media-azerbaycan_ermenistan_-2

Qarabağın tam azad edilməsindən sonra Ermənistan və Azərbaycan arasında sülhü bərpa etmək üçün Vaşinqton razılaşmasından sonra vətəndaş cəmiyyəti üzvləri və qurumları arasında ikitərəfli görüşlər başlandı. Ermənistana səfər edən nümayəndələrimiz və oradan Bakıya gələn ermənilər regionda sülhü bərqərar etmək üçün danışıqlar aparırlar.

Regionda sülhün olması mütləqdir və artıq qan tökülməsinə son qoyulmalıdır. Bu, Azərbaycan xalqının mövqeyidir və buna da əməl edir. Lakin qarşı tərəf buna nə zamana qədər əməl edəcək?

Əsas sual budur.

“Sülh Körpüsü” təşəbbüsü adlanan bu missiya Azərbaycan tarixində ilk deyil.

1918-ci ildə Bakıda və Azərbaycanın müxtəlif yerlərində ermənilərin törətdikləri dəhşətli qətliam və soyqırımlardan sonra Bakıda və Gəncədə nüfuzlu ziyalılardan ibarət heyətlər formalaşdırılmışdı.

Həmin dövrdə Azərbaycan və Ermənistan arasında birbaşa sülh yaratmaq məqsədilə fəaliyyət göstərən daimi beynəlxalq təşkilat olmasa da, münaqişələri tənzimləmək üçün müəyyən komissiyalar, müvəqqəti qurumlar və diplomatik təşəbbüslər mövcud idi.

Yaradılan bütün qurumlar və komissiyalar isə əsasən diplomatik korpusa daxil olan dövlətlərin təzyiqi və ya yerli hökumətlərin müvəqqəti atəşkəs cəhdləri idi.

Bakıda Müsəlman Milli Şurası ilə erməni nümayəndələri arasında təmasları təmin edən qruplar var idi. Bu komitələrin əsas məqsədi atəşkəs elan olunması, əsir düşmüş dinc sakinlərin geri qaytarılması və tərəflər arasında qırğınların qarşısının alınması idi.

1918-ci ilin aprel-may aylarında Tiflisdə fəaliyyət göstərən Seymdə Ermənistan və Azərbaycan heyətləri bir araya gəldilər və birgə yaşayışın formulunu tapmaq üçün “Barışıq Komissiyaları” yaratdılar.

Əsasən iki qurum bu işdə aktiv idi: Müsəlman Milli Şurası və Erməni Milli Şurası. Bunların üzvləri ən azı həftədə bir dəfə görüş keçirir, ziyalıları dəvət edir və çıxış yolu ilə bağlı təkliflər irəli sürürdülər.

Hətta Cümhuriyyətin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə və digər azərbaycanlı ziyalılar erməni kilsə xadimləri və siyasi liderləri ilə atəşkəs imzalanması üçün görüşlər aparırdılar.

Bu işdə xüsusi olaraq İran Konsulluğunun vasitəçiliyi diqqəti çəkirdi. Bakıdakı İran konsulluğu tərəfləri bir araya gətirmək üçün neytral platforma rolunu oynayırdı.

1919-cu ilin noyabrında Tiflisdə Azərbaycanın Baş naziri Nəsib bəy Yusifbəyli və Ermənistanın Baş naziri Aleksandr Xatisyan üz-üzə gəldilər. Onlar bir-birinin əlini sıxaraq “müharibəyə son” bəyanatı verdilər.

Vəssalam. Hər kəs regionda sülhün olacağına, müharibənin və qanlı döyüşlərin dayanacağına inanırdı. Azərbaycan tərəfi Ermənistana yardımlar edir, logistika istiqamətində mühüm köməklik göstərirdi.

Sonra nə oldu?

Qarabağa və Naxçıvana ərazi iddiaları Ermənistan tərəfindən yenidən irəli sürüldü. Bakıda ermənilər əsas vəzifələri ələ keçirərək bölgənin demoqrafik strukturunu dəyişmək məqsədilə etnik təmizləmə siyasəti aparmağa başladılar ki, gələcəkdə “burada ermənilər çoxluq təşkil edir” arqumentini irəli sürə bilsinlər.

Qafqaz İslam Ordusu və Nuru Paşa olmasaydı, bəlkə də bu plan həyata keçə bilərdi. Qarabağ ermənilərdən azad edildi, Xankəndində 1920-ci ildə Azərbaycan bayrağı qaldırıldı və Zəngəzur belə azad edilmək üzrə idi.

Bolşevik işğalı qələbəni tam yaşamağa imkan vermədi. Yenidən iki tərəf arasında sülh təşəbbüsləri çərçivəsində danışıqlar başladı, yenidən sülh imzalandı və Azərbaycan tərəfi Ermənistana yardım etməyə davam etdi.

Davamı necə oldu?

Sovetlərin dəstəyi ilə Azərbaycan torpaqlarının bir hissəsi Ermənistana verildi, Qarabağa kütləvi köç baş verdi, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. 1988-ci ildən etibarən ermənilər yenidən müharibəyə başladılar. Deportasiya, qırğınlar, soyqırımı, işğal və müharibə baş verdi.

Nəticədə Azərbaycan yenidən qalib oldu, torpaqlarını azad etdi və indi də “Sülh Körpüsü” kimi təşəbbüslər irəli sürülür.

Tarix təkrar olunur. Kaş bundan sonra əvvəlki illərdə olduğu kimi olmasın. Biz nə qədər sülh istəsək də, qarşı tərəfin davranışı suallar doğurur. Bir daha belə hadisələrin təkrarlanmaması ümidi ilə bu sülh təşəbbüslərində ehtiyatlı olmaq vacibdir.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər