Qərbi Azərbaycan fəlsəfəsi ilə qovuşan “Qovuşuq” kitabı - Firuz Novruzov yazır...

İstedadı ilə bərabər, zəhmətkeşliyi ilə də seçilən yazıçı-publisist Vəli Həsənoğlunun nəşrə hazırlanan “Qovuşuq” kitabını az vaxt olar ki, oxuyub başa çatdırdım. Etnoqrafik janrın əksər elementlərini özündə ehtiva edən əsərdə müəllifin yaradıcılıq konsepsiyası, onun ortaya qoyduğu kontekstdən işlənilməsi ilə bərabər, müxtəlif mənbələrdən topladığı faktlardan yerli-yerində istifadə etməklə oxucusu ilə etibarlı əlaqə qurur, kitabın niyə yazıldığını və bu gün qaldırdığı məsələnin niyə aktual olduğunu inandırıcı şəkildə izah edə bilir.
Bununla da, xalqımız ən yaxın son tarixdə, təqribən 37-38 il əvvəl nəsil-nəsil yaşadığı, maddi və mənəvi dünyasının bağlandığı Qərbi Azərbaycana, bugünkü Ermənistan Respublikasına qayıtmaq üçün mümkün, hətta mümkün olmayan kimi görünənlərin həyata keçirilməsi yolunda hər cür fədakarlığa niyə getdiyini başa düşmək mümkündür.
Oxucu, kitabla ilkin təmasındanca müəllifin yaradıcılıq prosesini izləyərək mənbə tədqiqatlarını və ya müəllifin kitabla əlaqəli şəxsi hekayəsinin təsvirinə bağlanır, bu isə onun təqdim olunan mövzunun mahiyyətinə müxtəlif spektrlərdən daxil olmasına kömək edir və beləcə, Dərələyəz mahalına- Qovuşuq kəndinə yollanan karvana qoşulur.
Bu hadisələrin ümumi tərkib hissəsi olan, XX əsrin ikinci onilliyində tarixi Qərbi Azərbaycan ərazisində elan edilən Ermənistan Respublikasının daşnak hökuməti tərəfindən həyata keçirilən, sonradan Sovet Ermənistanının bolşevik hökumətinin davam etdirdiyi soyqırımı siyasətinin nəticəsi olaraq böyük bir ərazi özünün aborigen əhalisindən- azərbaycanlılardan məhz o “tövsiyələr” nəticəsində təmizlənəcək. Həmin “təmizlənmədə” isə iblisin ağlına gəlməyən bütün vasitələr məqbul sayılırdı.
Vəli Həsənoğlunun “Qovuşuq” kitabı ancaq bu qanlı siyasətin və ondan törəyən hadisələrin qurbanı olan insanların deyil, o insanların tarixən qurduqları yaşayış məntəqələri, yaratdıqları maddi-mədəniyyət abidələrinin taleyindən bəhs olunur. Kitab, təkcə statistik rəqəmlərin ifadə etdiyi mənzərəni təqdim etmir, bu rəqəmlərin işığında Dərələyəz mahalının toponimləri, loğman havası və məlhəm suyu, kətanköynək cəvizi, 1001 dərdin dərmanı balı ilə bərabər, zəngin mənəviyyatı olan insanları ilə tanınan Qovuşuq kəndi haqqındadır. Kitabdakı etnoqrafik etüdlər isə onunla diqqət çəkir ki, onlar sorğular vasitəsilə ələ keçirilə bilməyən real davranış, gizli ehtiyaclar və mədəni kontekstlər haqqında dərin anlayışları təmin edir. Bunlardan əlavə, onlar təbii mühitin içinə asanca düşməyə, insanların dedikləri ilə etdikləri arasındakı fərqi görməyə, yüz illərin yaratdığı üzvi bağlılığın yaratdığı yolla onun ən qədim tarixinə qədər gedib çıxmağa kömək edir. Müəllifin Dərələyəz mahalı, xüsusilə Qovuşuq kəndinin taleyi haqqında yazdığı “İldırım dərəsi” tarixi povestində özünün etnoqrafik və toponomik detalları ilə zəngin təsvirində kənd bu mənzərədə belə təqdim olunur: “Baş Güneyin hər tərəfi cəviz bağları idi. Elə ağaclar vardı iki yüz, üç yüz yaşındaydı. Kənd camaatının əsas işi və gəliri də cəvizlə bağlı idi. Kəndin ortasında babasından qalma dəyirman vardı. Bu, un dəyirmanı deyildi, burada cəviz ləpəsindən xüsusi yağ alırmışlar. Hər yer dağılmış, xarabalıqda təkcə dəyirman daşı qalmışdı. Onu da sındırmışdılar. Evlərdən əsər-əlamət yox idi. Kəndi çoxdan xarabalığa çevirmişdilər. Baş Güneyə su Daşagirəndən gəlirdi”. Su oradan yerin altı ilə Dambulağa qədər çəkilmişdi. Büllur kimi su Vəngin arxasından keçib kəndə axırdı. Qayalardan, yamaclardan elə ustalıqla keçirmişdilər ki, su itkiyə getmirdi. Dambulağın suyu Pulluğun yalının aşağısından Şirinin dərəsinə, oradan isə kəndə axırdı”.
Bu, keçmişlə gələcəyi birləşdirən zəncir halqaların toxunulmaz qaldığı zamanlaracan yaddaşda qalan toponomik mənzərənin təqdim etdiyi mənzərə idi və o vaxtlardan xəbər verirdi ki, siyasi iddialar tponimlərə kobud müdaxilərlə təmin edilmirdi. Bu cəhdlər, hakimiyyət tərəfindən toponimik təyinatı tarixi ərazi idarəçiliyi, xəritələşdirmə və məkanın ideoloji formalaşması üçün coğrafi adların kodlaşdırılması prosesinə əsrlər sonra başlanılacaq. Mülkiyyət, siyasi ideologiya, yaxud birləşməni müəyyən etmək üçün adların dəyişdirilməsi və digər məqsədlər üçün elmi yanaşmalardan istifadə etmək hələ ki heç kimin ağlına gəlmirdi. Onda nadir hallarda ilk dövlət toponimləri şəhərlərin, qalaların tikintisi və ya sərhədlərin müəyyən edilməsi zamanı yaranırdı. Bu praktika isdə çox vaxt müdafiə funksiyalarını və ya hökmdarların adlarını əks etdirirdi.
Vəli Həsənoğlunun “İldıqım dərəsi”ndə təsvir edilən, Dərələyəz mahalındakı toponomistik mənzərəni təbiiliyi ilə əks etdirən məqamlara ötəri baxmaq kifayət edir ki, bu yerlərin əsl sahiblərinin kim olduğunu tərəddüd etmədən göstərə bilək:

“Sərtliyi ilə seçilən “Təroyıxılan”, “Şaftalı cəviz”, “Kətan köynək”, “Qara cəviz”, “Göy cəviz”, “Yeddi qardaş” ağaclarının yaşını dəqiq bilən yox idi. Bu ağaclarda əzəmət vardı”. Torpağın dərinliklərinə kök atan yüz illərin yadigarlarının yaşı bilinmirdi. Eyni yerdə bitən ağacların meyvələri də fərqliydi. “Şaftalı cəviz”in meyvəsi şaftalı kimi böyük və dadlı, “Təroyıxılan”ın cəvizi yağlı, “Kətan köynək” cəvizi nin qabığı isə daha kövrək idi. “Yeddi qardaş”dan düşən cəviz yerə çatınca ləpəsi çıxırdı. Yerli camaat bu cəvizləri saf-çürük etməkdə mahir idilər. Ona görə də, yağlı cəvizlər qurudulur və dəyirmana verilirdi. Cəvizdən alınan yağ təbabətdə istifida edildiyindən İran və Türkiyə tacirləri hər il ticarət məqsədi ilə bura gəlirmişlər”.
Toponimiya elmində müəyyən bir qanunauyğunluq mövcuddur və bu, dağ və təpə adlarının düzənliklərdəki adlardan daha uzun müddət orijinal formada qalması ilə xarakterizə olunur. Təsadüfi deyil ki, xalqın adlandırdığı, elə, həmin xalqın yaddaşında da dövrümüzə qədər ötürülən, müxtəlif sənədli, həmçinin bədii əsərlərin səhifələrinə yazılan tarixin yaşaması üçün bu, zəruri addımlardan sayılır.
Coğrafi adların dil mənsubiyyəti xalqların yayılmasının və miqrasiya yollarının əvvəlki sərhədlərini müəyyən etmək üçün istifadə edilən ən etibarlı dəlil hesab olunur, çünki toponim heç vaxt təsadüfi yaranmır, o, uzun müddətdə cilalanmış dil hadisəsidir. Təəssüf ki, qonşularımızın heç də hamısı, xüsusən, regiona “gec gəlib, tez öyrənən” ermənilər bu “dil hadisələrini” olduğu kimi qəbul etməkdə tərəddüdlər yaşamaqla, çox vaxt birtərəfli inkar yolunu tuturlar. Onların arasında hətta bəziləri “Qiyamət Gəlişi baş verəndə Məsih dünyaya sözünü erməni dilində deyəcək” qədər irəli gedə bilirlər.
Bu, üstünü toz-torpaq basmış, bir az da mürgülü yaddaşımızın hansısa küncündə qalan həqiqətin dil açıb danışmasıdır. Nəinki o faktı vurğulayır, israrla qeyd etməyi lazım bilirik ki, bu tip əsərlərin ən böyük gücü onun bədiiliyində deyil, çılpaq həqiqətlərin yaddaşlarda həkk etdirilməsindədir. Bu baxımdan müəllifin oxucularına təqdim etdiyi növbəti “Qovuşuq” kitabının kulturoloqların diqqətini çəkəcəyinə, dilçilərimizin aparacağı gələcək elmi axtarışlarına stimul verəcəyinə şübhə etmirik.
Kitabın ilk və ən mühüm məziyyəti onunla izah oluna bilər ki, oradakı etüdlər canlı məlumat daşıyıcılarının verdiyi informasiyalar və söylədikləri faktlar əsasında təqdim edilir.
Ümumiyyətlə, etnoqrafik ədəbiyyat hər bir xalqın mədəniyyəti, gündəlik həyatı, adət-ənənələri və sosial quruluşu haqqında fundamental mənbə kimi böyük tarixi əhəmiyyətə malikdir. O, bizə əcdadların həyat tərzini yenidən qurmağa, etnogenezi və etnik tarixi öyrənməyə və keçmişin izlərini sənədləşdirməyə, mədəni müxtəlifliyin unikallığını anlamağa kömək etməklə, mədəni irsi qorumağa imkan verir. Təsadüfi deyil ki, o, insanların real həyatlarını, vərdişlərini və qarşılıqlı əlaqələrini təbii kontekstdə müşahidə etməyə əsaslanan bir tədqiqat metodudur. Kəmiyyət tədqiqatlarından fərqli olaraq, etnoqrafik metodlar keyfiyyət məlumatlarına diqqət yetirir və yalnız “respondentlərin nə etdiyini” deyil, həm də “niyə etdiklərini” ortaya qoyur.
Müəllifin informasiya mənbələri ancaq canlı daşıyıcılarla yekunlaşmır, bunlarla bərabər, o, heç də ancaq azərbaycandilli deyil, hətta XIX əsrin 30-cu illərində Rusiya İmperiyasının Qafqaz Canişinliyinin mənşəcə fransalı əməkdaşı, tarixçi-etnoqraf İvan Şopenin tərəfsizliyi hətta erməni tarixçiləri üçün şübhə doğurmayan, rus dilində nəşr olunan araşdırmalarından istifadə edir. Bunlarla bərabər, onun Dərələyəzin kulturoloji qatlarının tədqiqatında böyük xidmətləri olan dilçi-alim, bu sahədə fundamental tədqiqatlar aparmış Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, həmçinin nüasir ictimai-siyasi tariximizin tanınmış nümayəndəsi Həsən Mirzəyevin əsərlərinə müraciət etməsi onun çıxardığı nəticələrin etibarlılığını artırır. Dərələyəz mahalında XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası, aşıq və el şairlərinin leksikası, fonopoetikası, üslubi sintaksisi, poetikası, üslubi frazeologiyası, üslubi morfologiyası, paleotoponimlərinin linqvistik etimoloji təhlili, həmin bölgədə həyata keçirilən urbisid və etnosid aktlarının əsaslı təhlili ilə məşğul olan ciddi elm adamları bu istiqamətdə kifayət qədər elmi yükü olan əsərlər ərsəyə gətirblər. Onlardan biri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Filplogiya və Pedaqoji elmlər üzrə Ekspert Şurasının sədri, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Müşahidə Şurasının üzvü, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın yazdığı, Azərbaycanda və Türkiyədə nəşr edilən 20-yə yaxın kitab müəllifi olduğunu xatrılatsaq, bu mövzunun, xüsusilə, dövlət müstəqilliyimin elan olunmasından sonra dilçilik məktəbimiz üçün nə qədər aktual olduğu barədə aydın təsəvvür yaratmış olarıq.
