Tehranın yeni hərbi doktrinası: İran niyə Şah Abbas modelinə qayıtdı?
İsrail Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun (INSS) İran və İsrail arasında baş verən müharibə ilə bağlı hazırladığı hesabatda İranın hərbi strategiyası və bu strategiyanın formalaşmasında General Yəhya Rəhim Səfəvinin rolu xüsusi diqqət çəkib.
ERAmedia xəbər verir ki, hərbi ekspert Səxavət Məmməd İranın müasir hərbi doktrinası, “Mozaik Müdafiə” konsepsiyası və bu modelin Səfəvilər dövrünün hərbi təcrübəsi ilə əlaqəsi barədə danışıb.
Ekspertin sözlərinə görə, İranın hazırkı hərbi doktrinasının formalaşmasında Yəhya Rəhim Səfəvinin xüsusi rolu var. O hesab edir ki, Səfəvi İranın hərbi strategiyasını kökündən dəyişərək “Asimmetrik Müdafiə və Çəkindirmə”, yaxud “Mozaik Müdafiə” konsepsiyasını formalaşdıran əsas şəxslərdən biridir.
Səxavət Məmməd bildirib ki, bu konsepsiyanın əsas məqsədi mərkəzi komandanlığın sıradan çıxması halında belə ayrı-ayrı hərbi birləşmələrin müstəqil şəkildə fəaliyyət göstərə bilməsidir:
“Rəhim Səfəvi olası ABŞ və ya İsrail hücumu zamanı Tehranla əlaqənin kəsilməsi ssenarisini də nəzərə alaraq İranın 31 əyalətində SEPAH bölmələrinin müstəqil müharibə aparmasını nəzərdə tutan əyalət komandanlıqları sisteminin qurulmasına töhfə verib. Bu modeldə mərkəzi komandanlıqla əlaqə kəsilsə belə, ayrı-ayrı əyalət korpuslarının müqaviməti davam etdirmək imkanları qorunur”.
Ekspert “Mozaik Müharibə” anlayışının ABŞ-ın Müdafiə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi – DARPA tərəfindən konseptuallaşdırılan modeldən fərqləndiyini də vurğulayıb. Onun sözlərinə görə, DARPA-nın “Mosaic Warfare” konsepsiyası daha çox yüksək texnologiyalı kəşfiyyat-rabitə şəbəkələrinə əsaslanan hücum və əməliyyat modelidir. İranın tətbiq etdiyi model isə resurs çatışmazlığı və hava üstünlüyünün olmaması şəraitində formalaşmış mərkəzsizləşdirilmiş müdafiə sistemidir.
“Burada məqsəd müxtəlif platformaları – dronları, radarları, kəşfiyyat vasitələrini, idarə olunan sistemləri və digər imkanları vahid və bahalı bir sistemə bağlamaq deyil. Onları bir-birini tamamlayan və zərurət yarandıqda əvəz edə bilən ayrı-ayrı elementlər kimi təşkil etməkdir”, – deyə Səxavət Məmməd qeyd edib.
Hərbi ekspert hesab edir ki, bu strategiyanın tarixi köklərini Səfəvilər dövrünün hərbi təcrübəsində də axtarmaq mümkündür. Onun fikrincə, Yəhya Rəhim Səfəvinin məhz Şah Abbas dövrünün hərbi modelinə diqqət yetirməsi təsadüfi deyil.
“Şah İsmayılın hərbi gücü əsasən xarizmatik liderlik, dini-ideoloji birlik və Qızılbaş tayfa süvarilərinin fiziki və mənəvi gücünə söykənirdi. Bunun zəif tərəfi isə sistemin böyük ölçüdə mərkəzi liderə bağlı olması idi. Mərkəzi hakimiyyət sarsıldıqda bu model ciddi böhranla üzləşə bilirdi”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, Şah Abbas isə bu problemi aradan qaldırmaq üçün hərbi və inzibati sistemi yenidən qurdu, yalnız Qızılbaş süvarilərinə arxalanmadı, tüfəngçilər, topçular və qulamlardan istifadə etməklə ordunun müxtəlif komponentlərini bir-birini tamamlayan sistemə çevirdi.
“Şah Abbas Çaldıran və ondan sonrakı daxili xaosun dərslərini düzgün qiymətləndirdi. O, monolit tayfa gücünə arxalanmağın təhlükəli olduğunu anladı. Osmanlı kimi böyük və texnoloji baxımdan üstün rəqiblə qarşılaşdıqda açıq meydan döyüşündən çox manevr, logistikanın zəiflədilməsi, mühasirə və düşmənin resurslarının tükəndirilməsi kimi üsullara üstünlük verdi”, – Səxavət Məmməd deyib.
Ekspert hesab edir ki, İranın müasir hərbi strategiyası da müəyyən mənada bu məntiqi müasir texnologiyalarla birləşdirir.
“Şah Abbasın dövründə düşmənin logistik imkanlarının zəiflədilməsi əsas hədəflərdən biri idisə, müasir İran modelində bu rol dronlara, raketlərə, dəniz katerlərinə və digər asimmetrik vasitələrə verilir. Məqsəd yalnız düşməni birbaşa məğlub etmək deyil, onun hərbi və iqtisadi resurslarını uzunmüddətli müharibəyə cəlb etməklə tükəndirməkdir”, – deyə hərbi ekspert bildirib.
Səxavət Məmmədin fikrincə, İranın bu sistemə keçidində 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi və Səddam Hüseyn ordusunun sürətli süqutu mühüm dərs olub.
