Tehran Vaşinqtonun cavabını rədd etdi: “Bu, yetərli deyil”
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, ABŞ İranın müharibənin dayandırılması və Hörmüz boğazının açılması üçün irəli sürdüyü yeddi şərtə cavab verib, lakin Tehran bu reaksiyanı yetərli hesab etmir.
ERAmedia xəbər verir ki, Rzayi bu barədə “X” sosial şəbəkəsində yazıb.
“ABŞ İranın yeddi şərtindən bəziləri ilə razılaşıb, lakin biz onların cavabını qənaətbəxş hesab etmirik”, – deyə o bildirib.
Rzayi qeyd edib ki, “İran diplomatiyası dəyişib və əvvəlki vəziyyətə qayıdış olmayacaq”.
Bundan əvvəl Rzayi “Press TV” telekanalına müsahibəsində də ABŞ-ın İranın təklifinə cavab verdiyini təsdiqləyib.
“Biz amerikalılara yeddi şərt irəli sürmüşük: əgər onları yerinə yetirməsəniz, nə Hörmüz boğazı sizin üçün açılacaq, nə də danışıqlardan söhbət gedə bilər. Amerikalılar artıq cavab veriblər. Onlar cavablarında şərtlərimizin bir hissəsi ilə razılaşıblar, digər məsələlərlə bağlı isə qeyri-müəyyənlik qalır”, – deyə Rzayi bildirib.
O xatırladıb ki, Tehran Vaşinqtonla üç raund danışıqlar aparıb və hər raundda amerikalılar danışıqlar masasını tərk edərək İrana hücum ediblər.
“Buna görə də biz əvvəlki diplomatik modellərə qayıtmayacağıq. Razılaşmanı özü imzalayan, sonra isə ondan çıxan tərəflə, təbii ki, fərqli diplomatiya üsulu ilə davranmaq lazımdır”, – deyə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
“Əlbəttə, biz heç vaxt diplomatiyadan imtina etməmişik və etməyəcəyik, lakin diplomatiyamızı dəyişmişik”, – deyə Rzayi əlavə edib.
Qeyd edək ki, İran irəli sürdüyü şərtlərin yerinə yetiriləcəyi təqdirdə Hörmüz boğazını yenidən açmağı və Vaşinqtonla danışıqları bərpa etməyi təklif edib. Bu şərtlər arasında ABŞ-ın dəniz blokadasına son qoyması və İran neftinin satışına tətbiq edilən məhdudiyyətləri aradan qaldırması da yer alır.
Vural