O faktı da xüsusi vurğulamağı lazım bilirik ki, Vəli Həsənoğlunun daha çox etnoqrafik saya biləcəyimiz kitabı israrla Güney Qafqazda məskunlaşmaqda qərarlı olan erməni millətindən olan şəxslərə Erməni Apostol Kilsəsinin göstərdiyi dəstəyin fonunda onların Dərələyəzdə cəmləşmələrini təsdiqləyən faktları verməklə bərabər, səbrlə hadisələrin arxasınca gedir. İstər Qərbi Azərbaycanın tarixi ərazilərində qurulan Ermənistan Respublikasının daşnak hakimiyyəti, istərsə də bolşevizmin yaratdığı Sovet Ermənistanı əsasını erməni kilsəsinin qoyduğu siyasəti davam etdirirdi. Məhz bunun praktik nəticəsi olaraq aborigen əhalinin sıxışdırılıb çıxarılması prosesi davam etdirilirdi. Əgər daşnakların iqtidarda olduğu Ermənistanda azərbaycanlıların fiziki məhvi metodu tətbiq olunurdusa, bolşeviklərin hakimiyyətindəki Sovet Ermənistanında deportasiya siyasəti səngimirdi. Bu, kitabın əsas obyekti, Dərələyəz mahalının Qovuşuq kəndindən də yan ötməyib. Müəllif kitabda kəndin yəyat salnaməsinə belə keçid edir: “Orta əsr mənbələrində adı keçən Qovuşuq əsas karvan yolunun üstündə yerləşir. Keşişkənddən şimal-şərqdə Ələyəz çayının sahilində starteji əhəmiyyətə malik olan kənd Qafqazın beşverstlik xəritəsində Qovşuq “Qavuşuq”, “Kavuşuq” formalarında qeyd edilib. Kənddə 1831-ci ildə 96, 1873-cü ildə 158, 1886-cı ildə 190, 1897-ci ildə 232, 1904-cü ildə 172 , 1914-cü ildə 190, 1916-cı ildə 376 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ilə qədər Qovuşuq və ətraf kəndlərdə yalnız azərbaycanlılar məskunlaşıb. Qovuşuğun sonuncu sakini kənddən 1988-ci il noyabrın 30-da zorla çıxarılıb”.
Daha sonra müəllif Türkmənçay müqaviləsinin bağlanmasından dərhal sonra, 1828-ci ilin martında imperatorun fərmanı ilə İrəvan xanlığının inzibati ərazisində yaradılan Erməni Vilayətinin demoqragik vəziyyəti ermənlərin xeyrinə dəyişdirməyin niyə vacib olduğunu qeyd edir: “1831-ci ildən rus etnoqrafı İvan Şopenin apardığı 17 illik tədqiqatların toplandığı “Erməni vilayətinin Rusiya imperiyasının tərkibinə daxil olduğu dövrdə tarixi abidələr” kitabındakı adların 92 faizi türk mənşəli idi”.
