“Əl dartmaqla hörmət qazanılmaz” – İran generalına sərt reaksiya
Politoloq Əziz Əlibəyli Möhsün Rezayinin Şahin Mustafayevlə görüş zamanı nümayiş etdirdiyi davranışa münasibət bildirərək bunu diplomatik etika baxımından qəbuledilməz hesab edib.
ERAmedia-nın məlumatına görə, Əziz Əlibəyli bildirib ki, Azərbaycanın yüksək səviyyəli nümayəndəsi İrana gələrək ölkəsinin mövqeyini bir daha açıq şəkildə ifadə edib:
“Adam gəlib sənin evinə. Deyir, qardaş, narahat olma, mənim torpağımdan sənə qarşı bir güllə atılmayıb. Bunu sübut edir, zəmanət verir. Sən də durub onun əlini havada qoyursan. Bu nə tərbiyədir? Bu nə diplomatiyadır?
Bunu Tramp etsə, deyərəm şoudur. Amma sən Tramp deyilsən axı. Lap elə o boyda Tramp Prezident Əliyevə necə yanaşır, necə böyük ehtiram göstərir. Sən isə SEPAH generalısan. Sənin işin şou deyil, dövlət idarə etməkdir. Şoumensən?”
Politoloq Möhsün Rezayinin uzun müddət SEPAH-ın rəhbərliyində çalışdığını xatırladaraq onun Azərbaycanla bağlı mövqeyinin əvvəllər də mübahisələrə səbəb olduğunu qeyd edib.
“Rezayi kimdir? Hamı tanıyır. 16 il SEPAH-ın başında durub. İki oğlunu itirib, biri intihar edib, o biri müəmmalı ölüb. Deyirlər ki, özü öldürdüb. Allah rəhmət eləsin, amma bu travma onun Azərbaycana baxışını da korlayıb. 44 günlük müharibədə Ermənistanın xeyrinə danışan adam idi. İndi də eyni xətti göstərir”, – deyə Əziz Əlibəyli vurğulayıb.
O, İran Prezidenti Məsud Pezeşkianla bağlı mövqeyinin fərqli olduğunu bildirib:
“Biz Pezeşkianı həmişə ayırmışıq. Pezeşkian bizim adamdır. Anası azərbaycanlı, arvadı azərbaycanlı, özü Təbrizdə çıxıb deyir ki, türkcə məktəb olmalıdır. İlham Əliyevlə azərbaycanca danışır. O, Təbrizin səsidir. Onu bu Rezayilərlə bir tutmuruq”.
Əziz Əlibəyli İran-Azərbaycan münasibətlərində Bakının Tehrana qarşı atdığı addımları da xatırladıb:
“Amma Rezayi və onun kimiləri kimdir? Onlar nə edib bizə?
Biz nə etmişik? Sanksiya olanda sərhədi bağlamadıq. İranın yük maşını bizim yollardan keçdi. Hətta Putin belə bu məsələyə görə publik şəkildə Azərbaycan Prezidentinə təşəkkür etdi. Torpağımızı İsrailə, Amerikaya baza olaraq vermədik. Hər dəfə dedik, qardaş, bizim torpaqdan sizə hücum olmayacaq. Sonuncu dəfə Şahin Mustafayev bunu Tehranda yenə dedi.
Xoyda isə zəlzələ olanda yenə birinci biz qaçdıq”.
Politoloq İranın Azərbaycanla münasibətlərində bir sıra ziddiyyətli addımlar atdığını da iddia edib.
“Onlar nə etdi? 90-cı illərdə Ermənistana yanacaq verdilər. 2020-də Xankəndinə gedən yanacaq TIR-ları İran nömrəsi ilə tutuldu. Hamısı videoda var. Sərhəddə bizə qarşı tankla təlim keçdilər. Səfirliyimizə hücum oldu, Orxan Əsgərov şəhid oldu, hələ də cavab yoxdur. İçərimizdə casus şəbəkəsi qurdular, Hüseyniyyun adı ilə cavanları Quma apardılar. Təbrizdə belə körpə uşağa türkcə məktəb yoxdur”.
Əziz Əlibəyli hesab edir ki, diplomatik münasibətlərdə nümayiş etdirilən fiziki jestlərdən daha vacib olan dövlətlərarası münasibətlərin mahiyyətidir:
“İndi bu adam Şahin Mustafayevin əlini dartır. Nə göstərmək istəyir? Güc? Güc əl dartmaq deyil, dövlət saxlamaqdır.
Mənim sözüm budur ki, İran bizim qonşumuzdur, 40 milyon soydaşımız orada yaşayır, Pezeşkian kimi oğullarımız var. Amma Rezayi kimi adamlar İranın özünə də ziyandır, bizə də.
Əli dartmaqla hörmət qazanılmaz.
Əl tutmaq Əlidən qalıb, sizin əliniz kimdən qalıb? Yenə də Allah bilir”.
Vüsalə










