media-cdd96eed172076144326594922510161375

Rusiya-Ukrayna müharibəsi fonunda qlobal enerji bazarında formalaşan yeni reallıqlar Hindistanı Moskvanın ikinci ən böyük xam neft alıcısına çevirib.

ERAmedia xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin təhlilinə görə, müharibədən əvvəl Hindistan Rusiyadan gündəlik cəmi 84 min barel xam neft idxal etdiyi halda, hazırda bu göstərici təxminən 1,8–2,8 milyon barel arasında dəyişir.

Bu dəyişiklik Avropanın Rusiya enerji resurslarından asılılığını əhəmiyyətli dərəcədə azaltması ilə birbaşa bağlıdır. Moskva əvvəllər əsas enerji ixrac bazarı olan Avropanın yerinə yeni istiqamətlər axtarmağa başlayıb və Şərq, xüsusilə də Hindistan Rusiya üçün mühüm enerji bazarına çevrilib.

2021-ci ildə Rusiya Avropa İttifaqının neft idxalının 25,8 faizini təmin edirdi və blokun ən böyük neft tədarükçüsü idi. Həmin il Rusiya 27 ölkədən ibarət Avropa İttifaqına orta hesabla gündə 4,7 milyon barel xam neft ixrac edirdi. Həmin dövrdə Hindistanın Rusiyadan aldığı neft isə gündəlik təxminən 84 min barel təşkil edirdi ki, bu da ölkənin ümumi xam neft idxalının cəmi iki faizinə bərabər idi.

Müharibədən sonra mənzərə köklü şəkildə dəyişib. Avropa ölkələrinin Rusiya neftindən imtinası Moskvanı enerji ixracını yenidən istiqamətləndirməyə vadar edib. Hindistan isə bu prosesin əsas benefisiarlarından birinə çevrilib.

“Atlas” Araşdırmalar Mərkəzinin qənaətinə görə, Hindistanın Rusiya ilə enerji əməkdaşlığının genişlənməsi yalnız xam neft idxalı ilə məhdudlaşmır. Ukraynanın Rusiya neft emalı zavodlarına həyata keçirdiyi dron hücumları Moskvanın neft məhsullarına olan daxili ehtiyacını artırıb. Nəticədə Rusiya Hindistandan benzin idxal etməyə başlayıb.

Beləliklə, əvvəllər əsasən Rusiyadan Hindistana doğru hərəkət edən birtərəfli xam neft axını müəyyən mənada ikitərəfli enerji ticarətinə çevrilib. Hindistanın böyük emal sənayesinin iyun və iyul aylarında Rusiyaya bir milyon bareldən çox benzin tədarük etdiyi təxmin edilir.

İki ölkə arasında ümumi ticarətin həcmi də sürətlə böyüyüb. Beş il ərzində Rusiya-Hindistan ticarəti təxminən dörd dəfə artaraq 2021-22-ci illərdəki 13 milyard dollardan 2025-26-cı illərdə təxminən 60 milyard dollara yüksəlib. Bununla yanaşı, ticarətdə ciddi disbalans da formalaşıb. Hindistanın Rusiyadan idxalının əsas hissəsini xam neft təşkil edir.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın avqustun 25-də Moskvaya səfəri də bu kontekstdə diqqət çəkir. Səfərdən sonra Yeni Dehlinin Rusiyanın Hindistana enerji təchizatını fasiləsiz davam etdirəcəyinə dair təminat aldığı bildirilir.

Hindistan bununla yanaşı enerji mənbələrini də şaxələndirməyə çalışır. Ölkə ABŞ-dan sıxılmış təbii qaz alışını əhəmiyyətli dərəcədə artırıb. Bu siyasət Yeni Dehliyə bir tərəfdən Moskva ilə enerji tərəfdaşlığını qorumağa, digər tərəfdən isə Vaşinqton və digər enerji tədarükçüləri ilə əlaqələri genişləndirməyə imkan verir.

“Atlas” Araşdırmalar Mərkəzi hesab edir ki, Hindistanın siyasətində əsas məqsədlərdən biri enerji təhlükəsizliyini hər hansı bir tədarükçüdən həddindən artıq asılı vəziyyətə düşməmək üzərində qurmaqdır. Rusiya neftinin böyük həcmdə alınması isə bu strategiyanın digər enerji mənbələri ilə paralel şəkildə həyata keçirildiyini göstərir.

ABŞ-ın İrana qarşı təzyiqləri və Hörmüz boğazı ətrafında qeyri-müəyyənliyin davam etməsi də Hindistanın enerji siyasətinə təsir edən amillərdəndir. Mövcud şəraitdə Vaşinqtonun Hindistanın Rusiyadan neft alışına mane olmaması Yeni Dehliyə enerji tərəfdaşlıqlarını balanslaşdırmaq üçün əlavə imkan yaradır.

Bu proses isə Ukraynada narahatlıq doğurur. Çünki Rusiya neftinin yeni bazarlara, xüsusilə Hindistan kimi böyük istehlakçıya yönəlməsi Moskvanın enerji ixracından əldə etdiyi gəlirlərin qorunmasına və müharibə şəraitində enerji sektorunun fəaliyyətini davam etdirməsinə şərait yaradır.

Beləliklə, Avropanın Rusiya enerji resurslarından uzaqlaşması Moskvanın enerji bazarındakı rolunu aradan qaldırmayıb, əksinə, ixrac coğrafiyasının dəyişməsinə səbəb olub. Hindistan isə bu yeni enerji xəritəsində Rusiyanın ən mühüm tərəfdaşlarından birinə çevrilərək həm böyük həcmdə ucuz xam neft əldə edir, həm də öz emal imkanları vasitəsilə Rusiya ilə getdikcə daha çox qarşılıqlı enerji ticarəti qurur.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər