media-sehidler-xiyabani-2-iyirmi-yanvar

media-349197898_961763104839973_1008853953711142644_n

Murad LAZIMOV,

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi

Tarixə Qara Yanvar, Qanlı Yanvar, 20 Yanvar faciəsi kimi düşən bu hadisə Azərbaycan tarixinin ən ağır səhifələrindən biridir. Eyni zamanda, bu tarix xalqın öz müstəqilliyi və azadlığı uğrunda qorxuya boyun əymədiyini göstərdi. İnsanlar silahsız halda tankların qarşısına çıxdı və baş verənlər azadlıq istəyinin zorakılıqla boğula bilmədiyini ortaya qoydu.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı qoşunları SSRİ Ali Soveti Rəyasət Heyətinin “Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında” fərmanına əsasən şəhərə daxil oldu. Fövqəladə vəziyyətin elan edilməsindən şəhər sakinləri xəbərsiz idi. Çünki yanvarın 19-u axşam saat 19:30 radələrində televiziya stansiyasının enerji bloku partladılmış, nəticədə AzTV-də yayım kəsilmişdi. Şəhər informasiya mənbəyindən məhrum edilmişdi. Bu səbəbdən bakılıların əksəriyyəti fövqəladə vəziyyətin tətbiq olunduğunu yalnız səhər saat 5:30-da öyrənə bildilər. Onlar bu informasiyanı Azadlıq radiosundan və vertolyotlardan atılan vərəqlər vasitəsilə ala bildilər.

Bu vaxt artıq Sovet Silahlı Qüvvələri Bakıya hərbi müdaxilə etmişdi. Ordu hissələri qısa müddət ərzində şəhərin əsas nöqtələrini nəzarət altına aldı. Küçələrdə hərbi texnika yerləşdirildi, dinc əhalinin üzərinə atəş açıldı.

1980-ci illərin sonlarından etibarən Azərbaycanda ictimai-siyasi gərginlik sürətlə artmağa başlamışdı. Qarabağ məsələsi yenidən gündəmə gəlmiş, erməni millətçi dairələri torpaq iddiaları ilə çıxış etməyə başlamışdı. Moskvanın bu proseslərə biganə münasibəti cəmiyyətdə narazılığı daha da dərinləşdirirdi.

Bu dövrdə Bakıda və ölkənin müxtəlif bölgələrində kütləvi etiraz aksiyaları keçirilirdi. Etirazlar sovet hakimiyyətinə olan inamın sürətlə zəiflədiyini göstərirdi. Mərkəzi hakimiyyət isə yaranmış vəziyyəti dialoq yolu ilə həll etmək əvəzinə, güc tətbiq etməyi seçdi. Hadisələrin gedişi göstərdi ki, bu yanaşma gərginliyi azaltmadı, əksinə, onu daha da dərinləşdirdi.

Yanvarın 20-nə keçən gecə 131 nəfər həlak oldu. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. Həmin gecə 744 nəfər ağır xəsarət aldı, 4 nəfər itkin düşdü, 400-dən çox insan isə həbs edildi. Fövqəladə vəziyyət elan edildikdən sonra da daha 21 nəfər qətlə yetirildi.

Bu qırğınları törədən Sovet qoşunlarının siyasəti ilə 11-ci Qızıl Ordunun həyata keçirdiyi siyasət, mahiyyət etibarilə, 1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna gətirib çıxaran həmin ordunun siyasətindən fərqlənmirdi. Bu yanaşma, eyni zamanda, Azərbaycanın müstəqilliyini heç vaxt istəməyən çar Rusiyasının xəttinin davamı idi. Üzeyir Hacıbəylinin 1920-ci il aprelin 25-də “Azərbaycan” qəzetində “Çı” imzası ilə dərc olunan “Zurna” felyetonunda səsləndirdiyi fikir bunu aydın şəkildə ifadə edirdi:

“Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında təfavüt yoxdur. Təfavüt vardır və özü də bundan ibarətdir ki, Nikolaylar və generallar hökuməti bizə həmişə ‘usvoloç’ deyib atamıza söyərdilər, mujik və raboçi hökuməti isə məşhur rus söyüşü ilə anamıza söyəcəkdir.”

20 Yanvar hadisələri Azərbaycanda müstəqillik hərəkatını daha da sürətləndirdi və Sovet İttifaqına ciddi zərbə vurdu. Əhalinin sovet hakimiyyətinə olan inamı tamamilə sarsıldı. Minlərlə insan gecə qətlə yetirilənlərin kütləvi dəfn mərasimində iştirak etdi. Onlar Bakının yüksək nöqtəsində salınmış Şəhidlər Xiyabanında dəfn olunan ilk şəhidlər oldu. Bu hadisələrdən sonra Kommunist Partiyasının minlərlə üzvü partiya biletlərindən imtina etdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet qoşunlarının törətdiyi qanlı hadisələrə Heydər Əliyev açıq və prinsipial münasibət bildirdi. Yanvarın 21-də o, Azərbaycanın Moskvadakı nümayəndəliyində çıxış edərək, baş verənləri Azərbaycan xalqına qarşı yönəlmiş ağır cinayət kimi qiymətləndirdi. Heydər Əliyev bu faciənin təşkilatçı və icraçılarının məsuliyyətə cəlb olunmasını tələb etdi.

O, eyni zamanda, Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətə görə SSRİ rəhbərliyinin tutduğu mövqeni kəskin tənqid etdi və bu siyasəti ikiüzlü adlandırdı. Bu etiraz mövqeyinin davamı olaraq, Heydər Əliyev 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. Bu addım onun sovet hakimiyyətinin həyata keçirdiyi siyasətlə barışmadığını açıq şəkildə göstərdi.

Yazını Üzeyir Hacıbəylinin “Azərbaycan” qəzetində dərc olunan “Qurtuluş” məqaləsindən bir fikir ilə tamamlamaq yerinə düşər:

“Bu gün qurtuluş və xilasımız yolunda canlarını qurban verən, bizə bu dünyada cənnət göstərməklə özlərini o dünyanın behiştinə vasil edən şəhidlərimizin məzarları üzərində fatihə oxumaq və ruhlarını yad etmək hər bir türk və ümumislam əhlinin müqəddəs vəzifəsidir.”

 


media-adspc

Bənzər xəbərlər