“Bağdaddakı mərkəzi komandanlıq sıradan çıxan kimi İraq ordusunun böyük hissəsi iflic vəziyyətinə düşdü. İran hərbi strateqləri üçün bu, ciddi siqnal idi. ABŞ kimi konvensional və texnoloji baxımdan üstün qüvvə ilə tam mərkəzləşdirilmiş, vertikal sistem üzərindən mübarizə aparmaq olduqca risklidir”, – ekspert vurğulayıb.
O qeyd edib ki, sonrakı mərhələdə İran ərazisinin 31 əyalət üzrə hərbi komandanlıqlara bölünməsi və SEPAH-la Bəsic qüvvələrinin bu struktur daxilində təşkilatlanması mərkəzsizləşdirilmiş müqavimət imkanlarını artırıb.
Ekspert müasir müharibələrdə iqtisadi aşınmanın da mühüm faktor olduğunu düşünür.
“Ucuz hücum vasitəsinə qarşı çox baha müdafiə vasitəsinin tətbiqi asimmetrik maliyyə yükü yaradır. Bu baxımdan dronların və nisbətən ucuz raket sistemlərinin istifadəsi qarşı tərəfi daha bahalı hava hücumundan müdafiə vasitələrindən istifadə etməyə məcbur edə bilər. Beləliklə, müharibə yalnız döyüş meydanında deyil, iqtisadi müstəvidə də aparılır”, – Səxavət Məmməd deyib.
Hərbi ekspert Con Antalın “Next War” kitabında vurğulanan “Düşünən qazanır” prinsipinə də diqqət çəkib. O bildirib ki, İkinci Qarabağ müharibəsi gələcəyin müharibələrinin xarakterinin dəyişdiyini göstərən mühüm nümunələrdən biridir.
“Con Antalın kitabının ön sözündə ABŞ senatoru Mayk Raunds İkinci Dağlıq Qarabağ müharibəsinin və inkişaf edən hərbi texnologiyaların gələcəyin müharibələrinə təsirindən bəhs edir. Kitabda razılaşmadığım məqamlar olsa da, əsas fikir doğrudur: gələcəyin müharibəsində yalnız silahın çoxluğu deyil, düşünən beyin, düzgün strategiya və çevik qərarvermə həlledici olacaq”, – deyə ekspert qeyd edib.
Səxavət Məmmədin sözlərinə görə, İranın apardığı müharibəni yalnız teokratik dövlət prizmasından qiymətləndirmək onun hərbi davranışlarını tam izah etməyə imkan vermir.
“İrana dini-ideoloji-militar dövlət kimi yanaşdıqda onun müharibəyə baxışının mahiyyəti daha aydın görünür. Burada ideologiya, hərbi struktur və uzunmüddətli çəkindirmə strategiyası bir-birini tamamlayır”, – ekspert bildirib.
Hərbi ekspert Yəhya Rəhim Səfəvinin İranın Səfəvilərin hüquqi və mənəvi varisi olması barədə fikirlərinin Azərbaycanda yaratdığı müzakirələrə də toxunub.
Onun sözlərinə görə, Rəhim Səfəvinin Türkiyə ilə İranın tarixi, dini və etnik deyil, coğrafi rəqib olması barədə açıqlamaları Cənubi Qafqaza yanaşma baxımından xüsusi diqqət tələb edir.
“Bu məsələnin Azərbaycanda yalnız Şah İsmayıl və sünni-şiə qarşıdurması müstəvisində müzakirə edilməsi düzgün yanaşma deyil. Çünki region uğrunda rəqabət artıq yalnız tarixi və dini diskursla məhdudlaşmır. Gələcəkdə bu rəqabət hərbi, ideoloji, sosial şəbəkələr və informasiya müharibəsi müstəvisində də daha açıq şəkildə özünü göstərə bilər”, – Səxavət Məmməd vurğulayıb.
Ekspert Cənubi Qafqaz üçün əsas təhlükələrdən birinin regiondakı böyük dövlətlərin fərqli hərbi yanaşmaları olduğunu bildirib.
“Rusiyanın metodu daha çox birbaşa hərbi müdaxilə modeli kimi görünür. İranın yanaşması isə fərqlidir. Mərkəzlə əlaqə kəsildikdə belə, müxtəlif ərazi komandanlıqlarının müstəqil fəaliyyət göstərə bilməsi uzunmüddətli və asimmetrik qarşıdurma riskini artırır”, – deyə o qeyd edib.
Səxavət Məmməd “bizim Xüsusi Təyinatlı Qüvvələr onları darmadağın edər” kimi yanaşmaların dövlət səviyyəsində düşüncə üçün təhlükəli olduğunu hesab edir.
“Dövlət yalnız özünün gücünü deyil, qarşı tərəfin imkanlarını, mümkün ssenarilərini və müharibənin uzunmüddətli nəticələrini də hesablamalıdır. Dövlət hər şeyi əvvəlcədən proqnozlaşdıran və müxtəlif variantlara hazır olan mexanizm deməkdir”, – ekspert bildirib.
Onun fikrincə, Azərbaycan İranın “Mozaik Müdafiə” modelini olduğu kimi tətbiq edə bilməz. Bunun üçün ölkənin coğrafiyası, əhali və insan resursları fərqlidir. Lakin mərkəzsizləşdirilmiş, şəbəkəli və asimmetrik təhdidlərə qarşı çevik müdafiə mexanizmlərinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
“Gələcəyin müharibələrində yalnız klassik ordular deyil, asimmetrik şəbəkələri düzgün oxuya bilən və ona qarşı adekvat cavab mexanizmləri yaradan ‘düşünən beyinlər’ qalib gələcək”, – Səxavət Məmməd fikirlərini yekunlaşdırıb.
Fərhad ƏLİ