Regionda Çar Rusiyasının birbaşa və yaxud dolayısı ilə iştirakı müstəvisində millətlərarası münaqişənin alovlanmasına qədər vəziyyət təxminən eyni vəziyyətdə qaldı. Proqramında terrorun qarşıya qoyulmuş məqsədlərə çatması üçün vasitə saydığı göstərilən Daşnaksutyun partiyasının elan olunmasından az sonra praktiki fəaliyyətə başlaması situasiyanı dəyişdirdi. 1890-cı ildə Tiflisdə təsis edilən, Rusiya və Osmanlı imperiyalarında, Azərbaycan Demokratik Respublikasında, İranda, fəaliyyət göstərən Erməni İnqilab Federasiyası “Daşnaksütyun”, demək olar ki, regionda həyata keçirilən qanlı aksiyaların hazırlanıb həyata keçirilməsində baş rolda görünürdü. Bu rolun qanlı miqyası Vəli Həsənoğlunun kitabında belə görünür: “Onu demək kifayətdir ki, Qərbi Azərbaycanın 18 mahalında erməni təcavüzünün şiddətini yaşamayan, demək olar ki, bir kənd belə qalmadı. Ancaq Dərələyəz mahalının 154 kəndindən 45-i 1905–1907-ci illərdə yerlə-yeksan edildi, əhali soyqırımına məruz qaldı. Dağıdılan kəndlər arasında Qovuşuq da vardı. Qovuşuqda evlər talan edilir, yandırılır, əhali canını qurtarmaq üçün dağlara üz tuturdu. Ümumilikdə, ötən əsrin əvvəllərində Dərələyəz mahalında yetmişdən çox kənd dağıdılaraq yer üzündən silindi. XX əsrin əvvəllərində başlayan bu proses 1988-ci ildə başa çatdı”.
Məhz sonuncu sakininin çıxdığı məqama qədər kəndin həyatını, onun etnoqrafik xüsusiyyətlərini şərtləndirən və bu şərtlər mühitində yararanan, onun kulturoloji qatlarını özündə ehtiva edən Qovuşuqla bağlı vacib məqamlara Vəli Həsənoğlunun bələdçiliyi ilə baş çəkirik. Həmin bələdçilikdə Dərələyəzin əksər kəndlərinə gedən yolların qovşağında yerləşən, insanlarımız oradan ölüm təhdidi ilə çıxarılana qədər beş kəndin inzibati mərkəzi rolunda olan, ətraf kəndlərin də uşaqları üçün orta məktəbi olan, mərkəzi poçtu və digər sosial-iqtisadi təyinatlı obyektləri ilə kənd həyatının verə biləcəyi rahatlıqların mövcud olduğu kəndin keçmişinə ekskurs edirik. Dünyəvi məktəbin əsası qoyulana qədər Nəcəf, Şam, habelə digər dini məktəblərdə təhsil aldıqdan sonra Qovuşuqda, həmçinin mahalın digər kəndlərində ilk mədrəsələrin yaradan insanlar barədə məlumatları da həmin ekskursiya müddətində ala bilirik.
Bu kontekstdə tanışlığımız davam edir. Evlərində hər kəsin onun uğurlu gələcək, hələ məktəbə getməyən bir parça uşaqdan möcüzə gözlənildiyindən agah olur, başını yazı masasından qaldıra bilməyən, bir sözlə, Qara Həsənin evində “xüsusi hazırlıq keçən” bir tifil uşağın birinci sinfə getməyə necə hazırlaşdığını öyrənəcək, iki ildən sonra 70 illik yubileyi keçiriləcək, 14 nəfərlə birlikdə ancaq özlərinin deyil, ümumiyyətlə məktəbin “Son Zəng”in həyəcanını keçirəcəyik.
Müəllifin təqdimatında ondan da agah olacağıq ki, Qovuşuq kəndinin də, demək olar ki, bütün Azərbaycan kəndləri kimi sakinləri şəcərə prinsipləri ilə formalaşan tayfalardan ibarət olub: Cəhrəbaşlılar, Dağdələnlilər, Güneyvənglilər, Hacısamlılar və digər adlarla çağırılan doqquz tayfa arasında məişət söhbətlərində fikir müxtəlifliyi olsa da, onların hamısını birləşdirən ümumi dəyərlər müqəddəsdir- xeyir-şərdə birliyin nümayişi, kənd adamlarının prinsipial məsələlərdə həmrəyliyi birmənalıdır.
