Təzyiq siyasəti güclənə bilər: Hərbi ssenari arxa plana keçir - ŞƏRH
İslamabadda keçirilən ABŞ–İran görüşü konkret nəticə verməsə də, tərəflərin növbəti mərhələyə keçidi üçün zəmin yaratdı.
ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, bu görüş razılaşma əldə etməkdən daha çox tərəflərin mövqelərini nümayiş etdirməsinə xidmət edib.
Onun sözlərinə görə, həm ABŞ, həm də İran “sülhün tərəfdarı” olduğunu göstərməyə çalışaraq, anlaşmazlığın məsuliyyətini qarşı tərəfin üzərinə qoydu.
Təhlilçi qeyd edir ki, İran danışıqları hərbi meydandakı uğurlarının davamı kimi təqdim edərək masada üstünlük qazanmaq üçün mövqeyini daha da sərtləşdirib.
Asif Nərimanlı vurğulayır ki, ABŞ üçün bu görüş daha çox gələcək addımlarına siyasi əsas yaratmaq məqsədi daşıyıb. Onun fikrincə, Vaşinqton bu platformadan istifadə edərək həm təzyiq siyasətini gücləndirmək, həm də mümkün hərbi addımlarını legitimləşdirmək niyyətindədir.
Təhlilçi hesab edir ki, nəticəsiz qalan danışıqlar ABŞ-ın daha əvvəl yarımçıq saxladığı hücumları bərpa etməsi ehtimalını gündəmə gətirsə də, genişmiqyaslı hərbi əməliyyatlar hazırda real görünmür. Onun sözlərinə görə, hava hücumları ilə İran rejimini geri çəkilməyə məcbur etmək ideyası artıq effektivliyini itirib.
Asif Nərimanlı qeyd edir ki, Donald Tramp tərəfindən səsləndirilən sərt bəyanatlar da daha çox psixoloji və siyasi təzyiq xarakteri daşıyır. Bu isə onu göstərir ki, ABŞ yaxın perspektivdə genişmiqyaslı hücumlara başlamaqdan daha çox təzyiq alətlərinə üstünlük verəcək.
Ekspertin fikrincə, bundan sonra bir neçə əsas ssenari ön plana çıxa bilər. Birincisi, Vaşinqton zaman-zaman hərbi ritorikanı gücləndirərək və müəyyən hədəflərə lokal zərbələr endirərək İranı danışıqlarda geri addım atmağa məcbur etməyə çalışa bilər.
İkincisi, iqtisadi təzyiqlərin artırılması gözlənilir. Asif Nərimanlı bildirir ki, ABŞ İranın gəlir mənbələrini məhdudlaşdırmaq üçün onunla ticarət əlaqəsi olan ölkələrə qarşı da təzyiq mexanizmlərini işə sala bilər.
Üçüncü mümkün addım kimi isə Hörmüz boğazı üzərində nəzarətin sərtləşdirilməsi və ya blokada ehtimalı göstərilir ki, bu da İran üçün ciddi iqtisadi və strateji nəticələr doğura bilər.
Yekunda təhlilçi belə qənaətə gəlir ki, İslamabad görüşündən sonra tərəflər arasında açıq hərbi qarşıdurmadan daha çox “diplomatik müharibə” mərhələsi başlayır. Bu mərhələdə əsas məqsəd danışıqlar masasında üstünlük qazanmaq və qarşı tərəfi geri çəkilməyə məcbur etmək olacaq. Onun fikrincə, bu prosesdə İranın nə qədər davam gətirə biləcəyi qarşıdurmanın gələcək istiqamətini müəyyən edəcək.
Vüsalə










