media-ihracatta-tarihi-rekor-temmuz-ayinda-en-yuksek-18909027_2041_amp

Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tondan 25 milyon tona çatdırılması ölkənin beynəlxalq yükdaşımalar üzrə gəlirlərini əhəmiyyətli dərəcədə artıra bilər.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirdiyi hədəf ölkənin tranzit imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Deputatın sözlərinə görə, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində Azərbaycan üzərindən daşımaların həcminə tələbat artır.

Vüqar Bayramov qeyd edib ki, rəsmi statistik göstəricilər beynəlxalq yükdaşımaların ölkə iqtisadiyyatında əhəmiyyətli paya malik olduğunu göstərir.

Belə ki, 2025-ci ildə dəmir yolları vasitəsilə 16 milyon 813 min ton yük daşınıb. Bunun 14 milyon 269 min tonu beynəlxalq yükdaşımaların payına düşüb. Beynəlxalq daşımaların 6 milyon 695 min tonunu birbaşa tranzit yüklər təşkil edib. Eyni zamanda, dəmir yolları ilə 4 milyon 723 min ton idxal, 2 milyon 850 min ton isə ixrac yükü daşınıb.

Ötən il dəmir yolu nəqliyyatı ilə yükdaşımadan əldə olunan gəlir 383 milyon 996 min manat təşkil edib. Bu məbləğin 333 milyon 911 min manatı beynəlxalq yükdaşımaların payına düşüb.

Deputatın diqqətə çatdırdığı digər statistik göstəricilərə əsasən, 2025-ci ildə hava nəqliyyatı ilə yükdaşımadan 2 milyard 398 milyon manat gəlir əldə olunub. Bunun 2 milyard 397 milyon manatı beynəlxalq yükdaşımaların hesabına formalaşıb. Həmin dövrdə beynəlxalq yükdaşımalar üzrə dəniz nəqliyyatından 57 milyon 382 min manat, boru kəmərləri vasitəsilə daşımadan 266 milyon 560 min manat, avtomobil nəqliyyatından isə 204 milyon 275 min manat gəlir əldə edilib.

Ümumilikdə, 2025-ci ildə beynəlxalq yükdaşımalar üzrə gəlirlər 3,3 milyard manata yaxın olub.

Vüqar Bayramovun fikrincə, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 25 milyon tona çatdırılması beynəlxalq yükdaşımalar üzrə gəlirlərin illik 5 milyard manatı ötməsi üçün imkan yarada bilər. Bu isə ölkəyə valyuta daxilolmalarının artmasına və qeyri-neft sektorunun inkişafına əlavə töhfə verə bilər.

Deputat vurğulayıb ki, tranzit daşımalarının genişləndirilməsi Azərbaycanın nəqliyyat-logistika qovşağı kimi mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə, dövlət gəlirlərinin artırılmasına və ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində rolunun gücləndirilməsinə də xidmət edə bilər.

Vural


media-adspc

Bənzər xəbərlər