Üstəlik, Qovuşuqda ictimai formasiyaların gətirdiyi sosial-siyasi təlatümlərin içində sarsılmayan, bütün sınaqlardan şərəflə çıxan insanların olması da Vətənimizin bir parçası olan kənddə mental xüsusiyyətlərin yaranmasında əhəmiyyəli rol oynadığını görürük. Stalin repressiyasından keçən İbrahim Mirzəli oğlu Hacısamov, Abdulkərim Həsən oğlu Həsənov, Hümbət Əsgər oğlu Əsgərov, Rəşid Hacıələkbər oğlu Namazov və başqaları bu nümunənin göstərdilər.
Tərkibində olduqları dövlətin xəritəsində nöqtə boyda düşməyən Qovuşuq həmin dövlətin ictimai-siyasi həyatının taleyüklü hadisələrində kənarda qalmayıb. II Dünya Müharibsində 29 nəfərlə təmsil edilən qovuşuqluların yarıdan çoxu dostluq məzarlıqlarında uyuyur və yaxud itkin kimi bu gün axtarılanların siyahısındadırlar.
İstər I, istərsə də II Qarabağ müharibələrində isə onlar Azərbaycan torpaqları uğrunda göstərdikləri şücaətləri ilə fərqlənənlər sırasında yer aldılar.
40 ilə yaxındır ki, digər qərbiazərbaycanlılar kimi vətənlərindən ayrı düşən, Ana Azərbaycana sığınan qovuşuqlular dil içində dil, din içində din saxladlqları yurdlarına dönəcəklərini gözləyirlər. Təkədondurandan Dəmirtəpəyə qədər bütün dağların çən-dumanında görünməz olan yaylaları, yalları, dərələri görmək, sehrli duyğulardan aldıqları gücü yaşamaq üçün dönmək istəyirlər.
Yeri gəlmişkən, kitabda müasir Azərbaycan ədəbiyyatında varlıq və insan probleminə yanaşmada dünya, insan və varlığı sadəcə təsvir etməkdən kənara çıxaraq, onların mahiyyətini, kökünü və mənasını tapmağa kömək edən, şeirində hisslərini sadəcə emosional deyil, intellektual qatda, məntiq müstəvisində təqdim edən Mahirə Nağıqızının “Keçəydim”ində o istəyi yaradan amillərdən danışılır:
Şərur, səndən diləyimdir bu dəfə,
Başqa ruhda, başqa yöndə keçəydim.
Arpakörpü, sular dursun səf-səfə,
Əhd eliyib Arpakəndə keçəydim.
Axuradan o tərəfə yol açıq,
Dillənəcək yol sənindir, yola çıx.
Alxanpəyə üstündə bir alaçıq
Qurub, ordan gün enəndə keçəydim.
Şeirin gücü ancaq bədii ifadə vasitələrinin yerli-yerində istifadəsi zamanı lirik “Mən”in ilahi istəyinin təqdimatında deyil, heç onun hər beytinin altında yatan, zahirən görünməyən, lakin hər fikrin ətrafında dolaşan, qəmli xatirələrin əlindən qaça bilməyən, heç qaçmağa da cəhd etməyən “Mən”i titrədən gerçəkliyin apaydın görünməyindədir. “Viran qalmış daş-divardan” həqiqəti öyrənib də “Tutub atın yüyənindən keçəydim”- deyən həmin lirik “Mən”in yüyənindən tutub gələcəyə doğru atdığı
Daşarxacı, suyun niyə lillənib,
Kəlləqaya səngərində göllənib.
Qarışaydım söhbətinə dillənib,
Axta, dadıb çörəyindən, keçəydim.
Qaraşuma toxunaydı ayağım,
Dəmirtəpə bircə hovur yaylağım.
Salsalüstü, bulaq başı oylağım,
“Oxay”-deyib Qoşavəngdən keçəydim.
İnanırıq ki, həmin yerlərdən nəinki keçəcək, ev tikib ocaq quracaq, tarixi min illərə gedib çıxan zaman müddətində milli mentalitetimizin formalaşdığı ərazilərdə binə salmaqla insan olaraq missiyamızı davam etdirəcəyik. Məhz bu istəyimizə qovuşmaq üçün “Qovuşuq” kimi kitablara cəmiyyət olaraq böyük ehtiyacımız var və sahədə xidmətləri olan hər kəsə, o cümlədən Vəli Həsənoğluna təşəkkür borcumuz var.
Firuz NOVRUZOV,
Tədqiqatçı jurnalist










