadığı anların xatırlanan cüzi bir hissəsidir. Həmin vaxta qədər isə təkcə Azərbaycanın deyil, bütün dünyanın harasında olurdusa-olsun, o, xəyallarında Qubadlıya qayıdırdı.
O özünü burada güclü görürdü.
Onda mənə elə gəlirdi ki, bu ucaboy, boyu qədər də vüqarlı kişinin nə axtardığını bəzən özü də bilmir.
Və yenə erməni!!!
Həmin erməni ki, Mayis müəllimə Qarakilsənin Murxuz kəndində doğulmağa, ikinci vətən seçdiyi Qubadlıda isə ölməyə imkan vermədi.
Onda və elə indi də mən təxminən bilirəm, bilirəm ki, o, nə axtarırdı. Sadəcə olaraq, Mayis Yanardağa demirdim, demək istəmirdim ki, o, indi axtardığı həmin kəndin cığırlarında ilişib qalan izləri ilə həmsöhbət olmaq istəyir. Orada isə tək onun deyil, əcdalarının izləri var. O izlər mənəviyyatımızın köç yolunu, gəldiyimiz və gedəcəyimiz ünvanları göstərir.
Həmin izləri isə Murxuzun sığındığı dərələrdən keçən sellər belə apara bilmir, hesab edirəm ki bilməz də.
Ümumiyyətlə izlər itmir.
Mais Yanardağ yurdu ilə bərabər min zülmlə tikdiyi evini-eşiyini, o ev-eşikdən az zəhmət çəkmədiyi, az sevmədiyi ağaclarını itirdi. Bu,təkcə 60 illik həyatın qazandıqlarını itirmək deyildi. O, nəsillərin arasındakı zəncir həlqəsinin qoparılması idi. Anoloji itkilər ilə barışanlar çox oldu. O isə barışmadı.
Onda 1993-cü ilin payızı idi. O, özünü ahıl yaşında yenidən təsdiq eləməli idi. Bu isə qətiyyən asan deyildi.
Allah erməniyə bir də ona görə qarğasın ki, ən səliqəli geyimində belə “şəhər ziyalısı” kimi görünə bilməyən, saf ürəyi, əyilməyən qüruru ilə necə varsa elə də qalan Mayıs müəllimin yeni mühitdə, yeni kollektivdə erməninin gülləsi dəyməyən ürəyi söz yaraları alırdı.
Elə olurdu ki, özünü həyatda və işində tapmayan adamlar onun üzünəcə deyirdilər: torpağını qoyub qaçdın… Onu az qala, salamat gəldiyinə görə lənətləmək fikrinə düşənlər də tapılırdı.
Buna baxmayaraq, O, radio jurnalistikasında sözünü deyə bilirdi. Bir az təcrübə yoxluğu, bir az “gec gəlib ,tez öyrənib”- məsəlinin arabir eşidilməsi neqativ ovqat yaratsa da, bu, həmin sözün deyilməsinə mane olmurdu. Azərbaycan Radiosunun ozamankı rəhbəri Mövlud Süleymanlının Mayis Yanardağın Bəxtiyar adlı baş redaktoruna “Mayısın dünyasına toxunmaq olmaz!”- tövsiyəsi sözünü demişdi.
Süleymanlının bu sözlərindən sonra onun Azərbaycan Radiosunun Qızıl Fonduna salınmış verilişlərinin sayı artdı.
Buna baxmayaraq, o ucaboy, boyu qədər də vüqarlı kişinin gözlərindəki nisgili sezməmək mümkün deyildi.
O, axtarışda olan insanın nisgili idi.
Allah daşkəsən yox, başkəsən ermənilərə qarğasın!
Gecənin bu vədəsi 17 ay əvvəl haqq dünyasına qovuşan azman kişi həmin nisgilin qurbanı oldu.

Firuz NOVRUZOV,

Tədqiqatçı jurnalist


media-adspc

Bənzər xəbərlər