media-kartof

Almaniyada bu il əlverişsiz hava şəraiti səbəbindən kartofun qiyməti kəskin artıb.

ERAmedia xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına görə, ölkədə istehlakçılar sentyabr ayında kartofun bir kiloqramı üçün ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz daha çox pul ödəyiblər.

Kartofun qiymətindəki artım sentyabr ayı üzrə açıqlanan 3,3 faizlik ümumi inflyasiya göstəricisini xeyli üstələyib.

Qiymət artımının əsas səbəbi isə tədarük zəncirinin ilkin mərhələsində, yəni istehsalçı səviyyəsində xərclərin yüksəlməsi olub.

Avqust ayında kartofun istehsalçı qiymətləri illik müqayisədə 61,5 faiz artaraq son üç ilin ən kəskin yüksəlişini qeydə alıb. Kənd təsərrüfatı məhsullarının ümumi qiymətlərində azalma müşahidə olunsa da, bitkiçilik məhsullarının bahalaşması ümumi göstəriciyə təsirini davam etdirib.

Kartof yığımı ilə bağlı ilkin proqnozlara əsasən, bu il Almaniyada məhsul istehsalı ötən illə müqayisədə təxminən dörddəbir azalaraq 10,4 milyon tona düşəcək.

İstehsalın kəskin azalmasına əkin sahələrinin daralması ilə yanaşı, yay aylarında müşahidə olunan həddindən artıq isti hava və quraqlıq da təsir göstərib. Nəticədə hər hektardan əldə olunan məhsuldarlıq əhəmiyyətli dərəcədə aşağı düşüb.

Ölkə üzrə kartofun hər hektardan orta məhsuldarlığı normal dövrlərdə təxminən 46 ton olduğu halda, cari mövsümdə bu göstərici indiyədək 38,9 ton təşkil edib.

Federal Kənd Təsərrüfatı və Qida İdarəsinin (BLE) məlumatlarına görə, Almaniya daxili tələbatını ödəmək üçün kifayət qədər kartof istehsal edir və böyük həcmdə ixrac həyata keçirən ölkə statusunu qoruyub saxlayır.

Bununla belə, ekspertlər cari mövsümdə məhsuldarlığın azalmasının pərakəndə satış qiymətlərinə təzyiq göstərməkdə davam edəcəyini proqnozlaşdırırlar.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər