Tramp husilərə qarşı hava zərbələrini son anda ləğv etdi
ABŞ prezidenti Donald Tramp Yəməndə husilərin mövqelərinə hava zərbələri endirilməsi planını son anda dayandırıb.
ERAmedia xəbər verir ki, ABŞ hərbçiləri yaxın perspektivdə şiə hərəkatı olan “Ənsar Allah” (husilər) qruplaşmasının mövqelərinə zərbələr endirməyəcək. Bu barədə “The New York Times” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Tramp əvvəlcə husilərə qarşı hücumların keçirilməsinə qarşı çıxıb. Lakin ABŞ prezidentinin sentyabrın 17-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığından sonra əməliyyatın hazırlanması barədə göstəriş verdiyi bildirilib.
Bununla belə, sentyabrın 20-də ABŞ lideri mövqeyini yenidən dəyişib.
“ABŞ-ın husilərə qarşı hava zərbələri həyata keçirilməyəcək, ən azı hələlik”, – deyə mənbələr qəzetə bildiriblər.
Nəşrin yazdığına görə, qərarın dəyişdirilməsinə səbəb yeni cəbhənin açılması ilə bağlı narahatlıqlar olub.
“Trampın ətrafındakı şəxslərin əksəriyyəti buna qarşı çıxıb. Buna səbəb ABŞ ordusunun İranla müharibə fonunda artıq ciddi şəkildə yüklənməsi və tükənməsi ilə bağlı narahatlıqlar olub”, – deyə “The New York Times” qeyd edib.
Mələk Onur









