1937-ci il sənədi yenidən gündəmdə – Fransanın Türkiyəyə qarşı gizli planı üzə çıxdı
ABŞ prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları regiondakı tarixi proseslərə dair müzakirələri yenidən gündəmə gətirib.
Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, bu hadisə ona 1937-ci ilə aid maraqlı bir arxiv sənədini xatırladıb. Onun sözlərinə görə, sözügedən sənəd Türkiyə Daxili İşlər Nazirliyinin Urfadakı xüsusi şöbəsi tərəfindən 24 yanvar 1937-ci ildə Baş Qərargaha göndərilib.
Tarixçi qeyd edib ki, sənəddə bir neçə gün əvvəl Hasiçədən (indiki Suriyanın Əl-Həsəkə şəhəri) kürd qəbilə başçısı Hajo Ağanın yanına erməni və ərəb liderlərinin gəldiyi bildirilir. Məlumata əsasən, Hajo Ağanın sədrliyi ilə keçirilən toplantıda Suriyanın müdafiəsi məqsədilə türklərə qarşı silahlı dəstələrin yaradılması barədə qərar qəbul olunub.
Sənəddə həmçinin qeyd edilir ki, tərəflər Fransanın bu dəstələri silahla təmin edəcəyi barədə razılığa gəliblər. Bu razılaşmadan sonra könüllülərin qeydiyyatına başlanıldığı, Türkiyədən qaçan erməni və kürdlərin isə həmin dəstələrə ciddi maraq göstərdiyi vurğulanır. Maliyyələşmənin təmin olunması məqsədilə erməni, kürd və ərəb icmalarının imkanlı nümayəndələri tərəfindən xüsusi komitənin yaradıldığı da sənəddə əksini tapıb.
Zaur Əliyevin sözlərinə görə, həmin dövrdə Türkiyə ilə Suriyanı idarə edən Fransa arasında Hatay məsələsi ətrafında ciddi gərginlik mövcud idi. O bildirib ki, Ankara Hatayın Türkiyəyə birləşdirilməsi istiqamətində diplomatik və hərbi təzyiqlərini artırarkən, Fransa buna cavab olaraq Suriyanın şimal-şərqində yaşayan və Türkiyəyə müxalif mövqedə olan kürd və erməni qruplarından təzyq vasitəsi kimi istifadə etməyə çalışırdı.
Tarixçi vurğulayıb ki, sənəddə adı keçən Hajo Ağa Suriyada fəaliyyət göstərən “Xoybun” kürd millətçi təşkilatının aparıcı simalarından biri olub. Onun sözlərinə görə, təşkilatın əsas məqsədi Türkiyəyə qarşı siyasi və təşkilati fəaliyyət göstərmək idi. Əliyev qeyd edib ki, “Xoybun” həmin dövrdə erməni Daşnaksütyun partiyası ilə əməkdaşlıq edirdi və bu baxımdan sənəddə əks olunan görüş təsadüfi hadisə deyil, müəyyən siyasi maraqlar çərçivəsində formalaşmış əməkdaşlığın tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Tarixçi hesab edir ki, arxiv sənədi bölgədəki mürəkkəb siyasi münasibətləri, müxtəlif etnik və siyasi qruplar arasında qurulan ittifaqları, eləcə də böyük dövlətlərin regional proseslərə təsir mexanizmlərini öyrənmək baxımından mühüm mənbələrdən biridir.











