ABŞ əsgərindən diqqətçəkən etiraf: “Üsamə bin Laden məqsədinə çatdı”
11 sentyabr terror aktlarının üzərindən 25 il keçərkən, ABŞ-ın “Terrora qarşı müharibə” çərçivəsində həyata keçirdiyi işğal və hərbi əməliyyatların nəticələri yenidən müzakirə olunur.
ERAmedia xəbər verir ki, 11 sentyabr hadisəsinin gələcəkdə “ABŞ-ın süqutunu tətikləyən hadisə” kimi tarixə düşə biləcəyi ilə bağlı fikirlər səsləndirilir.
11 sentyabr 2001-ci il terror aktlarının 25-ci ildönümü ərəfəsində ABŞ-ın “Terrora qarşı müharibə” çərçivəsində həyata keçirdiyi əməliyyatların nəticələri yenidən müzakirəyə çıxarılıb. İraqda xidmət etmiş ABŞ-li keçmiş dəniz piyadası və şərhçi Joslin Cozef Vaşinqtonun 2001-ci ildən bəri apardığı müharibələrin “terrorizmi aradan qaldırmadığını”, əksinə ABŞ-a trilyonlarla dollara başa gəldiyini bildirərək, “Bin Laden qalib gəlmiş kimi görünür” deyə qiymətləndirib.
Cozef “The Hill”də dərc olunan məqaləsində 11 sentyabr 2001-ci il hücumlarından əvvəl Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə getməyi planlaşdırdığını, lakin bir dostu ilə yaşadığı mübahisə səbəbindən hücumların baş verdiyi gün Manhettendə deyil, Nyu-Cersidəki “Garret Mountain”da olduğunu bildirib.
Hücumların ardından ABŞ ordusuna qoşulduğunu deyən Cozef həmin dövrün atmosferində Üsamə bin Ladenə, “Əl-Qaidə”yə və hücumları legitimləşdirən şəxslərə qarşı böyük qəzəb hiss etdiyini qeyd edib. İraqda dəniz piyadası kimi xidmət etdiyini bildirən Joseph əvvəlcə İraqın işğalının səhv olduğunu düşünsə də, “terrorizmlə mübarizənin daha geniş məqsədlərini dəstəklədiyini” vurğulayıb.
Lakin ötən 25 ilin ardından ABŞ-ın “terrorizmi məğlub edə bilmədiyini” müdafiə edən Joseph “dünyanın daha təhlükəsiz olmadığını” və Vaşinqtonun Əfqanıstan və İraq başda olmaqla bir çox ölkədə həyata keçirdiyi hərbi əməliyyatların ciddi iqtisadi və humanitar itkilərə səbəb olduğunu bildirib.
Cozef Üsamə bin Ladenin 2004-cü ildə yayımladığı video müraciətində ABŞ-ı iqtisadi cəhətdən zəiflətmək strategiyasından bəhs etdiyini xatırladıb.
O, Bin Ladenin müharibələrin ABŞ iqtisadiyyatını “iflas həddinə çatdırmağı” hədəflədiyini söylədiyini və “Əl-Qaidə” liderinin Vyetnam müharibəsi və Sovet İttifaqının Əfqanıstanı işğalından çıxarılan dərsləri ABŞ-a qarşı tətbiq etməyə çalışdığını bildirib.
Cozefin fikrincə, Vaşinqton 2001-ci ildən sonrakı dövrdə zəif görünməmək məqsədilə hərbi əməliyyatlarını genişləndirib. Əfqanıstan və İraqdakı müharibələrdən sonra Yaxın Şərqin müxtəlif bölgələrində və dünyanın digər ölkələrində yaranan yeni münaqişələr də ABŞ-ın müdaxilə etdiyi proseslərə çevrilib.
Məqalədə ABŞ-da Demokrat və Respublikaçı administrasiyaların “terrorizmlə mübarizə” məsələsində fərqli üsullar tətbiq etsələr də, hərbi müdaxilələri davam etdirdikləri qeyd olunub. Corc Buş administrasiyası dövründə İraqın işğalından sonra Barak Obama dönəmində pilotsuz uçuş aparatlarından istifadə edilən hücumların genişlənməsi və Əfqanıstanda ABŞ hərbçilərinin saxlanılması buna nümunə kimi göstərilib.
Cozef ABŞ-ın müdaxilələrinin regionda yeni silahlı qruplaşmaların yaranmasına da zəmin hazırladığını iddia edib.
O, İŞİD-in “Əl-Qaidə”nin İraq qanadından meydana gəldiyini və təşkilatın Suriyadakı vətəndaş müharibəsindən istifadə edərək sürətlə gücləndiyini bildirib. Joseph həmçinin İranın ABŞ-ın regiondakı fəaliyyətlərini yaxından izləyərək HƏMAS, “Hizbullah”, husilər və İraqdakı şiə silahlı qruplaşmalarına dəstəyini artırdığını irəli sürüb.
Məqalədə həmçinin Keniya, Nigeriya, Hindistan və Fransa kimi ölkələrdə törədilən hücumlara və müxtəlif ölkələrdə fəaliyyət göstərən silahlı qruplaşmalara diqqət çəkilib.
Cozefin məqaləsində əsas arqumentlərdən biri də müharibələrin ABŞ iqtisadiyyatına vurduğu zərər olub.
ABŞ-ın milli borcunun 2004-cü ildə təxminən 7 trilyon dollar olduğunu bildirən Joseph hazırda bu rəqəmin 40 trilyon dollara çatdığını və 11 sentyabr hadisələrindən sonra hərbi xərclərin təxminən 18 trilyon dollara yüksəldiyini iddia edib.
Cozef həmçinin Daxili Təhlükəsizlik Departamentinə ayrılan xərclərin 1,2 trilyon dollara, borclanmanın faiz yükünün isə 1,1 trilyon dollara çatdığını qeyd edərək, müharibə iqtisadiyyatının ABŞ büdcəsinə yaratdığı yükə diqqət çəkib.
Məqalədə ABŞ-ın gələcəkdə təhlükəsizlik xərclərini illik 1,5 trilyon dollar səviyyəsinə çatdırmalı olduğu barədə qiymətləndirmələr də tənqid edilib. Cozef İranla yaşanan qarşıdurmalardan sonra ABŞ-ın raket ehtiyatlarının kritik səviyyəyə düşdüyü və müdafiə sənayesinə böyük vəsait ayrılmasına baxmayaraq, bəzi silah sistemlərinin vaxtında təhvil verilə bilmədiyi barədə xəbərləri də xatırladıb.
Cozef məqaləsinin sonunda “terrorizmlə mübarizə” adlandırdığı prosesdən tamamilə imtina edilməsini müdafiə etmədiyini xüsusi vurğulayıb.
Mələk Onur










